Dekabrın 23-24-də Azərbaycanın Qırğızıstandakı səfirliyinin və Qırğız-Türk «Manas» Universitetinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə «Azərbaycan Günü» adlı tədbir keçirilib.
«Azərbaycan Günü» çərçivəsində «Manas» Universitetinin kinoteatrında Azərbaycan filmləri – «Babək», «Nəsimi», «Arşin mal alan», «O olmasın bu olsun» nümayiş olunub.
Dekabr ayının 24-də keçirilən tədbirdə Qırğızıstanın Prezident Aparatı və hökumətinin təmsilçiləri, parlamentin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak edib.
Tədbirin əvvəlində iştirakçılar universitetin foyesində Azərbaycanın tarixi, mədəniyyəti, turizmi və digər sahələrində inkişafından bəhs edən, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi ilə tanış olublar. Daha sonra azərbaycanlıların həmrəyliyi günündən bəhs edən sənədli film göstərilib. Tədbirin açılışında Azərbaycan, Qırğızstan və Türkiyənin Dövlət himnləri səslənib. Qırğız-Türk «Manas» Universitetinin rektoru Səbahattin Balcı qardaş Azərbaycan xalqının bayram günün keçirilməsinə görə şad olduğunu və dövlətin yüksələn inkişaf tempindən fərəhləndiyini bildirib, eləcə də Heydər Əliyevin öz xalqının və dövlətinin inkişafı naminə gördüyü işlərdən danışıb.
Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında geniş məlumat verib.
Səfir qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir: «1991-ci ilin sentyabr ayının 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib. Həmin ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Ancaq bu qərar Naxçıvan ərazisində keçərli idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə zəmanət verərək bu qərarı qəbul etməyə və dünya azərbaycanlıların birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub».
Səfir bildirib ki, dünyada əlli milyonluq Azərbaycan xalqının taleyi belə gətirib ki, yalnız doqquz milyona yaxını öz milli dövlətinin vətəndaşıdır, qırx milyondan çoxu isə ya öz tarixi-etnik torpaqlarında başqa dövlətin ərazisinə daxil edilib, ya da Qırğızstandakı kimi diaspor şəklində yaşayırlar: «Nəzərə alınmalıdır ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq yurddaşımız isə qacqınlıq həyatı yaşamağa vadar edilib. Xaricdə yaşayan soydaşlarımızın bütün problemləri dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Özünün də qeyd etdiyi kimi, hər bir azərbaycanlının Prezidentidir. Dövlətimiz bu sahədə perspektivli siyasət aparır və yaxşı nəticələr qazanılır».
Səfir qeyd edib ki, bu gün (dekabrın 24-ü –red) həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Onun sözlərinə görə, İlham Əliyev – uğurlu və nümunəvi ölkə başçısı nümunəsidir:
«Ölkəmizin başçısı Azərbaycanı siyasi və iqtisadi sahələrdə inkişaf etdirib və beynəlxalq arenada ölkəmizə böyük nüfuz qazandırıb. Prezident İlham Əliyevin siyasi kursunun və strategiyasının nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevirib. Azərbaycanın xarici siyasətdə, iqtisadiyyatda, mədəniyyət və idman sahələrində qazandığı uğurlar Prezident İlham Əliyevin adı ilə bir başa bağlıdır».
Səfir, dövlət başçısı İlham Əliyevin ad günü münasibətilə Qırğızıstan Prezidenti Almazbek Atambayevin təbrik məktubu göndərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırib.
Məktubda deyilir: «Qırğızstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək».
Səfir qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir. O deyib ki, bu xətt Azərbaycan Prezident İlham Əliyev və Qırğızıstan dövlət başçısı Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Qırğızıstanın xarici işlər nazirinin müavini Erines Otorbayev, Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin) deputatı, Qırğızstan-Azərbaycan Parlamentlərərarası dostluq qrupunun sədri Kurmanbek Dıykanbayev, Özbəkistan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Komil Rəşidov, «Azəri» İctimai Birliyinin sədri Əziz Əliyev, Qırğız-Türk «Manas» Universitetinin prorektoru Asılbek Kulmırzayev və başqaları çıxış edərək azərbaycanlıları bayram münasibətilə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.
çap et