Son zamanlar gündəmi zəbt edən mövzulardan biri də gənc, yeniyetmə qızların erkən yaşlarında ana olması və evdən qaçmalarıdır. Ardıcıl şəkildə mart ayında baş verən iki hadisə - 13 yaşlı qızın ana olması və üç rəfiqənin evdən qaçması böyük səs-küyə səbəb oldu. Aparılan araşdırmaların nəticələri deyir ki, hadisələrin kökündə valideyn zorakılığı yatır. Lakin yaxın günlərdə 15 yaşlı qızın erkən yaşda ailə həyatı qurması və ana olması tamamilə öz seçimidir. Yeniyetmə yaşını gizlədərək qarşı tərəfə guya 18 yaşının olduğunu bildirib və evlənməyinə qarşı çıxan ailəsini dinləməyib. Bəs bu kimi hallarda valideyn faktoru nə dərəcə rol oynayır?
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən sosioloq Lalə Mehralı bildirib ki, valideyn faktoru əksər hallarda əsas səbəb olur: "Erkən nikaha cəlbedilmə faktlarını araşdıranda həmin faktların qaynağlandığı səbəblərə nəzər salanda məlum olur ki, valideynlər elə körpə yaşından qızlarını bu istiqamətdə tərbiyə ediblər. Cehizalma prosesinə erkən yaşlarda başlamaq, təhsilin əhəmiyyətindən söz açmamaq buna sübutdur. Xüsusilə, qohum nikahlarında erkən yaşa cəlbeləmə halları ilə daha çox rastlaşırıq. Ailədaxili nikahlarda, qohum münasibətlərində uşaqları elə az yaşlarından bu yönə istiqamatləndirirlər. Belə fikirlərlə valideynlər övladlarını təhsildən uzaqlaşdırmağa çalışırlar. Onların düşüncəsinə görə, bu addımla onlara yaxşılıq edirlər. Amma erkən nikaha cəlb etməklə övladlarına ikiqat zərbə vururlar. Buna görə əsas faktor valideynlərdən qaynaqlanır".
Sosioloq bu kimi hallar baş verdikdə məsələnin mahiyyətinə varmadan çox vaxt valideyni uşağın düşməni kimi qələmə vermək tendensiyasının müşahidə olunduğuna da diqqət çəkib: "Bəzən azyaşlı qızlar öz istəkləri ilə erkən nikaha meyil göstərirlər və evdən qaçırlar. Düzdür, bəzən bu hal ailənin uşağa təzyiqi nəticəsində baş verir, amma belə problemlərin normal tərkibdə ailədə də müşahidə olunduğunu görürük. Yəni uşaq özü bu qərara gəlir, az yaşının verdiyi cəsarətə, cahilliyə görə belə bir addım atır. Biz evdən qaçan uşaq olan kimi bütün günahı valideynin üstünə atırıq, "uşağın psixologiyasını pozublar, uşağa qadağalar tətbiq ediblər, sosial şəbəbkələrdə üzvlüyə icazə verməyiblər, uşağın smartfonunu əlindən alıblar, zorakılıq tətbiq ediblər" kimi iddialarla bütün günahı valideynlərdə görürük. Əslində isə heç bir valideyn istəməz ki, uşağı evdən qaçsın və başına bir iş gəlsin, zorakılığa məruz qalsın, tanımadığı bir insanın evində qalsın, istismar edilsin. Evdən qaçan bütün uşaqların bu cür təhlükəylə qarşılaşmaları qaçılmaz haldır. Amma heç kim özünü valideynin yerinə qoymur. Valideyn bir çox hallarda övladının yaxşı gələcəyinin olmasını istəyir. Evdən qaçmaq istəyi olan uşaqların ailələrini araşdıranda görürsən ki, əslində ana-ata günahsızdır. Düzdür, bəzi hallarda uşaqlar erkən nikaha, qohum evliliyinə görə bunu edirlər. Belə hallarda mən tərəfdarıyam ki, onlar evdən qaçaraq hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Amma bəzi hallarda valideyn övladına telefonu qadağa edirsə, demək ki, nəsə bir bildiyi var. Əgər zorakılıq tətbiq etməyibsə, döyməyibsə, parlaq gələcəyi üçün uşağa bəzi məhdudiyyətlər qoyursa, dərsə yönləndirirsə və uşaq da bunu bəhanə edib qaçırsa, bu hal cəmiyyətdə əldə bayraq edilməməlidir ki, onun azadlığı məhdudlaşdırılıb. İndi valideyni uşağın düşməni kimi qələmə verirlər. Bunu edənlər isə bəzi Qərb institutları, gender bərabərliyi və feminizm carçılarıdır. Onlar xüsusilə də qız uşağlarını ailələrinə qarşı üsyankar şəkildə böyütməyə çalışırlar ki, evdən qaçmağa meyilli olsunlar. Onları maraqlandırmır ki, bu qız evdən qaçsa, başına hansı hadisə gələ bilər. Onlar dağıtdıqları ailələrə, evdən qaçan qızlara görə ödəniş alırlar. Bu, sirr deyil. Bununla bağlı dəfələrlə feministlərin öz aralarında danışıqları yayımlanıb, ifşa olunublar. Uşağın daha parlaq gələcəyi olmasını valideyndən çox heç kim istəyə bilməz".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova erkən nikah hallarının çox olmasını stereotipləri qıra bilməməyimizdə görür: "Bilirik ki, Azərbaycan realllığında valideyn razı olmadan yeniyetmələrin erkən nikaha daxil olması çox nadir hallarda baş verə bilər. Bu da daha çox rayonlarda müşahidə olunur. Valideyn belə məsələlərdə birmənalı olaraq əsas iştirakçıdır. Bu yaxınlarda 13 yaşlı qızın ana olması ilə bağlı açılan cinayət işində oğlanı azad etmək üçün valideynləri müraciət etmişdilər. Hətta həmin qızı da buna vadar ediblər. O da ərizəylə müraciət etmişdi ki, övladımız dünyaya gəlib, buna görə bizi cinayət məsuliyyətindən azad edin. Biz bəzi hallarda həm milli adətləri qorumağa, həm də beynəlxalq standartlara cavab verməyə çalışırıq. Əgər qanun hər kəs üçün alidirsə, içində uşaqla bağlı cinayət məsuliyyəti varsa, bəzi hallarda bu stereotiplər, düşüncələr bizə mane olur. Mənə görə həmin hadisə yaxşı nümunə deyildi. O baxımdan ki, sabah digər ailələr də övladları ilə qarşı tərəfin birgə yaşamasına şərait yaradıb deyəcəklər ki, artıq uşaq oldu və iş işdən keçib. Biz qanunu rəhbər tuturuqsa, onu olduğu kimi icra etməliyik. Bu hadisə milli dəyərlərimizə də ziddir. Qanun qarşısında hamı bərabər olmalıdır. Həmin hadisələrə tolerant münasibət göstərmək başqalarına pis nümunə ola bilər".
Mehriban Zeynalovanın fikrincə, ifrat zorakılıq yeniyetmələrin evdən qaçmalarının əsas səbəbidir: "Biz müasir dünyaya adaptasiya olmağı öyrənməliyik, əgər uşaqlarımızın yanımızda qalmalarını, onların inkişafına dəstək olmağı, mənfi təsirlərə düşməmələrini istəyiriksə, bəzi məsələlərdə ifrat zorakılıq tətbiq etməməliyik. Bu hallar uşağın evdən qaçmasına gətirib çıxarır. Onların psixologiyası buna dözmür. Ona elə gəlir ki, qaçmaqla xilas olacaq və beləcə, özünü təhlükəyə atır. Əgər valideyn övladını təhlükələrdən qorumağa çalışırsa, onları izah etməyə çalışmalıdır, ona qadağalar qoymamalıdır. Uşağa özünü qoruma metodlarını öyrətməliyik, zorakılıq əks-təsir göstərir".
Klinik psixoloq Rövşən Nəcəfov bildirib ki, evdən qaçmaq bəzən emosional təzyiqlərdən qaçış üçün yeganə çıxış yolu kimi qəbul olunur: "Erkən yaşda ana olan və ya ailədən uzaqlaşmaq məqsədilə evdən qaçan qızların əksəriyyəti dərin emosional ehtiyacların və daxili boşluqların təsiri ilə səhv qərarlar verir. Bu qərarların kökündə çox zaman ailə mühitində formalaşan aşağı özünədəyər hissi, görünməz qalmaq qorxusu və emosional güvən çatışmazlığı dayanır. Uşaqlıq dövründə tez-tez tənqidə, mənfi müqayisələrə, məsxərəyə və şərtli sevgiyə məruz qalan uşaqların psixikasında zədələyici izlər qalır. Belə ailələrdə sevgi ya şərtlərlə verilir, ya da ümumiyyətlə, emosional laqeydlik və ya zorakılıq şəklində təzahür edir. Nəticədə, uşaqda dəyərlilik hissi zəifləyir, şəxsiyyətində çatlar yaranır və həyatın qarşısında təklənmiş hiss edir. Evdən qaçmaq bəzən bu emosional təzyiqlərdən qaçış üçün yeganə çıxış yolu kimi qəbul olunur, bu isə, əslində, çarəsizliyin son həddidir. Valideynlər övladlarını yalnız fiziki olaraq böyütməklə kifayətlənməməlidirlər. Onlar uşaqlarını dinləməli, anlamalı və hər yaşda şəxsiyyət kimi qəbul etməlidirlər. Sevgi və hörmətin şərtsiz verilməsi uşağın sağlam psixoloji inkişafı üçün əsas şərtdir. Valideyn-övlad münasibətləri uşağın gələcək şəxsiyyətinin və psixoloji dayanıqlığının təməlini formalaşdıran ən mühüm faktorlardan biridir. Bəzi ailələrdə bu münasibətlər ya emosional laqeydlik, ya da həddindən artıq nəzarət kimi zidd qütblərdə təzahür edir. Hər iki halda da uşaqda dəyərsizlik, sevgidən məhrumluq və anlaşılmama kimi hisslər formalaşır. Belə emosional boşluqda böyüyən qız uşaqları sevgi, diqqət və qəbul ehtiyacını ailə xaricində kompensasiya etməyə çalışır. Bu isə çox zaman onları qeyri-sabit, manipulyativ və psixoloji cəhətdən zərərli münasibətlərə aparır. Bu cür münasibətlərdə qızlarda "sevilmək üçün nəyisə sübut etməliyəm" kimi zərərli bir inanc formalaşır. Ailəsində görünməz, dəyəri tanınmamış və hissləri nəzərə alınmamış bir uşaq, zamanla yalnız başqasının sevgisi və diqqəti vasitəsilə özünü var hiss etməyə başlayır. Bu ehtiyac onu çox zaman emosional cəhətdən riskli münasibətlərə yönəldir. Belə münasibətlər isə yeni travmalar, psixoloji çökmə, özgüvənsizlik və uzunmüddətli depressiv vəziyyətlərlə nəticələnir. Hər bir valideyn bilməlidir ki, uşağı dinləmək, anlamağa çalışmaq belə çox şey dəyişə bilər. Sevgi və anlayışla yetişdirilən bir uşaq, həyatın qarşısında dayanıqlı, sağlam və öz dəyərini bilən bir fərd olaraq formalaşır".
Ləman İLKİN