525.Az

“Xalq Əmanəti” çərçivəsində Xəlil Rza Ulutürkün kitabı çıxıb


 

 “Xalq Əmanəti” çərçivəsində Xəlil Rza Ulutürkün kitabı çıxıb <b style="color:red"></b>

“Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub. 
 
“Xalq Bank”dan verilən məlumata görə, ötən gün oxuculara təqdim edilən dördüncü ədəbi topluda Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. 
 
Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə Xəlil Rza Ulutürkün irsinə olan oxucu marağı tükənmir. 
 
Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş “Gəncə rəssamları” albomu təqdim edilib. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkar şair Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub. 
 
S.ABDULLAYEVA
 

 





29.12.2014    çap et  çap et