525.Az

Bakıda keçirilən beynəlxalq tədbirdə mübahisə


 

Bakıda keçirilən beynəlxalq tədbirdə mübahisə<b style="color:red"></b>

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Bakıda keçirilən iclasında Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovannisyan çıxış edərək ölkəsinin Dağlıq Qarabağı işğal etməsinə haqq qazandırmağa çalışıb.

 
 APA-nın məlumatına görə, o, “işğal” sözündən istifadə olunmasını ümumiyyətlə, düzgün saymayıb. Erməni partiya sədri bu kimi digər fikirlər də səsləndirib.
 
R. Ovannisyandan sonra çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə onun fikirlərini “həyasızcasına deyilmiş yalan” adlandırıb. A. Əlizadə Azərbaycanın Xocalı şəhərində günahsız mülki şəxslərin, o cümlədən uşaqlar və qocaların qəddarcasına qətlə yetirildiyini xatırladıb.
 
Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadədə ermənilər tərəfindən Xocalı şəhərinin tamamilə dağıdıldığını, uşaqlar, qadınlar, yaşlı insanların vəhşiliklə öldürüldüyü, yandırıldığı faktına yenidən toxunub: “Lakin buna baxmayaraq biz qisas almaq istəmirik, bir ədalət istəyirik. Əgər bu hərbi cinayətkarlar beynəlxalq tribunlara cəlb edilməsələr, onlar bu cinayətlərini təkrar edəcəklər”.
 
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı isə R. Ovannisyanın dedikləri ilə əlaqədar çıxışını dəyişdirmək məcburiyyətində qaldığını vurğulayıb: “Məndən əvvəl çıxış edən müxalif Azərbaycan Sosial Demokrat Partiyası və  Demokratik İslahatlar Partiyasının sədrləri də işğal faktından danışdılar, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pislədilər. Bu, onu göstərir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin müxalifət və iqtidar partiyalarında vahid fikir mövcuddur. Yəni, ölkəmizin torpaqları işğaldan azad olunmalıdır”.
 
YAP təmsilçisi tarixən Azərbaycan ərazilərini müəyyənləşdirən sərhədlərin kifayət qədər geniş olduğunu deyib: “Azərbaycan tarixi torpaqların iddiasına başlasa, dünyada xaos yaranar”.
 
M. Qurbanlı Azərbaycan və Ermənistanın BMT-nin üzvü olduğunu, bu səbəbdən də hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinə riayət etməyə borclu olduğunu vurğulayıb. O, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi olduğunu xatırladıb.
 
Tədbirin moderatoru elan edib ki, R. Ovannisyan yenidən çıxış etmək istəyir və ona 2 dəqiqəlik vaxt veriləcək.
 
Tədbir davam edir.

 





23.11.2012    çap et  çap et