525.Az

Zor demokratiyası


 

Zor demokratiyası<b style="color:red"></b>

İnsan ağlı-kamalı, xeyirxah əməli, doğru sözü, vətənə, xalqa sədaqəti, həyata, cəmiyyətə məhəbbəti ilə ucalır, yaşayır və əbədiyyətə qovuşur. Bu insani keyfiyyətlərdən uzaq olanlar isə manqurtlaşır, qəddarlaşaraq qatilə çevrilir. Tarixin qara səhifələrini vərəqləyib milyonlarla günahsız insanın həyatına, arzularına, əməllərinə qənim kəsilib faciələr, qanlar törədən hökmdarların, hakimlərin, dövlət rəhbərlərinin, mənsəb sahiblərinin cinayətlərinin şahidi olanda düzü bu qəddarlığa görə  insan olduğum üçün özüm-özümü qınayıram və insanda bu xislətin haradan, nədən qaynaqlanması barədə saatlarla düşünürəm.

Sual edirəm, nə üçün Sokratları, Qalileyləri ölümə məhkum edənlərin, Nəsimilərin dərisini soydurub, Babəklərin qollarını kəsdirənlərin əlində bu dünya zaman-zaman oyuncağa çevrilib, ağıllı  insanlar - alimlər, sərkərdələr, dövlət başçıları nadanların təqiblərinə, təsirlərinə bu qədər məruz qalıblar?

Belə qənaətə gəlirəm ki, kamil insanın bəlası elə onun ağıllı, sözündə ötkəm, əməli saf, hərəkətlərində düzgün olmasındadır. Çünki cəmiyyət, dövlətlər tarixən, elə indinin özündə də tamamilə sağlam düşüncəli, ağıllı insanlar tərəfindən idarə olunmur. Ağıllıların sayı ağılsızlardan, vəzifə, var-dövlət düşkünlərindən, nadanlardan, yaltaqlardan, kələkbazlardan, quldurlardan qat-qat az olduğuna görə dünya, insanlar səksəkə, qorxu içərisində yaşamağa məhkumdur.

Təəssüflər olsun ki, cəmiyyət mədəniləşməyə, elmi-texniki tərəqqiyə can atdığı bir dövrdə insanların hakimiyyətə hərisliyi, əyri yollarla var-dövlət toplamağa meyli, bəşəri dəyərlərdən uzaqlaşması, qəddarlaşması sürətlənir, mənəvi dəyərləri yalançılıq, gözdən pərdə asmaq, ikiüzlülük əvəz edir.

Acınacaqlı haldır ki, bu yolun yolçuları arasında insanların taleyi və gələcəyi üçün məsuliyyət daşıyıb hakimiyyətdə olanlar - dövlət başçıları, ictimai-siyasi xadimlər, vəzifə sahibləri daha çoxdur.

Bu gün hakimiyyətdə olan bəzi insanların səriştəsizliyi, təkəbbürlülüyü, özbaşınalığı, məsuliyyətsizliyi dünyada zorun, gücün, yalanın, ikiüzlülüyün, qəddarlığın meydana çıxmasını zərurətə çevirir ki, bu da münaqişələrlə, müharibələrlə nəticələnir. Çünki ağılla idarə olunmayan cəmiyyət zorun gücünə tabedir və idarəetmə sağlam, düşüncəyə deyil, yalana, xəyanətə,  silaha arxalanmalıdır.

Ağıla güvənməyənlərin zora istinad etmələri isə təbiidir. Çünki başqa yolla hakimiyyəti əldə saxlamaq, insanları yola gətirmək, səriştəsizliyi, nöqsanları ört-basdır etmək mümkün deyil. Yalan sözün, bəd əməlin, bacarıqsızlığın eyiblərini zorla, silahla malalamaq cahillərə xas xüsusiyyətdir olsa da, ancaq çox heyf ki, bu xüsusiyyətlər get-gedə şaxələnməkdədir və müasir dövrün mənzərəsi bunu bir daha əks etdirir.

Ulu Öndərimiz Heydər Əliyev deyirdi: "Ağıl olan yerdə zora ehtiyac yoxdur". Müdrikliklə söylənilmiş bu ifadədə ki, həqiqəti dərindən dərk etmək üçün dünyada baş verən hadisələrə ani nəzər salmaq kifayətdir.

Bir çox ölkələr - Suriya, Misir, Livan, Əfqanıstan, İraq, Fələstin, Ukrayna od-alov içindədir. ABŞ, İtaliya, Fransa, Almaniya, Yunanıstan, Ermənistan, Pakistan və bir sıra ölkələrdə kütləvi nümayişlər vaxtaşırı davam edir. Sui-qəsdlər, terror hadisələri, oğurluq, qarət, insanların təqib olunması kütləviləşib. Təbii fəlakətlər, xəstəliklər insanlara bir tərəfdən qənim kəsilib. İndi Yer kürəsində elə bir ölkə tapılmaz ki, o terror, müharibə, ölüm-qan səksəkəsi ilə yaşamasın.

Bütün bunların səbəbkarları isə insanların taleyinə biganə yanaşan, sözü ilə əməli bir olmayan bir çox dövlətlərin rəhbərləridir. Bu gün onlar özlərini mənsub olduqları xalqın, torpağın rəhbəri, eləcə də bəşəriyyətin gələcəyi üçün məsul bir şəxs kimi deyil, anbaan öz rolunu dəyişən bir aktyor kimi aparırlar.

Milyonların dərk etdiklərini, gördüklərini, bildiklərini yalan sözlərlə, təmtəraqlı ifadələrlə pərdələməyə, həqiqətləri inkar etməyə, insanları çaşdırmağa, əyri yollara yönəltməyə çalışan bu rəhbərlərin hərəkətləri, düşünülməmiş siyasi gedişləri isə ölkələr arasında ziddiyyətlərə, qarşıdurmalara, faciələrə şərait yaradır.

Törədilən müharibələr, pozulan əlaqələr, insan faciələri üçün əlbətdəki, dünyada sülh və əmin-amanlıq yaratmağa qadir və borclu olan iri dövlətlər, beynəlxalq təşkilatlar cavabdehdirlər. Bu ölkələrin, təşkilatların rəhbərləri baş verən müharibələr, tökülən günahsız qanlar üçün tarix qarşısında məsuliyyət daşıyırlar. Çünki bu dövlətlər yer üzərində demokratiyanın, insan haqlarının, azadlıq və bərabərliyin təmsilçiləri kimi çıxış edirlər və güc mərkəzləri kimi onların hadisələrə təsir etmək imkanları böyükdür.

ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya kimi dövlətlər bu baxımdan xarakterikdir. Bu ölkələrin qədim dövlətçilik tarixi olsa da, həm də onların digər ölkələri istismar etmək, demokratiya pərdəsi altında  xalqlara təsir göstərmək, qarşıdurmalar yaratmaq, müharibələr törətmək, bəşəri dəyərləri, ümumi mənafeləri fərdi, qrup mənafelərinə qurban vermək  təcrübəsi də çoxdur. Təəssüflər olsun ki, bu ənənə bu gün də müxtəlif forma və vasitələrlə davam etdirilir.

Azərbaycanın böyük filosofu Nəsrəddin Tusi yazırdı: "Dövlət ancaq ədalət əsasında qurulduqda uzun müddət yaşaya bilər. Ədalətin birinci şərti isə odur ki, xalqın müxtəlif təbəqələri arasında uyğunluq yaradılsın".

Baxaq görək adlarını çəkdiyimiz super dövlətlərin siyasətində haqq-ədalət, insanlara və müxtəlif təbəqələrə münasibətdə uyğunluq prinsipi gözlənilirmi?

Bu dövlətlər demokratiya, insan haqları, qarşılıqlı əməkdaşlıq sahəsində qəbul olunan beynəlxalq normalara, qərarlara, göstərişlərə əməl edirlərmi?

Müstəqillik qazanmış ölkələrə, kiçik dövlətlərə öz fəaliyyətləri ilə nümunə olmağa layiqdirlərmi?

Birmənalı olaraq xeyr!

Dünyanın super dövləti sayılan və özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının carçısı adlandıran ABŞ-ın dövlət siyasətində ədalət, demokratiya əslində şüarçılıqdan, başqa ölkələrə təsir vasitəsindən başqa bir şey deyildir. Son illər bu ölkənin rəhbərlərinin, siyasi dairələrinin, ictimai təşkilatlarının antidemokratik, qeyri humanist  əməlləri, göstərişləri nəticəsində məhv olmuş yüz minlərlə insanın, viranə qalmış minlərlə yaşayış məntəqələrinin acı taleyi bunu deməyə əsas verir.

İraq dövlətinin vəziyyəti bir nümunədir. Bu ölkə demək olar ki, parçalanıb, dağılıb, vətəndaşları dilənçi, qaçqın-köçkün vəziyyətindədir. Hər gün neçə-neçə insan terrorun qurbanı olur. Qanunlar, qərarlar işləmir. Dövlət orqanları iflic olub.

Səbəbkar kimdir?

İraqa kimyəvi silahı axtarışı üçün girən, demokratiyanı bərpa etmək, insan hüquqlarını qorumaq adı altında bu ölkənin ərazilərini zəbt edən ABŞ-ın silahlı qüvvələri burada nüvə silahı tapa bildilərmi, demokratik şərait yaratdılarmı?

Səddam Hüseyni milyonların gözü qarşısında asanlar onun dövründə olduğundan yaxşı  vəziyyət yaradıb İraq xalqının rahatlığını, azadlığını təmin etdilərmi?

Əlbətdə yox! İndi İraq tamamilə viranə qalıb, ayrı-ayrı silahlı qruplaşmaların, terrorçuların təsiri altındadır. İnsan hüquqlarının qorunmasından danışmağa belə dəyməz. Demokratiya sözü iraqlılara yaddır.

Belə olan halda bəs Səddam Hüseynin günahı nə idi?

Sözsüz onun günahı, səhvi heç də rəhbər olduğu bir ölkədə  istehsal etmək, insan hüquqlarını pozmaq, demokratiyanı dəstəkləməmək deyildi, əslində ABŞ-ın boyunduruğuna girməmək, müstəmləkəçi dövlətlərin  göstərişlərinə əməl etməmək, dövlətini, xalqını, sərvətini xəyanət yolu ilə başqalarına satmamaq, İraqı azad, müstəqil, möhkəmlənən, inkişaf edən bütöv bir dövlət kimi görmək idi.

Səddam Hüseynin qəddarlığı, təkəbbürlülüyü indiki durumun, vəhşiliyin, qəddarlığın qarşısında heç nə idi.

Sual olunur, budurmu İraq xalqına bəxş olunan demokratiya, insan hüquqları, azadlıq?

Çox təəssüflər olsun ki, bu suallar İraqı viran qoyanların  heç birini düşündürmür. Bu gün viranə qoyulan ölkələr bir-birinin ardınca sıralanır.

"Qabusnamə"də deyilir: "Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur". Bu ifadələr dünyanı qana çalxalayan, ölkələri üzbəüz qoyan, ancaq insanlıqdan, bəşəri dəyərlərdən, insan hüquq və azadlıqlarından, ədalətdən bol-bol danışanlara ünvanlanmışdır.

Fikir verin, hər an ölkələrə, xalqlara demokratiyadan, insan hüquqlarının qorunmasından uzun-uzadı dərs deyən,  günah sahibi bir jurnalistin, hüquq müdafiəçisinin saxlanılıb sorğu edilməsini böyük bir hadisə, insanların təqib edilməsi, incidilməsi, kobud hüquqpozması kimi qələmə verib bəyanatlar yayan Amerikanın sözükeçən dairələri, dövlət departamenti  öz daxillərində baş verən vəhşilikləri, qətlləri, kütləvi etirazları, insanların incidilməsini, öldürülməsini görməməzliyə vurur, nədənsə bu barədə danışmırlar.

Amerika polisi küçədə öz vətəndaşını insanların gözü qarşısında zor tətbiq edərək boğub öldürür, uşağı güllələyir,başqa bir qaradərilinin qanını tökür, həbsxanalarda həbsxana işçiləri məhbusların başına minbir oyun açır, hətta onları cinsi zorakılığa məruz qoyurlar, jurnalistlər təhqir və təqib olunur, gizli yolla informasiyalar əldə edilir və sair, ancaq bütün bunlara lazımi əhəmiyyət verilmir.

Beynəlxalq təşkilatlar, sözükeçən si

yasətçilər, demokratik dövlətlər də nədənsə bu hadisələrə biganədirlər. Adi hadisəyə min don geydirib şişirdən beynəlxalq qurumların susmasının səbəbi isə hadisələrə ikili standartlardan yanaşmaqdır, sözün, fikrin, azadlığın güclülərə tabe edilməsidir.

ABŞ prezidenti Barak Obama özü etiraf edir ki, ölkədə irqi ayrıseçkilik dərin kök salıb və bunun aradan qaldırılması uzun zaman tələb edəcək. O, məhbusların başına gətirilən ağlasığmaz dəhşətləri də xatırladır, günlərlə davam edən mitinqlərdə döyülən, əzilən, saxlanılan insanlara müəyyən münasibət bildirir, ancaq bunu insan hüquqlarının pozulması kimi şərh etmir, kəsərli tədbirlər görmür, irqi ayrıseçkiliyin aradan qaldırılması yollarını göstərmir, qara-dərililəri qətlə yetirənlərə seyrçi münasibət göstərir.

Öz ölkəsində irqi ayrıseçkiliyi aradan qaldıra bilməyən, insan hüquqlarının pozulması qarşısını almağa qadir olmayan bir dövlət başçısının, onun rəsmilərinin başqa ölkələrə demokratiya dərsi keçməyə, haqq-ədalətdən danışmağa, yol göstərməyə mənəvi haqqı yoxdur.

Amerika rəsmiləri Azərbaycanda dövlətə xəyanətdə iştirakı araşdırılan bir hüquq müdafiəçisinin, ölumətəhrikə və təqibə görə saxlanılan jurnalistin, yaxud vətəndaş cəmiyyəti təmsilçisinin müdafəsinə qalxmazdan əvvəl dönüb öz ölkələrində baş verən qanunsuzluqlara baxsınlar, öz eyiblərini aradan qaldırıb sonra başqalarına irad tutsunlar.

Baxın, küçədə polisə oyuncaq silah tuşlayan uşaq güllələnir və yaxud qaradərili gənc polisin əmrinə gec tabe olduğuna görə boğulub öldürülür. Bu Amerikada sanki təbii sayılır və elə bil ki, qaradərili vətəndaşın öldürulməsi insan hüquqlarının pozulması hesab edilmir. Çünki beynəlxalq aləm susur.

Ancaq Azərbaycanda vətənə xəyanət edən və uzun müddət xalqın mənəviyyatına toxunaraq yalan məlumatlar yayan, araqarışdıran bir hüquq müdafiəçisi Leyla Yunus insanların gözü qarşısında polisi təhqir edir, onun papağını başından alıb ayaqlar altına atır və dövlətin ünvanına iftiralar yağdırır yenə azərbaycanlı polis zabiti dözümlülük və humanistlik nümayiş etdirir, daim insan hüquqlarından danışıb, lakin özgələrin hüquqlarına hörmətsizlik edən bir insanın qadınlığını nəzərə alıb ona zor tətbiq etməkdən çəkinir, xuliqanı intizama dəvət edir.

      Bu hadisə Amerikada baş versəydi sözsüz ki, Leyla Yunus yerindəcə güllələnərdi.

       İndi oxucu bu müqayisəyə özü qiymət versin: Azərbaycanda insan hüquqları yaxşı qorunur, yoxsa Amerikada?

       Bir Azərbaycan atalar sözündə deyilir:" Ağıl ilə həya əkiz qardaşdır, birini itirsən o birini tapa bilməzsən". Sözsüz bir çox əcnəbi siyasətçilərin, beynəlxalq təşkilat təmsilçilərinin azərbaycanlıların bu müdrik kəlamından xəbərləri yoxdur. Olsaydı onlar Azərbaycanda yaratdıqları qeyri-hökumət təşkilatlarının, öz əlaltılarının fəaliyyətini düzgün istiqamətləndirər, onlardan müstəqil bir ölkənin  imicinə ziyan vurmaq vasitəsi kimi istifadə etməkdən çəkinərdilər.

Digər tərəfdən Azərbaycanda baş verən dəyişiklikləri, demokratiya, tolirantlıq, insan hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirləri, sosial-iqtisadi inkişafı düzgün qiymətləndirər, yalan məlumatlara əsaslanıb böhtan xarakterli bəyanatlar verməzdilər.

Bu isə mümkün deyil. Çünki  bu siyasətçilərin,  qeyri-hökumət təşkilatlarının mayası haramla, yalanla, ədalətsiz, təmənnalı münasibətlə yoğrulub və onlar bir çox dövlətlərə demokratiya pərdəsi altında zor mexanizmi kimi formalaşdırılıblar. Təsir vasitəsi rolunu oynayan bir çox qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin əsas məqsədi  müstəqil ölkələrdə, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, yalan məlumatlarla insanları çaşdırmaq və dövlətin dayaqlarını sarsıtmaqdır.

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yaxın günlərdə mətbuatda dərc olunmuş "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi bu həqiqətlərin aydın mənzərəsini yaratmaq baxımından çox əhəmiyyətlidir.

Müəllif yazır: "Bu gün müxtəlif hüquq-mühafizə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz hüquqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkələrini yaradırlar. Yeni tipli "beşinci kalon" rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır".

Bu inkarolunmaz faktlardır və dünyanın bir sıra ölkələrində-- İraqda, Livanda, Suriyada, Misirdə və digər regionlarda baş verən qarşıdurmalar bunu sübut edir.

Əgər bu gün ABŞ, Avropa ölkələri konkret cinayət əməllərinə görə saxlanılan  bir hüquq müdafiəçisinin və ya jurnalistin müdafiəsinə qalxıb, ancaq milyonlarla azərbaycanlı qaçqın və köçkünün halına, yaratdıqları müharibə ocaqlarında qırılan, acınacaqlı vəziyyətə düşən yüzminlərlə insanın taleyinə acıyıb onları müdafiə etmirlərsə bu ədalətsizlikdir, insan hüquqlarına hörmətsizlikdir, bəşəriyyətə xəyanətdir.

Qərb ölkələri, Avropa İttifaqı parlamenti, Avropa Şurası parlament assambleyası və digər beynəlxalq qurumlar, siyasi xadimlər Azərbaycandan insan haqları üzrə Avropa Konvensiyasının standartlarına hörmət etməyi tələb edirlərsə, yaxşı olar ki, onlar işğal altında olan torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən qeyri-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının uzun illərdir icra edilməyən qətnamələrini də yada salsınlar və hüquqları pozulan milyonların səsinə səs versinlər.

Yaxşı olar ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarında vaxtaşırı hərbi təlimlər keçirən, sərhəd rayonlarında uşaqları, qocaları, dinc sakinləri atəşə tutan, öldürən, hər gün atəşkəsi pozan erməni silahlı birləşmələrindən, Ermənistanın terrorçu rəhbərlərindən qətllərə, müharibəyə son qoymağı tələb etsinlər,  sərhədlərimizə soxulub təmas xəttindəki əsgərlərimizə atəş açan erməni helikopterinin məhv edilməsini bir faciəyə çevirməsinlər.

Sərhədlərini pozan düşməni məhv etmək, hər hansı cinayət əməlinə görə vətəndaşını məsuliyyətə cəlb etmək, ictimai-siyasi sabitliyi bərpa etmək üçün tədbirlər görmək: qanunsuz mitinqlərə, mətbuatın insanları haqsız təhqir etməsinə yol verməmək, din pərdəsi altında insanların aldadılmasının qarşısını almaq Azərbaycanın daxili işidir və buna hər hansı bir dövlətin qarışması beynəlxalq normalara ziddir və yolverilməzdir.

Təəssüf ki, dünyanın böyük dövlətləri bu normaları ciddi qaydada pozur və  əksər ölkədə yerləşdirdikləri, himayə etdikləri təşkilat, əlaltılar vasitəsi digər ölkələrin daxili işlərinə qarışır, demokratiya pərdəsi altında istəklərini həyata keçirə bilməyəndə şantaja, təsirə, zora əl atırlar.

Fransa dövləti də bu siyasətdən daim yararlanır. Uzun illərdir ki, bu ölkənin rəhbərləri, bir çox parlament üzvləri, siyasətçilər qondarma erməni soyqırımını əldə əsas tutub qardaş Türkiyə respublikasına qarşı əsl siyasi soyqırım həyata keçirirlər, bu dövləti Avropa İttifaqına yaxın buraxmırlar.

Fransanın hakim dairələri tez-tez qondarma erməni soyqırımı haqqında qanunun qəbul edilməsi və qanunla   soyqırımı tanımayanların cəzalandırılması vacibliyini gündəmə gətirir, qanunu vaxtaşırı parlamentin müzakirəsinə çıxarır və neçə deyərlər siyasi şou göstərirlər.

Sual olunur, türklərin ermənilərə qarşı soyqırım törətmələri ilə əlaqədar əldə əsaslı faktlar varmı və bununla bağlı fransızlar tarixi araşdırmalar aparıblarmı? Əlbətdə, əldə əsaslı faktlar yoxdur və əgər belədirsə bəs onda nəyə görə Fransanın bir çox siyasətçiləri öz dərdlərini bir kənara qoyub ermənilərin olmayan ölülərini ağlayırlar?

Söhbət həqiqi soyqırımdan gedirsə  Fransanın hakim dairələri nə üçün Xocalı soyqırımına,  tarixlər boyu öldürülən, işgəncələr verilən, diri-diri basdırılan, yandırılan, gözü çıxarılan, dili kəsilən yüz minlərlə azərbaycanlının taleyinə ciddi münasibət bildirmirlər? Bu vəhşiliklər axı yüz il bundan əvvəlki hadisələr deyil, bu günlərin dəhşətləridir və bununla bağlı əldə saysız-hesabsız əsaslı faktlar vardır.

Belə olan halda demokratiyanı, insan hüquqlarının qorunmasını özü üçün örnək hesab edən Fransa dövlətinin rəsmiləri nədən yalanlara həqiqət donu geydirməyə, dünyanın gözü qarşısında  əsl həqiqətləri, faciələri danmağa, qəbul etməməyə, haqqın gizlədilməsinə çalışırlar? Axı onlar Xocalı soyqırımının fəal iştirakçısı və azərbaycanlıları qətlə yetirdiyi üçün qürur duyduğunu bildirən və hətta bunu ən mötəbər beynəlxalq tribunalardan bəyan edən Ermənistanın terrorçu prezidenti Sarkisyanın alçaq əməllərindən də xəbərdardırlar.

Bəs onda nə üçün Fransa dövləti Minsk qrupunun həmsədri kimi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin ədalətli həllinə, xalqımızın başına gətirilən müsibətlərə, milyondan artıq qaçqın-köçkünün taleyinə deyil, bir əsr bundan əvvəl olmamış hadisəyə-- qətlə yetirilməmiş ermənilərin taleyinə acıyır, onlara yas saxlayırlar.

Fransızlar türkləri soyqırım törətməkdə ittiham etməzdən əvvəl uzağı demirik bir az keçmişə qayıdıb keçən əsrin ortalarında Əlcəzair xalqının başına gətirdiklərini, minlərlə insanı necə qətlə yetirdiklərini, bir xalqa qarşı əsl soyqırım törətdiklərini xatırlasalar  yaxşı olmazmı?

      Əsl həqiqətləri ört-basdır edib yalanlara həqiqət donu geydirib  bu vasitə ilə ölkələrin daxili işlərinə qarışmaq, yaxud da müəyyən regionlarda silahlı qruplar hazırlamaq, təşkilatlar yaratmaq və onlardan zor vasitəsi kimi istifadə etmək bəşəriyyətə xəyanətdir. Mən elə bilirəm ki, bu gün Qərbin böyük ölkələrinin, ABŞ-ın və ona dəstək verənlərin razılığı, dəstəyi, maliyyə yardımı olmadan dünyanın heç bir yerində güclü terror qruplaşmaları yaratmaq mümkün deyildir. Bu günümüzün hadisələri buna sübutdur.

Terrorçuların hazırlanması, maliyyələşdirilməsi və hazır vəziyyətdə saxlanılması öz imkanlarını genişləndirməyə, inkişafını sürətləndirməyə, müstəqil siyasət yeritməyə çalışan, ancaq böyük dövlətlərin təsirinə düşmək, onlara boyun əymək istəməyən ölkələrə təsir etmək, güc göstərmək, daxili sabitliyi pozmaq üçündür.

      İŞİD bu baxımdan bir nümunədir. Bu terror qruplaşmasının hansı ölkələr tərəfindən yaradılması və hansı məqsədlərlə maliyyələşdirilməsi hamıya yaxşı məlumdur. İndi bu qruplaşmaya qarşı mübarizədə məqsəd isə onu formalaşdıranların özlərinə terrora qarşı mübarizə aparan, dünyada əmin-amanlığı bərpa edən, insanları bəlalardan qurtaran ölkə imici qazandırmaqdan, həm də kiçik dövlətlərə "biz olmasaq sizi məhv edərlər" mesajını verməkdən  başqa bir şey deyil.

     Terrorla mübarizə terrorçunu vaxtında, yerində boğmağı tələb edir. Ancaq heç uzağa getməyək bu günün özündə terrorla mübarizədən danışan ölkələrin çoxu, başda ABŞ olmaqla erməni terrorçularına, separatçılarına maddi və mənəvi dəstək verməkdə davam edirlər. Halbuki "Asala" erməni terror təşkilatı və onun ətrafında birləşən Qarabağ erməni qruplaşmaları sayca, silahlanmaq və təşkilatlanmaq baxımından İŞİD-dən də güclü bir qüvvədir. Bəs nədən terrora qarşı müharibə elan edən ölkələr erməni terrorçularını susdurmurlar, əksinə Qarabağ terrorçularına hər il külli-miqdarda pul vəsaiti ayırırlar? Axı onlar işğal altında olan torpaqlarımızda terrorçu qruplaşmaların yerləşdiyini və terrorçular hazırlandığını yaxşı bilirlər. Yəqin ki, həmin ölkələr erməni terrorçularının qüvvələrindən nə vaxtsa istifadə edəcəklərini planlaşdırırlar.

   Dünyada baş verən müharibələr, insan qətlləri üçün ayrı-ayrı xalqları, millətləri deyil, ölkələrə, xalqlara rəhbərlik edənləri günahlandırmaq lazımdır. Faşizmin bəşəriyyətə vurduğu yaralara görə ağıllı alman daim utanır. Düşüncəli amerikalı Yaponiyaya atılan bombalara görə yeri gələndə başını aşağı dikir. İnsanlığı qiymətləndirən fransalı Əlcəzairdə törədilən qırğınlara görə keçmişini nifrətlə yad edir. Eləcə də digər xalqlar və millətlər öz rəhbərlərinin bəşəriyyətə bəla və alçaqlıq gətirən hərəkətləri üçün utanır, bəzən susur və lazım olanda  üzr  də istəyirlər.

Təəssüf ki, insanlar hakimlərə, hökmdarlara, rəhbərlərə ciddi təsir etmək imkanlarına malik deyillər. Eləcə də bu gün sözü ilə əməli bir olmayan, yalan bəyanatlarla, saxta vədlərlə, demokratiya, insan hüquqları oyunu  və digər vasitələrlə insanları çaşdıran, qarşıdurmalar yaradan, müharibələr törədən bəzi dövlət rəhbərlərinin ağıllı, uzaqgörən, xalqının gələcəyi və rifahı  üçün çalışan dövlət başçılarını  saxta təsir vasitələri il tutduqları düz yoldan döndərmək, ələ almaq, özlərinə tabe etdirmək cəhdləri əbəsdir.

Ancaq belə hallar çoxdur və müstəqil Azərbaycan da bu təsirlərdən kənarda deyil. Çünki dövlətimizin rəhbəri Cənab İlham Əliyevin düzgün balanslaşdırılmış siyasət yeritməsi, ölkəmizin gündən-günə çiçəklənməsi, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun artması, vətəndaşların həmrəyliyi, ictimai-siyasi sabitliyin qorunması çoxlarını-Azərbaycanın müstəqilliyini və inkişafını istəməyən qüvvələri ciddi narahat edir.

Azərbaycan Prezidenti xalqın mənafeyinə zidd olan heç bir öhdəliyə, müqaviləyə imza atmır və öz problemlərini xalqla birlikdə özü həll etmək əzmindədir. Buna isə mane olmağa çalışan qüvvələr az deyil. Prezident İlham Əliyev mövcud vəziyyətə və dünyada baş verən hadisələrə obyektiv münasibət bildirərək deyir: "Dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı adətən təsirlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir, xüsusilə Azərbaycana - artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür".

Bu həqiqətlər zəminində dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın müstəqilliyini heç bir qüvvə sarsilda bilməz və heç bir kəsin bizimlə zor dili ilə danışmağa, daxili işlərimizə qarışmağa, bizə təsir etməyə haqqı yoxdur.

Müstəqil siyasət yeridən dövlətimizin daxili və xarici fəaliyyətinin bütün istiqamətləri bilavasitə Azərbaycanın ərazi bütovlüyünün təmin olunmasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə və ölkəmizin  dünyada azad, demokratik bir dövlət kimi tanıdılmasına yönəldilmişdir ki, bu da beynəlxalq aləmə yaxşı bəllidir.

Dövlət başçımızın siyasət xətti Ulu Öndərimiz Heydər Əliyevin bəşəri ideyalarına, demokratiyaya, humanizmə, bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa və dostluğa, dünyada sülhün, ədalətin, bərabərliyin, insanlığın qorunmasına, hər bir vətəndaşın azad, sərbəst, firavan yaşamaq hüququn təmin olunmasına əsaslandığı üçün dəyərlidir.Bu siyasətin səmərəsi  ölkəmizin beynəlxalq aləmdə tanınmasında, şöhrətlənməsində, sosial-iqtisadi inkişafımızda özünü aydın göstərir.

Azərbaycan ağıllı, düşünülmüş yoldadır. Xalqımız demokratiya, insan hüquqlarının qorunması pərdəsi altında mənfur siyasət həyata keçirən, insanları alçaldan, qarşı-qarşıya qoyan, fəlakətlərə düçar edən, müstəqil dövlətləri təsir altına salan pis niyyətli siyasətçilərin sözlərinə inanmır və onların əməllərinə nifrət bəsləyir. Ağıllı insanlar dərk edirlər ki, səriştəsiz rəhbərlərin, siyasətçilərin zora, gücə, ədalətsizliyə arxalanan fəaliyyəti, əməlləri bəşəriyyətə xoşbəxtlik bəxş edə bilməz. Çünki zor etmək, güc işlətmək  vəzifəsini bacarmayanların, öz xalqına arxalanmayanların, özünü və sözünü qiymətləndirməyənlərin adətidir.

 





30.12.2014    çap et  çap et