525.Az

Mənim tanıdığım Nizaməddin


 

Mənim tanıdığım Nizaməddin<b style="color:red"></b> Dünyada həyatın yaranmasının başlanğıcını “böyük partlayış”da görənlər düz deyirlər, ya səhv-filosofların öhdəsinə. Ancaq böyük təbiət hadisələri-əsrlərlə mürgüləyib birdən püsgürən əzəmətli vulkanlar, sunamilər, zəlzələlər, yer sürüşmələri, çay daşqınları bütün bunlar ayrı-ayrı insanlara məxsus əlamətlər, sifətlərdir. Allah-təala insanı Var! edəndə təbiətdəki bütün rənglərdən, duyğulardan istifadə edib və ona özünəməxsus ən gözəl əlamətlərdən biri olan yaratmaq qüdrətini də, az ya çox dərəcədə verib.

Nizamməddini yaradanda “Gəzəri Vulkan deyib”. O adi insandır-yeyib-içən kitab oxuyan, uşaq kimi limonadı sevən, məclisdə gözəl təkrarsız sağlıq deyən, özü boyda ürəkdir – illah o gözəlliyə, gözəllərə münasibətdə. Oyanışı, püskürməyi ideyalar – Azərbaycançılıq, poeziya, əsl ədəbiyyatı təfəkkür süzgəcindən keçirib Niaqara zirvəsindəki qəhrəmanlıqlar məqamına çatdırması, torpağımıza, dostlara, ləyaqətə, Sözə vurğunluğu örnəkdir.        

Professor Nizaməddin Şəmsizadə deyir ki, Allah əmanəti olan insan ruhunun sözdə cism və can bulmasına Ədəbiyyat deyilir. O, ruhun Sözdə var olmasına inanır.Və əslində iddia edir ki, yalnız bətnində söz olan Ədəbiyyatdır.Ən əvvəl Söz olub, Sözə sitayiş, “Sözə alqış” olub.

İnsan yaranandan  məlum olan Sözün yazıçılarımızın şairlərimizin əsərlərindəki indiyə qədər məlum olmayan “bioloji aktivlikləri”,  çoxşaxəli “Farmokoloji” xüsusiyyətləri professor Nizaməddin Şəmsizadə tərəfindən aşkarlanıb fəlsəfi, filoloji təhlilə uğradılıb.  Damağımızı çağ edən Sözün bətnindəki Ruhun bütün duyğu üzvlərimizlə duyulub, Dünya İşığına transformasiyasını da bədii əsərlərimizdə ilk dəfə Nizaməddin Şəmsizadə görüb və bəyan edib.

Arı çiçəyi çox-çox uzaqlardan “görüb” ona doğru havalandığı kimi Nizaməddin də Ruhumuzun kərpicinə dönəcək Sözü görə bilir,ətrini, dadını, səsini, enerjisini,fiziki-kimyəvi xüsusiyyətlərini, yan təsirlərini,sətiraltı mənasını, məkanda və zamanda çoxölçülü yerləşmə trayektoriyasını böyük sürət və dəqiqliklə qavraya bilir və oxucuya həssaslıqla təlqin edir. Əgər bədii əsər rəngdirsə, Nizaməddin o rəngin suda, göz yaşında, bütün endokrin vəzlərinin şirələrində və son olaraq mübarək əhvalımızdakı canlı portretini bizlərə təqdim edir və bu rəngin yazıçı laboratoriyadakı alınma mexanizmini şərh edir.

Onun “Azərbaycançılıq” monoqrafiyasındakı iş üslubuda eynən belədir:  mahiyyətin farmokoloji təhlili və alınan yeni nəticələr.  O, bədii əsərin ən dərin qatlarına enib, ən kiçik təsirdə olan həyəcan effektini tapa bilir. Və tarazlıqdan qeyritarazlığa keçən bu “qızıl kəsik”dən tutub, pillə-pillə zirvəyə yüksəlir! O, müəllifin qayəsini, üslubunu onun bir yumurtadan olan ekiz qardaşı kimi duyub, görüb oxuya bilir.

Zəhməti sevən kitabları qeyrətinin gözləriylə öpən, sığallayan, özü öz taleyinə sığınan, səhəri gözləriylə diri açan abrına bükülüb ağayana öz yolu ilə addımlayan, azı çox bilən, dünya yaranandan var olan nəhənglərin çiynindən sabahlara boylanan, tox dolanan, bir an da olsun ölümü unutmayan, nə vaxt gəlsə onu bir ilham pərisi misalında  hörmətlə, ləyaqətlə ağırlamağa hazır və qadir olan qardaşım! Sənin qədər kitab-dəftər sevən insanlara hələ uzun-uzun əsgər möhləti var ölümün! Mən səni çoxdan, lap çoxdan tanıyıram. Min il yox 5 min, 10 min ildir tanıyıram. Sən bir möcüzəsən. Bu böyük zaman kəsiyində dəfələrlə ölüb-ölüb dirilmisən. Esxilin itirilmiş şah faciəsindəki qəhrəmanın prototipi sənsən. Uzun-uzun illər sonrası Kleopatra eşq yolunda əllərindən ruhuna kobra zəhərini bir şərab kimi nuş elədi – sənin qəhrəmanlığını təkrarladı.
 
Qədim Roma quldarı Litsini Lukullun verdiyi dünyanın bütün zamanlar üçün ən bahalı ziyafətinin masabəyisi sən idin (300 nəfərə doyunca bülbül dilindən müəyyən fasilələrlə iki dəfə paştet verildi. Mən hələ qalan nemətləri sadalamıram). Orada dediyin sağlıq çox gözəl idi: – “Mən bu  ziyafəti düzənləyən bəyəfəndinin gözlərimizin önündə anasına olan diqqət və məhəbbətini bu möhtəşəm ziyafətdən daha üstün və qiymətli sayıram”. Sən Efesdəki dünyanın yeddi möcüzəsindən biri Qədim Artemida məbədini Herostrat yandıranda onu xilas etməyin mümkünsüzlüyünü görüb özünü yanan gözəlliyə atdın, yanıb kül oldun.
 
Sən son anında Mehdi Hüseynzadənin yanında olmusan, Qarabağda vurulmusan, ölüb-ölüb bir “Azərbaycan” kəlməsindən dirilmisən, mənim qardaşım!
 





29.12.2014    çap et  çap et