Misirin paytaxtı Qahirədə böyük rabitə mərkəzində yanğın baş verib, 22 nəfər xəsarət alıb, ölkənin telekommunikasiya və internet infrastrukturunu sıradan çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir Səhiyyə Nazirliyi Qahirənin mərkəzindəki Ramses Mərkəzi binasında baş verən yanğında 14 nəfərin yaralandığını və yaralıların müalicə üçün Ramses küçəsindəki Kopt xəstəxanasına aparıldığını açıqlayıb.
Səhiyyə Nazirliyinin sözçüsü Hussam Abdul-Qaffar yerli mediaya açıqlamasında yaralıların sayının 22-yə çatdığını, xəstələrin əl-Qəttamiyyə, əl-Munira və əl-Dəmirdaş xəstəxanalarına köçürüldüyünü bildirib.
Əbdul-Qaffar xəsarətlərin əksəriyyətinin suda boğulma və birinci dərəcəli yanıq nəticəsində yarandığını, yaralıların hamısının vəziyyətinin stabil olduğunu bildirib.
Misirin rəsmi xəbər agentliyi MENA, Qahirə Mülki Müdafiə İdarəsinin qrupları yanğını söndürdükdən sonra yenidən alovlanmanın qarşısını almaq üçün binada soyutma işlərinə başlanıldığını açıqlayıb.
Misirin dövlətə məxsus Telekommunikasiya Şirkəti verdiyi açıqlamada mülki müdafiə qrupları ilə əməkdaşlıq çərçivəsində yanğına qısa zamanda müdaxilə edildiyini, işçilərin təhlükəsizliyini təmin etmək və söndürmə zamanı alovun yayılmasının qarşısını almaq üçün binanın elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.
Bildirilib ki, yanğınla əlaqədar bəzi telekommunikasiya xidmətləri müvəqqəti olaraq dayandırılıb.
Malik Atilay
çap et