Payızın ilk ayındaca qiymətdə ağır, çəkidə yüngül nəyim vardısa, çantaya doldurub üz tutdum doğulub boya-başa çatdığım rayona, lap dəqiq desəm, rayon mərkəzindəki ata evimizə. Əslində bu günün gələcəyini çoxdan gözləyirdim. Çünki uzun illər şəhərdə yaşasam da, rayondakı həyətimiz, ata evimiz heç vaxt yadımdan çıxmırdı və uşaq vaxtı qarğı atımı çapa-çapa lap elə dünyanın özü boyda bildiyim bu doğma məkana dönüşü sıbirsizliklə gözləyirdim. Görünür, Tanrı uzun illər baxımsız, sığalsız qalmış həyətimizi təmizləyib abadlaşdırmaq, tikiləndən bəri bircə dəfə də təmir olunmamış evimizi dirçəlib, necə deyərlər, abıra salmaq üçün hansı yaxşı əməlimə görəsə mənə şans vermişdi və buna görə mən Allahımdan yerdən-göyə qədər razı idim. Çünki həyətimiz səliqəsiz, evimiz təmirsiz olsa da, mənim üçün dünyanın ən gözəl güşəsi idi, hər qarışında, hər künc- bucağında doğmalarımın səsi, həniri, əbədi olaraq yaddaşıma hopmuş xatirələr yaşayırdı. Düzünü desəm, Vətən mənim üçün o hənirlərdən, xatirələrdən, bir də həyətimizin, evimizin yalnız mənim duya bildiyim ətrindən, iyindən başlayırdı. Bəlkə elə buna görə bayramlarda, tətillərdə uça-uça evimizə gələndə tək-tənha həyətimizin ortasında dayanıb canavar kimi ulamaq, sonra da uşaq kimi hönkürüb ağlamaq istəyirdim.
Mən özümü yetirəndə həyətimizdəki xurma, nar ağaclarının üstü hələ dolu idi. Onları yığıb yığışdırandan sonra qollarımı çırmalayıb, cibimin ağzını açdım və başladım evimizin əyər-əskiklərini düzəltməyə: artıq öz ömrünü başa vurmuş gərəksiz tikililəri sökdüm, necə deyərlər, damımızın yırtıqlarını yamadım, qaz və su borularını, elektrik xətlərini dəyişdirdim, həyətdən 2 tondan artıq dəmir-dümür yığıb metal qəbulu məntəqəsinə təhvil verdim, nəticədə bir vaxtlar qarğı atımı elədən-belə çapa-çapa böyüklüyü ilə fəxr etdiyim həyətimiz sanki bir az da genişləndi. Ağaclar yarpaqlarını töküb bir dəri, bir sümük qalanda təcrübəli bağbana onların hamısını budatdırandan sonra isə bağımız elə bil üzümə gülməyə başladı, orda elə bir genişlik yarandı ki, qarğı at nədir, lap elə doğruçu atı minib sinə dolusu rahat nəfəs alan həyətdə elədən-belə çapmaq olardı. Elə bu hekayənin yazılmasına səbəb olan o yuvanı da boşluqda əsgər kimi sıraya düzülmüş ağacların altında xəyalən at çapanda gördüm.
Eyvana yaxın alça ağacının budaqlarının nisbətən sıx olduğu yerdə qurulmuş adi quş yuvası idi. Demə, nə qədər çalışsam da, özünü görmədiyim o naməlum quş həmişə buradan "pırr" eləyib uçurmuş. "Ay səni, quş, özünü görməsəm də, yuvanı tapdım. Elə yuvanın təhər-töhüründən necə quş olduğunu da bildim. Sadə, zəhmətkeş, aza qane olan quşsan ki, özünə belə təm-taraqsız yuva tikmisən. Yaxşı deyiblər ki, hər kəsin evi onun özünə oxşayar. Allah bilir dimdiyində saman, çöp, su daşıya-daşıya nə zillətlə tikmisən bu yuvanı".
Həmin gündən bu yuvanın təhlükəsizliyi mənim gündəlik qayğılarımın bir hissəsinə çevrildi. Eyvana çıxanda, həyət-bacada gəzəndə tez-tez ona göz qoyurdum ki, görüm külək vurub əyməyib ki? Hətta bir-iki dəfə ürəyimdən keçdi ki, nərdivanı qoyub böyür-başından sallanan çöpləri yerinə bərkidim, yuvanı səliqəyə salım. Amma təxminən 55 il əvvəl bu həyətdə başqa bur quş yuvası ilə bağlı başıma gələn əhvalatı yada salıb istəyimdən vaz keçdim. Fikirləşirəm ki, o köhnə əhvalatı sizə danışmasam, indi nəql etdiyim bu əhvalatın da dadı qaçar.
Onda qulaq asın.
Bağımızın sağ tərəfində hündür bir cır xurma ağacımız vardı və o ağacın lap kəlləsində bir quş hər gün, yaxud günaşırı hər səhər "pırr" eləyib yuvasına qonur, axşamüstü də eyni qaydada harasa uçub gedirdi. Səsindən, qanadlarının şappıltısından balaca quşa oxşamırdı. Ağac hündür və qollu-budaqlı olduğuna görə nə qədər əlləşsəm də, o quşu görə bilmirdim ki, bilmirdim. İsti yay günlərinin birində quş yuvasını tərk edəndən sonra qərara gəldim ki, özünü görməsəm də, heç olmasa yuvasını görüm. Düzdür, o vaxt mənə macəra axtaran, risk etməyi xoşlayan qoçaq uşaq demək olmazdı. Amma həmin o məqamda hansısa sehrli bir qüvvə məni necə ruhlandırdısa, bir də gördüm ağacın təpəsindəyəm. Sağ əlimlə budaqları aralayanda quşun yuvası yalan olmasın, burnumun ucuna dirəndi. Geniş, səliqəli bir yuva idi, içində də qoz boyda bir yumurta. Əgər o yumurta yuvanın içində olmasaydı, mən sürüşə-sürüşə ağacdan enib gedərdim öz işimin-gücümün dalınca və 55 ildən sonra bu əhvalatı da danışmağa lüzum olmazdı. Amma lənətə gəlmiş şeytan qılığıma girib məni çox asanlıqla yoldan çıxartdı, elə bil qulağıma pıçıldadı ki, yumurtanı götür, küçədə dostlarına göstərib lovğalan ki, görün nə gözəl yumurta tapmışam. Sonra apardığın kimi gətirib qoyarsan yerinə. Sol əlimlə yumurtanı götürüb ehmallıca şalvarımın cibinə qoydum və başladım ayaqlarımı dizdən əyə-əyə, dizlərimlə ağacın budaqlarına dayaqlana-dayaqlana aşağı enməyə. Ayaqlarım yerə dəyən kimi sol əlimi cibimə saldım ki, yumurtanı çıxardıb qaçım küçəyə. Yumurta nə gəzirdi - əzilib xıncım-xıncım olmuşdu. Cibimi çevirib yumurtanın qabıqlarından, sarısı ağına qarışmış mayedən təmizlədim və qaçdım küçəyə futbol oynamağa.
Necə böyük bir qələt elədiyimin fərqinə varmasam da, hər halda yaxşı iş tutmadığımı başa düşürdüm. Ona görə də səksəkə içində idim...
Havalar çox isti keçdiyindən gecələr eyvanda yatırdıq. Həmin axşam və gecənin əvvəli rahat ötüşdü, fikirləşdim ki, deyəsən, xətər sovuşdu. Amma...
Amma sübh tezdən o vaxta və o vaxtdan da bu günə qədər eşitmədiyim qeyri-adi bir hayqırtı səsi elə yuxuda ikən qulaqlarımdan girib içimdəki xətircəmliyi darmadağın elədi: elə bil kimsə ağı deyirdi, amma sözlə yox, səslə, inilti ilə. O səsin canına hopmuş çarəsizliyin yanğısına dözmək çətin idi. Evdəkilər də təəccüb və heyrətdən donub qalmışdılar. Başımı qeyri-ixtiyari səs gələn tərəfə çevirəndə yumurtasını götürüb tifaqını dağıtdığım quşu axır ki, gördüm - ağacın başına dövrə vura-vura ağlayırdı. Damarlarımda qanım dondu, bədənimi soyuq tər basdı, içimdən çölə püskürən qəhəri boğazımda birtəhər cilovlayıb ayaqyoluna qaçdım və içəri girməyimlə dana kimi böyürməyim bir oldu...
Uşaq olsam da, eşitdiklərimdən, oxuduqlarımdan başa düşürdüm ki, günah iş tutmuşam, əlim o quşun hələ doğulmamış balasının qanına batıb və qanı yumaq üçün bəlkə də bir ömür bəs eləməyəcək.
Quş yarım saat aramsız həmin o yanıqlı hayqırtılarla günahkarı sorğuya tutdu, cavab verən olmadığını görəndə isə qatili - yəni məni qarğıya-qarğıya uçub həyətdən getdi...
Aradan 55 il keçəndən sonra Allah məni yenə həyətimizdə quş yuvasına tuş gətirmişdi. Görəsən niyə? Bəlkə günahımı yumaq üçün mənə şans verirdi? Əgər belə idisə, gərək mən də öz rolumu ləyaqətlə oynayaydım. Allaha yalvarırdım ki, quş qayıdıb gələnə kimi o yuvadan heç bircə çöp də əskik olmasın. İnanın, qar, yağış yağanda gedib yuvanın üstünə çətir tutmaqdan özümü zorla saxlayırdım. Nə yolla olursa olsun, bu yuvanın sakininə, yiyəsinə xoş bir sürpriz hazırlamaq, onu nə iləsə sevindirmək istəyi ilə alışıb yanırdım. Və yazın xoş havasının burnuma dəydiyi ilk gündə bircə saniyənin içində istəyimi reallaşdırmağın yolunu tapdım. Kəşfim mənə o qədər cəlbedici, uğurlu göründü ki, çırtıq çalıb həmin ağacın başına dolana-dolana oynamaqdan özümü zorla saxladım. Qınayan olmasaydı evdən çıxıb yaxınlıqdakı zoomağazaya da çırtıq çala-çala gedərdim. Necə olmuşdu ki əvvəldən ağlıma gəlməmişdi? İndi o quşa elə gözəl, rahat, möhkəm bir evcik hədiyyə edim ki, qayıdanda köhnə yuvasına heç gözünün ucu ilə də baxmasın.
Evə taxta və faner parçalarından zövqlə hazırlanmış möhkəm bir quş evciyi ilə qayıtdım. Damını elə düzəltmişdilər ki, kənara sürüşdürüb içinə baxmaq olurdu. Ora yupyumşaq saman doldurulduğunu görəndə lap sevindim. Bundan da rahat yuva ola bilərdimi?
Təzə yuvanı köhnənin yayında budaqların arasında yerləşdirib səbirsizliklə gözləməyə başladım. Nədənsə mənə elə gəlirdi ki, bu hədiyyəni görəndə quşun necə deyərlər, uçmağa qanadı olmayacaq və mənim də neçə illər əvvəl batdığım günah xeyli yüngülləşəcək.
Artıq yaz gəlmiş, alçalar çiçəkləmiş, nərgizgülləri, bənövşələr açmışdı. Bağımızda hər gün konsert verən quş orkestrinin tərkibi genişləndikcə səs palitrası da da zənginləşirdi.
Bir axşam o melodiyaların fonunda son dərəcə qəribə və xaric bir səs eşidəndə dalağım sancdı, cəld səs gələn tərəfə cumdum və öz yuvası ilə peşkəş yuva arasında budaqda oturub hirslə ötən quşu gördüm.
Rayon yerində böyüsəm də, quşlardan, güllərdən başım o qədər də yaxşı çıxmır. Ona görə də quşun hansı quş olduğunu müəyyənləşdirə bilmədim. Bir az kənarda dayandım ki, məni görüb hürkməsin. Amma bu məsafədən də onun nəyə görəsə narahat, hətta hirsli olduğunu hiss edirdim. Tez-tez gah öz yuvasına, gah da evciyə baxıb qırıq-qırıq səslər çıxarırdı. Təxminən bir dəqiqə belə keçdi və quş qəfildən budaqdan qopub üç-dörd metr uçandan sonra dövrə vurub şığıyaraq özünü evciyə çırpanda tüklərim biz-biz oldu. Başa düşdüm ki, bu dilsiz-ağızsız quş mənim hədiyyəmi boykot edir, evciyi vurub yerə salmaq istəyir. Onun sonrakı cəhdi də uğursuz oldu və quş bir az nəfəsini dərəndən sonra harasa uçub bir azdan sonra özü kimi iki quşla qayıdanda tüklərim əvvəlkindən daha mükəmməl şəkildə biz-biz oldu, hətta başımdakı kepkanın sürüşüb yerə düşməməsi üçün əlimi işə salası oldum. Yerə düşən isə üç quşun eyni vaxtda şığıyıb axır ki yerindən tərpədərək aşağı yuvarlatdıqları evcik oldu. Bundan sonra həmın quşlar uçub getdi, "mənim" quşum isə sakitləşib öz yuvasında oturdu.
Yolunu səbirsizliklə gözlədiyim quş hədiyyəmi bax beləcə başıma olmasa da, yerə çırpdı.
Həmin dramatik anlarda içimdə cürbəcür hisslər bir-birinə qarışmışdı: bir yandan yaman pərt olmuşdum və bu pərtliyi öz sadəlövhlüyümə gülməklə yumşaltmağa çalışırdım - atamın halal zəhməti, əlinin qabarı ilə tikdiyi evi dünyanın ən gözəl villasına dəyişməyəcəyim halda necə olmuşdu ki, o quşun dimdiyində saman, çöp daşıya-daşıya tikdiyi yuvanı mağazadan aldığım hazır yuvaya asanlıqla dəyişəcəyinə inanmışdım?
Digər tərəfdən, quşun məğrurluğu ilə yanaşı, uzaqgörənliyi məni heyrətə salmışdı: o, nəinki bu bər-bəzəkli "quş villasını" qəbul edirdi, hətta bu hazıra nazir çıxacaq hansısa quşla qonşuluğu belə özünə sığışdırmırdı.
Sən demə, quşların da vətəni min bir əziyyətlə tikdikləri doğma yuvalarından başlayırmış.