525.Az

“Baş” tamaşasına ictimai baxış keçirilib


 

“Baş” tamaşasına ictimai baxış keçirilib<b style="color:red"></b>

İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış olub. İctimai baxışda millət vəkilləri, sənət adamları, ictimaiyyət, mədəniyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

525.az xəbər verir ki, Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Cavidan Novruz, Tural İbrahimov, Nəzrin Abdullayeva, Günəş Təkin, Vüsal Mustafayev, Lalə Süleymanova, Ləman İmanova, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Kənan Hüseynov, Muhuma Sahov, Rəvan Səmədov, Rüfət Əhmədov çıxış ediblər.

Səhnə əsəri XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir.

Sisianovun başının metafizik “səyahəti” geniş bir coğrafiyada – Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir. Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir.

Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.

 





25.06.2025    çap et  çap et