525.Az

Yeni Kaledoniya razılaşması


 

Yeni Kaledoniya razılaşması<b style="color:red"></b>

Bir neçə gün əvvəl Yeni Kaledoniya dövlətinin yaradılması barədə tarixi qərar elan edildi. Fransa Prezidenti Emmanuel Makron özünün “X” hesabında bəyan etdi ki, Yeni Kaledoniya dövlətinin yaradılması barədə razılığa gəlinib: “On gündən çox davam edən müzakirələrdən sonra Yeni Kaledoniyanın seçilmiş rəsmiləri və hökumət nümayəndələri tarixi razılığa gəliblər”.

Eyni zamanda, ölkənin Baş naziri Fransua Bayru da əldə edilmiş razılaşmanı "tarixi" adlandırıb: “Cəsarətli danışıqçılara şərəf... bu, mümkün idi!”

Yeni Kaledoniya Fransadan tam müstəqillik əldə etməyəcək, yəni asıllıq qismən qalacaq, amma geniş səlahiyyətlərə malik olacaq. Belə ki, saziş layihəsinə görə, arxipelaq sakinləri Fransa vətəndaşlığına əlavə olaraq Yeni Kaledoniya vətəndaşlığını ala biləcəklər. Yəni ikili vətəndaşlığa - fransız və Yeni Kaledoniya vətəndaşlığına malik olacaqlar və Avropa İttifaqı vətəndaşlığını da saxlayacaqlar. Fransa vətəndaşlığından imtina Yeni Kaledoniya vətəndaşlığından da imtinaya səbəb olacaq. Həmçinin yeni dövlət öz xarici siyasətini müstəqil şəkildə müəyyən etmək imkanına malik olacaq. Yeni Kaledoniyanın BMT-də olması ilə bağlı müddəa nəzərdə tutulmasa da, beynəlxalq ictimaiyyət tərəfindən tanınması mümkündür.

Razılaşma 2009-cu ildə seçki siyahıları dondurulduqdan sonra səsvermə hüququ olmayan Yeni Kaledoniyada doğulmuş 12 min nəfərin, eləcə də ərazidə 15 ildən çox yaşayanların 2026-cı ildə keçiriləcək növbəti yerli seçkilərdə səs verə biləcəyini nəzərdə tutur. Növbəti seçkilərdə isə Yeni Kaledoniya vətəndaşlığı olan bütün insanlar səs verə biləcəklər. Hərbi sahədə Fransa ali səlahiyyətləri özündə saxlayır, lakin ölkənin silahlı qüvvələri yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıqda əhalinin və Yeni Kaledoniyanın ərazi bütövlüyünün qorunmasını təmin etməyi öhdəsinə götürür. Könüllü xidmətin yaradılması, uyğunlaşdırılmış hərbi kontingentin gücləndirilməsi, həm mərkəzi hökumətin, həm də yerli icmaların nümayəndələrinin daxil olacağı Ali Təhlükəsizlik Şurasının yaradılması nəzərdə tutulur. Sazişin iqtisadi hissəsi Yeni Kaledoniyanın borclarının tədricən silinməsi və arxipelaqın məşhur olduğu zəngin nikel yataqlarından strateji istifadə də daxil olmaqla, maliyyə və sosial bərpa üçün paktın imzalanmasına yönəlib.

Təhsil, tibb, nəqliyyat, əlverişli mənzil və sosial müdafiə sahələrində ayrı-ayrı siyasətlərin hazırlanması da müzakirə olunur. Müqavilə qəbul olunarsa, Yeni Kaledoniya istəsə, öz dövlətinin adını, bayrağını, himnini və devizini dəyişdirə və ölkədə mövcud olan qurumlar arasında səlahiyyətləri yenidən bölüşdürə bilər.

Yeni Kaledoniya dövlətinin yaradılması məsələsi daxildə referenduma, Fransa parlamentində isə səsverməyə çıxarılacaq. Referendumun 2026-cı ilin fevralında keçirilməsi planlaşdırılır.

Yeni Kaledoniya Fransanın digər müstəmləkələri kimi uzun illərdir ki, neokolonializmdən əziyyət çəkir. Ümumiyyətlə, Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Paris illərdir ki, dənizaşırı ərazilərdə xalqların azadlıq, müstəqillik səslərini boğur, cinayətlər törədir, eyni zamanda bölgənin təbii sərvətlərini talan edir. Onlardan biri olan Yeni Kaledoniyanın da Fransaya heç bir aidiyyəti yoxdur. Bu ərazi Fransadan 17 min kilometr aralıda - Sakit okeanda yerləşir. Sahəsi 18,6 min kvadratkilometr, əhalisi isə 270 min nəfərdir. Bu adalar qrupu 1774-cü ildə dövrünün tanınmış ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub. Fransa 1853-cü ildə Yeni Kaledoniyanı ələ keçirib. Yüz ildən bir qədər artıq, 1957-ci ildə bütün yerli xalqa - kanaklara Fransa vətəndaşlığı verilib. Ötən müddət ərzində ərazinin zəngin təbii sərvətləri talan edilib. Yeni Kaledoniya dünyanın üçüncü ən böyük nikel istehsalçısıdır, eyni zamanda, ərazidə ağac, xrom, mis və s. sərvətlər var. Bununla belə, yerli əhali çətin vəziyyətdə yaşayır, hər beş sakindən biri yoxsulluq həddindədir.

Kanak xalqı tarix boyu istismarçılıqla razılaşmayaraq öz etiraz səsini ucaldıb. Paris məcbur qalaraq 1946-cı ildə Yeni Kaledoniyanı Fransanın "xaricdəki ərazisi", 1998-ci ildə isə "xüsusi statusu" olan "xaricdəki ərazisi" elan edib. Yeni Kaledoniyada müstəqillik istəyən xalq mütəmadi etirazlar keçirib. 2018-2021-ci illərdə adalarda üç referendum keçirilib və bu referendumlar zamanı Fransa hakimiyyəti saxtalaşdırmalar edərək, sakinlərin əksəriyyətinin guya Fransanın tərkibində qalmağa səs verdiyini elan edib. Sonuncu səsverməni yerli əhali boykot edib.

Xüsusilə son illər adada etirazlar daha da güclənib. 2024-cü ilin may ayında Yeni Kaledoniyada adalarda yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanun layihəsi güclü etirazlara səbəb oldu. Yeni Kaledoniyada yerli seçkilərdə yalnız 1988-ci ilə qədər orada məskunlaşan insanlar səs verə bilərlər. Amma qeyd edilən layihəyə əsasən hökumət burada anadan olan və ya ən azı 10 il müddətində yaşayan şəxslərə səs vermək hüququnu təmin etmək istəyirdi. Dəyişiklik olacağı təqdirdə, 40 min nəfərə qədər əlavə insan səs vermək hüququnu əldə edəcəkdir ki, həmin şəxslərin mütləq çoxluğu Fransadan sonradan köçürülənlər və müstəqilliyin əleyhdarları idilər. Deməli, Paris hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa və kanak xalqının müstəqillik uğrunda mübarizəsini boğmağa çalışırdı.

Sənədin əleyhdarları hesab edirdilər ki, bu, yerli əhalinin səsvermə hüquqlarını zəiflədə və Parisin təsirini gücləndirə bilər. Bu, eyni zamanda, 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd idi. Qeyd edilən sazişə əsasən, Fransa əraziyə daha çox siyasi muxtariyyət verməyə razılaşıb. Fransa hökuməti təxminən bir ay davam edən etirazları yatırmaq üçün adaya polis və jandarm göndərdi. Burada baş verən insidentlərdə 14 nəfər həlak oldu, 300-dən çox insan yaralandı, Fransa hakimiyyəti əraziyə silahlı qüvvələrini yerləşdirərək, fövqəladə vəziyyət elan etdi. Amma artıq kanak xalqının səsini boğmaq mümkün  olmadı. Fransa prezidenti etirazlar fonunda geriyə addım atmalı oldu. Həmin layihənin icrası dayandırıldı. Mübarizənin kulminasiyası isə Yeni Kaledoniya dövlətinin yaradılması barədə razılaşmadır.

Bu məqamda təbii ki, Azərbaycanın neokolonializmlə mübarizəsi, haqqı tapdanan, azadlıq səsi boğulan xalqlara dəstəyini mütləq vurğulamaq lazımdır. Məhz Bakı keçmişin bu utancverici “mirasından” bu gün də əziyyət çəkən xalqların yanında olub, onların haqq səsinə çevrilərək, bütün dünyanı yerli xalqların hüquqlarına hörmət etməyə çağırıb. Bununla da Azərbaycan tarixi presedent yaradıb. Bakı Təşəbbüs Qrupu bu məsələdə çox aktiv iş apararaq, həmin xalqların hüquqlarını müdafiə edən ən güclü və təsirli beynəlxalq platformalardan birinə çevrilib. Bakıda həmin xalqların nümayəndələrinin iştirakı ilə görüşlər, konfranslar təşkil edilib, onların səsi eşidilib. Bakı Təşəbbüs Qrupunun bəyanatlarında da dənizaşırı ərazilərdəki xalqlara qarşı ədalətsizliklər pislənib, onların pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi gündəmə gətirilib. Eyni zamanda, Fransaya müstəmləkə siyasətini dayandırmaq, kanak xalqına öz taleyini sərbəst həll etmək, beynəlxalq ictimaiyyətə isə kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamaq üçün çağırış edilib. Azərbaycan hər zaman neokolonializmlə mübarizəyə sadiqliyini bəyan edib, Bakının səyləri müstəmləkəsizləşdirmə gündəliyinin legitimliyini gücləndirib. Bu gün Yeni Kaledoniya ilə bağlı qəbul edilmiş qərar da bunu təsdiqləyir. Azərbaycan Fransadan fərqli olaraq dünyanın harasında olursa-olsun, insan hüquqlarının pozulmasına biganə qalmır. Ötən il Milli Məclisdə "Yeni Kaledoniya: keçmişi, bu günü və gələcək perspektivləri" mövzusunda çox önəmli bir konfrans təşkil edildi. Konfransda çıxış edən Yeni Kaledoniyadan olan nümayəndələr Azərbaycanın kanak xalqına göstərdiyi diqqətə, müstəqillik uğrunda mübarizələrinə verdiyi dəstəyə görə təşəkkürlərini ifadə etdilər.

Beləliklə, Azərbaycanın səyləri,  müstəmləkəçilik və neokolonializm problemini beynəlxalq müstəviyə çıxarması, azadlıq səsi boğulan, əzilən xalqların yanında olması, bu istiqamətdə geniş iş aparması, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti həmin xalqlar üçün güclü stimul oldu. Bu gün Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Yeni Kaledoniya ilə bağlı razılaşma digər dənizaşırı ərazilər üçün də presidenti ola bilər.

 

 





16.07.2025    çap et  çap et