525.Az

"525-ci qəzet"in əməkdaşı qalib oldu


 

"525-ci qəzet"in əməkdaşı qalib oldu<b style="color:red"></b>

Dekabrın 24-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, media təmsilçiləri iştirak ediblər.

AzərTAc-ın məlumatına görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Fondun 2014-cü ildə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazı müsabiqəsi təşkil etdiyini bildirən Vüqar Səfərli həmin müsabiqələrdən ümumilikdə 350-dən çox jurnalistin bəhrələndiyini diqqətə çatdırıb.

O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə qurumun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən Vüqar Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb.

Vüqar Səfərli təmsil etdiyi qurum tərəfindən 2015-ci ildə reallaşdırılacaq layihələrdən də söz açıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, 2014-cü il bütün sahələrdə, eləcə də kütləvi informasiya vasitələrinin inkişafı baxımından uğurlu olub.

Azərbaycanda jurnalistlərə geniş imkanlar yaradıldığını, azad medianın inkişafı naminə mühüm işlər görüldüyünü deyən Əli Həsənov bu uğurları görmək istəməyən bəzi beynəlxalq qurumların hərəkətlərinin anlaşılmaz olduğunu söyləyib.

Əli Həsənov deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir”.

Sonda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarına fondun mükafatları təqdim edilib.

Qeyd edək ki, mükafatlandırılanlar sırasında "525-ci qəzet"in siyasi müxbiri Ceyhun Abasov da var.

Mərasim konsert proqramı ilə davam edib.

 





25.12.2014    çap et  çap et