525.Az

"Prezident İlham Əliyev Azərbaycanı sabit iqtisadiyyatı olan ölkəyə çevirib"


 

BU GÜN AZƏRBAYCANIN DÖVLƏT BAŞÇISININ 53 YAŞI TAMAM OLUR

"Prezident İlham Əliyev Azərbaycanı sabit iqtisadiyyatı olan ölkəyə çevirib"<b style="color:red"></b>

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 53 yaşı tamam olur. Ad günü münasibəti dövlət başçısının ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək. Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm".

Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təbrikində isə deyilir: "Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən ali dövləti fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzu edirəm. Qoy, bu əlamətdar günün xoş əhval-ruhiyyəsi Sizə yeni qüvvə və enerji bəxş etsin. Sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoşbəxtlik arzulayıram".

BP şirkətinin icraçı direktoru Robert Dadli də Azərbaycanın dövlət başçısını təbrik edib. Məktubda qeyd olunur: "Doğum gününüz münasibətilə Sizə BP şirkətinin adından ən xoş arzularımı bildirmək istərdim. Eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Zati-alinizə yeni-yeni uğurlar, ölkənizə və xalqınıza rifah, tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkənizdə həyata keçirdiyimiz layihələrə, əməliyyatlara dəstək verdiyiniz üçün Sizə və hökumətinizə təşəkkür etmək istərdim. Yola saldığımız ildə Sizinlə birlikdə Bakıda "Əsrin Müqaviləsi"nin 20 illiyi və "Cənub" qaz dəhlizinin təməlinin qoyulması kimi bir sıra mühüm tədbirlər həyata keçirdik. Bu tədbirlər dünya liderlərinə Azərbaycanın heyrətamiz inkişafını görmək imkanı verdi. Azərbaycanın neft-qaz sənayesinə töhfələrinə görə BP-nin bir sıra əməkdaşlarını ali dövlət mükafatlarına layiq gördüyünüz üçün də Sizə təşəkkür edirik. Dünyanın enerji bazarında təlatümlərin baş verdiyi bir vaxtda Sizi əmin edirəm ki, BP Azərbaycanda investisiya qoyuluşuna tam sadiq qalır, xalqınızın və regionun uzunmüddətli, hərtərəfli inkişafına bundan sonra da töhfələr verəcək".

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təbrikində isə qeyd olunur: "Hörmətli cənab Prezident, icazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim. Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək.

Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

"Bank VTB" ASC-nin prezidenti, idarə heyətinin sədri Andrey Kostin də İ.Əliyevi təbrik edib:  Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə "Bank VTB" Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti, kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz Sizə həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.

Sizin əzmkar əməyiniz sayəsində siyasi və iqtisadi inkişaf sahələrində böyük uğurlar qazanmış qardaş Azərbaycan səmərəli islahatlar və keyfiyyətli dəyişikliklər yolunda inamla irəliləyir.

 

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın daimi dəstəyini arzu edim".

ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani də Azərbaycan prezidentini təbrik edib. O, "Trend"ə açıqlamasında İ.Əliyevin fəaliyyəti haqda danışarkən deyib ki, ərazi bütövlüyü və müstəqillik prinsiplərinin riayət edilməsinə əsaslanmış xarici siyasət Azərbaycan Prezidenti İlham Əliyevin vacib uğurudur. Onun sözlərinə görə, Prezident İlham Əliyev sayəsində dünyada Azərbaycanla daha çox hesablaşmağa başlayıblar: "İlham Əliyevin siyasəti nəticəsində bütün dünyada Azərbaycanın əhəmiyyətinin və ölkəyə qarşı etimadın artması çox önəmlidir".

Baş direktor vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan xarici sərmayədarları cəlb edən sabit iqtisadiyyatı olan ölkəyə çevrilib: "Mənim "ərəb fırtınası" adlandırdığım "ərəb baharı"ndan sonra ərəb dünyasına nəzər salın. Xaos ərəb dünyasında qeyri-sabitliyə və qan tökülməsinə səbəb oldu ki, bu da öz növbəsində, xarici sərmayədarları uzaqlaşdırdı. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında narahat regionda sabitlik adasına çevrilib".

R.Sübhaninin sözlərinə görə, ABŞ, Fransa, Almaniya və Çindən olan şirkətlər Azərbaycanın sabit iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədirlər.

Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanda xarici şirkətlər tərəfindən reallaşdırılan layihələr ölkəyə etimad göstərildiyini təsdiq edir: "Siemens" və ya "Suez" kimi şirkətlərin investisiyaları onların Azərbaycan iqtisadiyyatına etimad göstərdiklərinin sübutudur". Şirkət rəhbəri əlavə edib ki, Azərbaycan müstəqil, heç kəsə istiqamətlənməmiş investisiya siyasəti yürüdür ki, bu da ölkə xalqının rifahının artırılmasına hədəflənib.

Agentliyin həmsöhbəti bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın güclü Silahlı Qüvvələri var: "Ölkənin Silahlı Qüvvələri Ermənistanın Silahlı Qüvvələrini xeyli üstələyir. Bu Silahlı Qüvvələr nəinki Azərbaycanı müdafiə edə, eləcə də Ermənistan üzərində qələbə qazana bilər".

R.Sübhani deyib: "Bununla belə, Azərbaycan Prezidenti anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ən yaxşı həll yoludur. Nizamlanmanın bu cür həlli Azərbaycanın zərər görə biləcəyi regional münaqişəyə gətirib çıxarmayacaq".

Onun fikrincə, son bir neçə il ərzində Prezident İlham Əliyevin əsas uğurlarından biri Azərbaycanın iqtisadi inkişafıdır: "Azərbaycanın bütün regionları stabil inkişaf edir, bölgələrdə əhalinin məşğulluğu təmin edilib və bu, Azərbaycanın iqtisadi inkişafının təminatıdır".

Şirkət rəhbərinin sözlərinə görə, insan kapitalının inkişafı və istehsalatda yerli işçi qüvvəsi payının artırılması Azərbaycan Prezidentinin daha bir xidmətidir: "Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Avropadan fərqli olaraq, Azərbaycanda daha çox yerli işçi qüvvəsinə güvənirlər ki, bu da ölkədə orta sinfin formalaşdırılması baxımından vacibdir. Ölkədə orta sinfin formalaşdırılması Prezident İlham Əliyevin vacib xidmətidir".

R.Sübhani deyib ki, enerji resursları ilə zəngin ölkələrdə əhalinin zəngin və kasıb təbəqələri arasında böyük uçurum var: "1994-cü ildən bu uçurum Azərbaycanda xeyli azalıb. İlham Əliyevin siyasəti Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına və ölkənin iqtisadi artımına yönəlib".

P.S. "525-ci qəzet"in kollektivi ad günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edir, mediamıza verdiyi böyük dəstəyə görə ona təşəkkürünü bildirir.

Tanrı Sizi qorusun!

 





24.12.2014    çap et  çap et