525.Az

Həssas insan və peşəkar jurnalist ömrünün 50 ili


 

Həssas insan və peşəkar jurnalist ömrünün 50 ili<b style="color:red"></b>

Yaradıcı adamlar və qurumların fəaliyyətinin cəmiyyətə çatdırılması, ictimaiyyətin diqqətinin onlara yönləndirilməsi vacib və məsuliyyətli işdir. Bu işin öhdəsindən vicdanla gələn jurnalistlər, televiziya aparıcıları, piar mütəxəssisləri sırasında əsl ziyalı və qələm adamı kimi Ağahüseyn Şükürovun öz yeri var. O, respublikada çox az sayda olan yaradıcı insanlardandır ki, uzun müddət bu sahədə fədakarlıqla fəaliyyət göstərib. Tərcümeyi-halına nəzər salsaq, bunu aydın görərik.  

Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov 1964-cü il dekabrın 21-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1972-1982-ci illərdə Yeddioymaq kənd orta məktəbini əla qiymətlərlə oxuyib. Üçüncü sinifdə oxuyandan "Azərbaycan pioneri" qəzetində, "Pioner" jurnalında, sonradan Masallıda çıxan "Çağırış" qəzetində və digər mətbuat orqanlarında məqalələri dərc edilib. 5-ci sinifdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində "Fəal müxbirlərimiz" rubrikası altında haqqında informasiya ilə birgə şəkli çap olunub. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında (keçmiş Pribaltika Hərbi Dairəsi) həqiqi hərbi xidmət zamanı Riqada çıxan "Za Rodinu" qəzetində vaxtaşırı olaraq çıxış edib, burada "Gənc hərbi müxbir" qiyabi məktəbində oxuyaraq vəsiqə alıb.

1985-ci-1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil alıb. 1988-ci ildən əmək fəaliyyətinə başlayan A.Şükürov həmin ilin oktyabr ayından 1992-ci ilin oktyabrınadək Masallı rayonunda çıxan "Çağırış" qəzetində əvvəlcə ədəbi işçi, sonra məsul katib işləyib. Sonra bir müddət bir sıra respublika qəzetlərində korrektor, ədəbi işçi, müxbir kimi fəaliyyət göstərib. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan  Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının orqanı olan "Elm" qəzetinə müxbir qəbul edilib, 2007-ci ilədək burada məsul katib, baş redaktorun müavini vəzifələrində, həmçinin AMEA Mətbuat xidməti rəhbərinin müavini, AMEA Mərkəzi Aparatında Elmi informasiya şöbəsinin rəis müavini, AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində "Elm" internet agentliyinin müxbiri, məsul katibi vəzifələrində çalışıb.

Milli Məclisin təsisçiliyi ilə nəşr olunan "Azərbaycan" qəzetində korrektor (2001-2007), 2007-ci ildən 2010-cu ilədək yenə burada məsul katibin müavini işləyib. 2010-2013-cü illərdə yenidən "Elm" qəzetində müxbir, 2013-cü ilin oktyabrından 2014-cü ilin mart ayınadək AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri olub. 2004-2012-ci illərdə AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Akademik Budaq Budaqovun "Coğrafiya elminin uğurları" çoxcildliyinin redaktorudur. Bir sıra elmi, elmi-kütləvi və bədii kitabların redaktoru, tərtibçisi, bədii redaktoru, korrektoru olub.

Ağahüseyn Şükürov 2003-cü ildən indiyədək paralel olaraq Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan", eləcə də 2014-cü ildən "AMEA-nın Xəbərlər Məcmuəsi" jurnallarının əməkdaşıdır. O, 2000-ci ildən indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında, müqavilə üzrə, imtahan rəhbəri kimi də çalışır. 2014-cü ilin mart ayından AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin köməkçisi vəzifəsində işləyir.

Bugünlərdə Ağahüseyn Şükürov filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib. Azərbaycanda, eləcə də xaricdə çap olunmuş çoxsaylı elmi və elmi-publisistik məqalənin müəllifidir. Ədəbiyyatşünaslıq üzrə bir monoqrafiyası çapa hazırlanır. Azərbaycan milli mətbuatında elmi jurnalistikanın tanınmış nümayəndələrindən biridir. 1999-cu ildən elmi jurnalistika sahəsində fəaliyyət göstərir. İndiyədək elmi informasiya,  müsahibə, reportaj,  icmal kimi jurnalistika janrlarında 200-dən çox məqaləsi "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "525-ci qəzet", "Kaspi", "İki sahil", "Palitra", "Elm" və başqa qəzetlərdə, eləcə də bir sıra jurnallarda dərc edilib, Azər TAc, APA informasiya agentliklərinin, elm.az portalının və digər müxtəlif xəbər saytlarının elektron səhifələrində işıq üzü görüb, televiziya və radio verilişlərində səsləndirilib.

2004-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanını alıb. Yeni Azərbaycan Partiyasının  və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ağahüseyn müəllim həm də gözəl ailə başçısı, fədakar, qayğıkeş atadır.

Onun həyat və fəaliyyətinə Zaman və Məkan baxımından diqqətlə nəzər yetirəndə məlum olur ki, yuxarıda sadalananlara heç də asan başa gəlməyib: A.Şükürov həyatının bütün dövrlərində çətinliklə üzləşsə də, onun şəxsiyyəti  kölgədə, arxa planda qalmayıb, siması dəyişilməyib. Ömrünün 50-ci pilləsində də əsl ziyalı, vətəndaş və qələm adamı kimi mövqeyini qoruyur, fəaliyyətini davam etdirir.

İman gətirən bir insan Allahı böyük coşğu, həyəcanla sevər. Allaha olan sevgisindən ötrü Allahın yaratdıqlarına qarşı da böyük sevgi və məhəbbət duyar. Allahı çox sevdiyi üçün Allahı sevən imanlı insanlara qarşı böyük sevgi duyar. Bu fikirləri Ağahüseynə də şamil etmək olar.

Həyatda elə insanlar var ki, ömrünün çox az hissəsini özünə həsr edir. Qalan hissəsini isə başqalarının işinə yarımaqla, onlara kömək etməklə, dərd-sərinə şərik çıxmaqla, acılarını bölüşməklə,sevinclərini paylaşmaqla keçirir. Uzun illərdən bəri xarakterinə və şəxsiyyətinə yaxından bələd olduğum jurnalist, yaradıcı insan Ağahüseyn Şükürov da həyatının mənasını başqalarına kömək etməkdə görən insanlardan biridir. Mən onu 30 ildən çoxdur ki, tanıyıram. O, insana xas olan ən gözəl keyfiyyətləri özündə cəmləşdirən, yoldaşa, dosta etbarlı, sədaqətli, sözübütöv bir şəxsdir. Vaxtilə onunla "Azərbaycan" qəzeti redaksiyasında bir yerdə işləmişik. Kimsə çətinliyə düşərdisə Ağahüseyn dərhal ona kömək etməyə tələsərdi. Bu xüsusiyyətlərinə görə redaksiyadakıların hörmət və rəğbətini qazanırdı. İstər işçilər olsun, istər oxucular, istərsə də redaksiyaya müraciət edən adi insanlar  - Ağahüseyndən  həmişə razılıq edirdilər. Çünki o, adamları başa düşür, onları həmişə səmimi və gülərüzlə qarşılayırdı. Heç bir zaman kiminsə könlünü qıran görmədim Ağahüseyni. Onun şəxsiyyəti haqqında çox danışmaq olar. Qarşıdan Ağahüseynin 50 illik yubileyi gəlir. Doğrudan da yaşa dolduqca insanın gücünü anlamağa başlayırsan; bu, xüsusilə yaradıcı, qurucu, düşündürücü və xeyirxah işlərlə bağlı olanda daha əzəmətli güc olur. Adam belə insanların keçdiyi ləyaqətli ömür yoluna  heyrət etməyə bilmir. Hər şey ötüb gedir - uşaqlıq, gənclik, ...., vəzifə, hakimiyyət, ehtiras, sevgi... hər şey.., lakin insanın yaratdığı və qurduğu işlərlə bağlı  iki şey -yaxşı ad  və imza əbədi qalır. Ağahüseyn Şükürov bu əlli ildə hər ikisinə nail olub.  Biz də bütün qohumları, ailəsi, həmkarları və yaxın dostları adından Ağahüseyni 50 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və əlbəttə ki, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Daşdəmir TAĞIYEV

 





24.12.2014    çap et  çap et