525.Az

Dövlət İqtisad Universitetində beynəlxalq konfrans öz işinə başlayıb


 

Dövlət İqtisad Universitetində beynəlxalq konfrans öz işinə başlayıb<b style="color:red"></b>

Bu gün Bakıda “I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət” adlı Beynəlxalq Elmi konfrans işə başlayıb.

525.az-ın verdiyi məlumata görə, üç gün davam edəcək konfransın açılış mərasimi Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) akt zalında gerçəkləşib. Konfransın təşkilatçısı bu universitetin biznes inzibatçılığı fakültəsidir.

Konfransın açılışında xarici ölkələrin nüfuzlu universitetlərinin, elm ocaqlarının nümayəndələri, tanınmış professorlar, tədqiqatçılarla yanaşı, ölkəmizi təmsil edən elm xadimləri, ziyalılar da iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADİU-nin rektoru, professor Şəmsəddin Hacıyev Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə keçirilən bu konfransa ev sahibliyi etdiklərinə görə qürur duyduğunu bildirərək biznes inzibatçılığının, iqtisadi idarəetmənin, korporativ sosial məsuliyyət məsələlərinin önəmini, aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Artıq XXI əsrin ikinci onilliyini yaşadığımız bu dövrdə dünya inkişaf edir, eyni zamanda ziddiyyətləri, iqtisadi böhranları, regional konfliktləri də bərabərində gətirir. Bütün bu ziddiyyətlərin fonunda idarəetmənin, xüsusən də korporativ idarəetmənin dəyişməsinə böyük tələbat var. İqtisadi fikrin, iqtisadi idarəetmənin özü üçün də yeni olan bu nüansları araşdırmaq, öyrənmək, təhlil etmək vacib məsələdir”.

Professor Ş.Hacıyev idarəetmə, menecment məsələlərinin müzakirə olunduğu bu konfransın müxtəlif ölkələrdən gəlmiş gənc alimlərin fikir mübadiləsi aparmasına şərait yaratdığını, ölkələrimiz arasında elmi-mədəni əlaqələrin inkişafına kömək etdiyini də vurğulayıb.

Daha sonra Biznes inzibatçılığı fakültəsinin dekanı, dosent Xankişi Xankişiyev çıxış edərək konfransın əlamətdar bir tarixə - fakültənin yaranmasının 20 illiyinə təsadüf etdiyini bildirib: “Sevindirici haldır ki, elə ilk dəfədən Dünya Konfranslar Assosiasiyasına üzv qəbul olunmuşuq. Bundan sonra da hər il davamlı şəkildə bu konfransı keçirmək qərarına gəlmişik. Konfransa maraq da həddindən artıq idi. Dünyanın bir çox ölkəsindən 470-dək məqalə göndərilsə də, biz onlardan yalnız 153-nü seçdik. Və həmin seçilən məqalələri 3 cildlik kitab şəklində çap etdirmişik. Bu kitablarda yer alan məqalələr 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində işıq üzü görüb. Coğrafiyası çox geniş olan, bir sıra ölkələri əhatə edən bu konfransın təcrübə mübadiləsinə imkan yaradacağına, maraqlı elmi diskussiyalarla iqtisadi idarəetmə sahəsinə töhfə verəcəyinə inanıram”.
Konfransa qatılan qonaqlara da söz verilib. TÜSİAB İdarə Heyətinin sədri Murad Bakır, professor Salih Şimşek, “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Mustafa Abbasbəyli, Ural Federativ Universitetinin kafedra müdiri Lyudmila Voronina çıxış ediblər.
Plenar iclasda ilk hesabatla prof.Heydər Həsənov çıxış edərək korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi əsasında biznesin sosial məsuliyyətinin gücləndirilməsi mövzusunda məruzə edib.
Konfransın koordinatoru Fariz Əhmədov isə ümumi hesabatla çıxış edib. Daha sonra Novxanı qəsəbəsində yerləşən “Olimpik otel”də konfrans öz işini davam etdirib.

“I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət” adlı Beynəlxalq Elmi konfrans öz işini noyabrın 25-də yekun konsert proqramı ilə başa vuracaq.

 





23.11.2012    çap et  çap et