İran ABŞ-la nüvə məsələsi üzrə dolayı danışıqların altıncı mərhələsinə hazırlaşarkən İsrail İran ərazisinə açıq təcavüz etdi. Qarşı tərəf düşünürdü ki, 48 saat ərzində yüksək hərbçiləri hədəf almaqla İran cəmiyyətini parçalayıb öz məqsədimə nail olacaq. Amma bu, belə olmadı.
525.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
O bildirib ki, İsrailin hücumu BMT Nizamnaməsinin pozulmasıdır. İranın cavabı isə özünümüdafiə hüququdur ki, bu da beynəlxalq hüquq tərəfindən tanınır.
Diplomat söyləyib ki, rejim beynəlxalq hüququ pozub, onun qırmızı xəttini keçərək İranın nüvə obyektlərini hədəfə alıb:
"Bu təcavüz BMT Təhlükəsizlik Şurası tərəfindən biganəliklə qarşılanıb. Fars körfəzində neft- qaz obyektlərinin hədəfə alınması müharibəni İran sərhədlərindən kənara çıxarmaq deməkdir. İran diplomatik masanı tərk etmir. İranın XİN başçısı Seyid Abbas Əraqçi bir sıra ölkələrdən olan həmkarları, beynəlxalq təşkilatların rəsmiləri ilə danışıqlar aparıb".
O deyib ki, ardınca ABŞ tərəfindən İranın Fordo, Nantaz, İsfahandakı nüvə obyektləri hücuma məruz qaldı: "Bu, BMT Nizamnaməsinin, Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin pozulmasıdır. Biz BMT üzvü olan ölkələrdən, xüsusilə region dövlətlərindən bu hücumu pisləyib təcili və birgə tədbirlər görməyə çağırırıq.
İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb, dinc məqsədilə nüvə enerjisini zənginləşdirir. Təəssüf ki, MAQATE-nin rəhbəri bununla bağlı doğru olmayan məlumatlar verdi. Yalnız İsrailin hücumundan sonra gecikmiş şəkildə bildirdi ki, nüvə silahı əldə etmək üçün sübutlar yoxdur".
Diplomat söyləyib ki, İran xalqının həmrəyliyi və birliyi indi daha da artıb. Qarşı tərəfə siyasi və hərbi sahədə adekvat cavab verilib. İsrail istisna olmaqla, bütün tərəflərlə diplomatiya və dialoqa sadiq qalırıq.
Pərvanə Sultanova