525.Az

Gül üzlü, gün üzlü Nurəngiz Gün...


 

Gül üzlü, gün üzlü Nurəngiz Gün...<b style="color:red"></b>

O, qənirsiz gözəl olub, lap “su sonası” kimi. Gəncliyində görənlərin “ağlını başından alıb”, neçə-neçə igidin ürəyinə od salıb, hətta cavan qızlar da ona həsədlə baxıblar. Hələ bu, harasıdır, özü də sonralar öz gözəlliyindən heyrətə gəlib. Etirafına baxın: “Şəkillərimə baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik olub belə?” Elə ahıl çağında da yaş öz işini görsə də, zaman gözəlliyini soldursa da, bu gözəlliyin izi ilişib qalmışdı o gül çöhrəsində, tərk etməmişdi sahibini, cizgiləri açıq-aydın görünürdü. İndi də payız Günəşinə bənzəyirdi, görənlər yenə də heyran olurdu: “Ay aman, bu, cavanlıqda gör necə gözəl olub ey...”

Doğrudan da, gənclik şəkillərinə baxdıqca baxmaq istəyirsən, bir eyib, bir qüsur tapa bilmirsən. Bu gənclik şəkilləri uşaq vaxtı nənəmdən eşitdiyim bir fikri xatirimə gətirir: bu qız lap “şahlara layiq gözəl”dir ki...

Amma çox zaman Allahın böyük səxavət və lütflə bəxş etdiyi “gözəllik” sahibinin başına bəla olur.

Bəxtindən yarımır gözəllər, bəxtləri də özləri kimi gözəl olmur. Kimlərəsə xonça-xonça düşən bəxtəvərlikdən onlara bir misqal da çatmır, özləri quzeyli olur, bəxtləri güneyli... O, necə, bəxtindən yarımışdımı? Bilmirəm, mən bilmirəm... Yenə özünün çox-çox sonralar etdiyi etirafı oxuyaq: ”Gözəlliyimin qədri bilinmədi, heyf oldu getdi. Gözəlliyimə yaraşan həyatım olmadı...” Özünün də “günah”ı az olmayıb, yenə öz dediyini xatırladıram: “...gözəlliyimin fərqində olmamışam. Heç vaxt gözəlliyimdən istifadə etmək fikrim olmayıb”... Bax belə... Aydındır... Şikayət, giley-güzar, peşimançılıq... 

Amma taleyindən gileylənməyə də haqqı yox idi. Allah ondan çox şeyi əsirgəməmişdi, bu zəriflik, bu incəlik, bu gözəlliklə yanaşı, onu həm də xüsusi istedad sahibi etmişdi. O, sıradan biri deyildi...

***

Nurəngiz Gün... Tanınmış söz adamı, şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. O, Bakıda ziyalı ailəsində anadan olub. Tibb məktəbini bitirib. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Bioqrafiyasını yazmaq fikrindən uzağam... Gəncliyində televiziyaya gəlib, Azərbaycan Televiziyasında diktor işləyib, tamaşaçılar onu sevib, bir aparıcı kimi gözəl surətini, parlaq obrazını yadlarında saxlayıblar. Həmin dövrdə televiziyada işləyənlər deyirlər ki, pərəstişkarlarının sayı-hesabı yox imiş. Özünün etirafı isə daha orijinaldır: “...çox adam o vaxt televiziyanı mənə görə açmırmış...”

Bəlkə, elə bu “qısqanclığa” görə televiziyada çox qalmayıb. Xəbər oxumaqdan da yorulub, bezib, müəllim olmaq istəyib. Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedib, səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. İstər aparıcı, istərsə də müəllim kimi fəaliyyətində hər zaman Ana dilimizi sevdirməyə çalışıb. Bu sevginin gücündən imiş ki, Ana dilimizdəki sözlər də onun karına gəlib, ömrünün bəzəyi, zinəti və ən parlaq səhifəsinə çevrilib. Sözlə tanınıb, sözü ilə məşhurlaşıb...

***

Ədəbiyyata nəsrlə gəlib Nurəngiz Gün, oxucularla ilk görüşü “Ulduz” jurnalında dərc olunan “Tanrı” povesti ilə olub. Sonra gözəl şeirlərini təsbeh dənələri kimi düzüb bir-birinin ardınca. İsti qarşılanıb, şairəliyini bəyəniblər. Çünki bu poeziya, bu əsərlər azadlıq, ümid, kədər və məhəbbət ətrinə bələnib, yalandan, riyadan uzaq olub. Daxili azadlığı və həssaslığı ona düzü dedirdib, həqiqəti yazdırıb. Nurəngiz Günün poeziyası insani duyğularla çox zəngindir, bu səbəbdən də  bir udum hava kimidir, bir içim su kimidir – onu qavramaq da, duymaq da, sevmək də çox asandır. Oxuyanlar yaxşı bilir: o, hətta ən kiçik şeirlərində belə olduqca səmimidir. Təsadüfi deyil ki, yaradıcılığını nurlu və günəşli poeziyaya bənzədiblər. Kitablarının adları da bu fikri təsdiq edir: “Ağ qanadlar”, “Günəşə dua”, “Tanrı bəşər övladıdır”, “Yol gedirəm”...

Bir kitabı da var: “Xocalı simfoniyası”. Onu işğal olunmuş torpaqlarımızın ağrısı ilə yazıb. Mən də bu poemanı milyonlarla tamaşaçı kimi şairənin öz dilindən – televiziyada eşitmişəm. Onun ürəkdən gələn vətənsevərliyi, canıyananlığı, insan ağrısına həssaslığı, günahsız həmvətənlərimizin acısını öz acısı kimi yaşaması, dərdlərini öz dərdi bilməsi, qəddarlığa, zalımlığa, vəhşiliyə üsyankarlığı bu poemada da açıq-aydın hiss olunur, humanistliyi insanı düşündürür...

Nurəngiz Günün şeirləri Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və digər ölkələrdə də çap olunub, özü isə bir sıra xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb...

Ölkəmizdə şairəyə dövlət səviyyəsində böyük qayğı göstərilib, Prezident İlham Əliyev 2006-cı ildə onu Prezident təqaüdünə layiq görüb...

Bu ilin aprelində isə Yazıçılar Birliyinin “Natəvan” klubunda Nurəngiz Günün 75 illik yubileyi qeyd olunmuşdu. Həmin yubiley mərasimində onun haqqında çox fikirlər səslənmişdi, ünvanına halal haqqı olan çox təriflər söylənmişdi. Mən onlardan tək bircəsini yada salmaq istəyirəm: “Nurəngiz Gün minillik Azərbaycan qadın poeziyasında yeri olan şairədir”. Bu fikrin müəllifi isə AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov idi...

***

Nurəngiz Gün olduqca kübar və ziyalı bir xanım idi. Yəqin bu kübarlıq genlə gəlibmiş. Babası Mirzə Ələkbər Hacızadə Əfəndi məşhur həkim olub, 1937-ci ilin repressiya qurbanlarındandır. Şeirlərində bu acı da yer alıb.

Nənə, bir çal laylanı,
Oxşa cavan balanı.
Uçdu bizim xaniman,
Biz yüz idik, beş qaldıq.
Bu nifağı kim saldı,
Dərədə peşman qaldıq...

Yaxınlarının itkisindən, həsrətindən sarsılıb, amma onları “ölü” yox, “diri” sayıb həmişə. Ömrü boyu əzizləyib uşaq vaxtı “şahzadəm” deyə onun nazını çəkən atasını. “Onların mənə ötürdüyü mədəniyyəti mən də qızım Jaləyə çatdırmışam” deyə təsəlli tapıb. Bunları xatırlatmaqda mənim də məqsədim həmin o təsəllidir...

...Hələ cənazəsi evdə idi. Qaldırılmamışdı. Qızı Jalə xanım başı üstündə idi. Anasının şeirini oxuyurdu. Nurəngiz Günün bir vaxtlar öz anasının ölümünə yazdığı şeiri. Bu, sadəcə şeir oxumaq deyildi. O, göz yaşları içində, hönkürə-hönkürə anasını son yolundan saxlamaq, ləngitmək istəyirdi...

Fələk, qulun olum mən,
O, mənim öz anamdı.
Qıyma qərib durnamdı.
Fələk, saxla əlini,
Sığallayım telini...
...Solur o su sonası,
Xəbərsizdi anası...

Bu an bir millət vəkili, bir türkoloq alim, bir professor deyildi Jalə xanım, sadəcə, sadəcə bir övlad idi. Anasının cənazəsi başında onun ruhu ilə danışan, son borcunu verən bir övlad. Amma özündən narazı idi: “Nə etdimsə, səni yaşada bilmədim...” Diqqəti çəkən bir də o idi ki, Nurəngiz Günün“tərbiyəsi, mənəviyyatı zəngin” dediyi bu övlad elə gözəl oxşayırdı ki anasını, elə “gözəl ağlayırdı” ki... Nurəngiz Günün vaxtilə öz anasını oxşadığı, ağladığı kimi...

...O bilinməz dünyaya,
Yolu dönməz dünyaya,
Uçur bir nazlı durnam,
Köçür o nazlı durnam.
Tanrım, onu öldürmə,
Qoyma, amandır, Tanrım.
O, mənim öz Vətənim,
Quzumdur, məxmərimdir.
Əlləri buz anamdır,
Öldürmə, qərib durnamdır...

Amma... Bu da sadəcə Jalə xanımın təsəllisi idi. Ölüm gəlmişdi və geri qayıtmaq fikrində deyildi, aparacaqdı...

Onun da ömrü bura qədərdi. Jalə xanım məndən inciməsin, əlbəttə, 76 il əbədi zaman qarşısında bir an kimi görünsə də, ömürlərin qısaldığı indiki dövrdə az yaş deyil! Tanrının bu “pay”ından gileylənməyə haqqı yoxdu. Yox, özüm özümü təkzib edəcəyəm indi: axı o, Anadır, gedən Anadır...

***

Və getdi, Tanrı dərgahına qovuşdu. Sözü qaldı. Təkcə doğmalarının yox, zamanın, insanların yaddaşında qaldı. Bir də gözəl nişanəsi – qızı, nəvəsi qaldı...

Sözünü və özünü sevənlər sonuncu dəfə məhəbbətlə onun hüzuruna gəldilər. Bu dəfə son mənzilə yola salmağa. Vida sözü dedilər. Bu ayrılıq günündə işıqlı xatirələr kara gəldi. O, kiminçünsə həmkar, kiminçünsə müəllim, kiminçünsə sadəcə ana idi. Hər kəs böyük sevgi ilə yada saldı onu,gördüyü, tanıdığı kimi yad etdi. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “O, sədaqətli dost, parlaq şəxsiyyət idi. Padio-televiziyadan ucalan məlahətli səsi neçə-neçə nəsillərin xatirindədir, şeirləri, nəsr əsərləri və mehriban çöhrəsi həmişə yaddaşlarda qalacaq” dedi.

“Şeirləri fərqli idi. İnsan kimi də son vaxtlara qədər cazibəsini, fərqliliyini saxlamışdı.” Bunu isə Yazıçılar Birliyinin katibi Rəşad Məcid söylədi.

Şair-publisist Elçin İsgəndərzadə isə onu belə yad etdi: “Mənim üçün sizin bir adınız da azadlıq və özgürlükdür. Siz mənim azadlıq və özgürlük müəllimimsiniz. İsminiz cənnətin sevilən isimlərindəndir. Tanrı cənnətin bütün azadlıq və özgürlüyünü Sizə nəsib etsin...”

Jalə xanımın anasına vida sözü də hər kəsi göz yaşına boğdu: “Sənin sözünün qüdrəti qarşısında mənim dilimdən çıxacaq hər bir kəlmənin aciz və lazımsız olacağını düşünmüşəm hər zaman. Sən indi qara torpağın altındasan, amma yenə də məndən güclüsən, məndən böyüksən, hər zaman da belə olacaq. Və bun gün də danışa bilmirəm. Yenə sənin qarşında imtahana gəlmişəm sanki. Elə bilirəm ki, nə desəm, az olar sənin üçün. Bu gün də elədir... Həyatımda nə qazanmışamsa, səni sevindirmək üçün etmişəm – onu bil! Yerin behişt olsun! Bundan sonra sənə nə arzu edə biləcəyəm: ancaq isti torpaq. Və o dünya varsa, cənnət varsa, Yaradanımıza onu sənə nəsib etməsini arzu edirəm. Allah qəni-qəni rəhmət etsin. Bizdən nigaran qalma, biz həmişə səninləyik. Və səninlə görüşəcəyəm...”

***

O, poeziyaya təzə nəfəs kimi gəldi, özünü istedadlı şairə kimi təsdiq etdi. Şöhrəti sevmədi. Hamı kimi olmadı, kimsəyə bənzəmədi. Ömrü boyu sadə, təvazökar insan kimi yaşadı, “Həyat – qanadlı bir nağıl” deyə onun gözəlliklərindən zövq aldı, illər həyat eşqini dəyişmədi. Yaşlaşdıqca, yaşının üstünə yaş gəldikcə “Mən deyən adamlar azdır” deyə ünsiyyətdən qaçdı, bundansa mütaliə etməyi üstün tutdu, sevimli kitablarla dərdləşdi, söhbətləşdi. Özünü “ev pərvanəsi”nə döndərdi. “Beyni yüklü, qayğılı” yaşadı, amma “Haqqım yoxdur kimisə yükləməyə” deyə bunu kimsəyə hiss etdirmədi...

Bir şakəri də varmış Nurəngiz xanımın. Yuxudan erkən oyanmağı, Günəşi hamıdan tez qarşılamağı sevərmiş. Çiçəkləri dərənlərə, quşları ovlayanlara nifrət edər, bir gülün ayaqlar altına atılmasına razı olmazmış. Amma bu dəfə sevənləri onun dediyinin əksini etdilər, gül-çiçəkləri məzarı üstünə səpələdilər. Gün çıxmayanda, hava tutqun olanda darıxan Nurəngiz Günü gizlədən qara torpağı bəzədi bu gül-çiçəklər... Yəqin bu dəfə incimədi, çünki ana torpaqla birgə güllərin də qoxusuna, ətrinə bələndi...

“Yol gedirəm” adlı bir şeiri də var Nurəngiz Günün...

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək...
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir varım-yoxum,
Yol gedirəm, saplağından qırılanadək...
...Yol gedirəm yol olanadək....

Getdiyi yol “saplağından qırıldı”. Amma bu yol yol oldu. ÖMÜRDƏN UZUN YOL! Çox davam edəcək, yəqin ki... 

Modern.az
Firuzə NADİR

 





26.12.2014    çap et  çap et