"Hazırda Yaxın Şərq kimi mürəkkəb bir regionda qalıcı sülhün əldə olunması üçün müxtəlif ideyalar, layihələr irəli sürülür. 1947-ci ildə İsrail Dövlətinin yaradılmasından sonra bu günə qədər Yaxın Şərqdə bütün tərəfləri qane edəcək, sülhə gətirəcək ideya ortada yox idi. Amma hazırda belə bir ideya var, bu, bir sıra ərəb ölkələri ilə imzalanmış “İbrahim sazişləri”dir. Azərbaycanın həmin sazişlərdə olması aktual məsələlərdən biridir".
Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın “İbrahim sazişləri”n ə qoşulmasının mümkünlüyünə dair danışarkən deyib.
Onun sözlərinə görə, məsələni aktual edən proseslər ondan ibarətdir ki, Azərbaycan yeni statusda İslam dünyasının yeni lider ölkələrindən birinə çevrilməkdədir, sırf siyasi, diplomatik və beynəlxalq nüfuz kontekstində: “Nəzərə almaq lazımdır ki, son dövrlərdə Suriyada yaranan yeni vəziyyət, bu ölkədə vətəndaş müharibəsinin bitməsi Azərbaycanın da Yaxın Şərq və Körfəz ölkələrinə ciddi açılış həmlələri etməsi ölkəmizi həm də Yaxın Şərqin aparıcı aktorlarından birinə çevirməkdədir. Azərbaycan-Türkiyə tandeminin də Türk- müsəlman dünyasında və bütövlükdə müsəlman şərqində oynadığı rol danılmazdır. Ona görə də bu kontekstdə yanaşanda əlbəttə ki, əgər böyük “İbrahim sazişi”nin fəlsəfəsi sülhdürsə və bütün səmavi dinlərin atası İbrahim peyğəmbər hesab olunursa, yəni İslam dini, xristian dini, yəhudilik dini İbrahimi dinlər adladırılır, belə olan halda, vahid təmas nöqtəsi tapıb, qalıcı sülh inşa etmək mümkündür. Ona görə də düşünürəm ki, həm bu kontekstdən – ümumi İslam və müsəlman şərqi mənafeyi baxımından yanaşanda, həm də Azərbaycan-İsrail münasibətləri kontekstində ölkəmiz bu sazişə qoşula bilər, yaxud öz davranışları, imkanları ilə Yaxın Şərqdə sülhün qalıcı olmasına böyük töhfələr verə bilər. Biz bu günlərdə artıq onun müxtəlif əlamətlərini görürük. Məsələn, böyük “İbrahim sazişi”nə gedən yolda Türkiyə-İsrail nümayəndələri Bakıda görüşürlər. Suriya-İsrail nümayəndələri də Bakıda görüşürlər. Belə olanda artıq Azərbaycan bu prosesin tərkib hissəsinə çevrilməkdədir və nəzərə almaq lazımdır ki, Yaxın Şərq və Şimali Afrika Azərbaycanın xarici siyasətinin yeni paradiqmalarından biri kimi müəyyən edilib. Bu istiqamətdə Azərbaycan tarixdə görünməmiş həmlələr edir. Bu bizim milli maraqlarımıza uyğundur. Əgər siyasi qərar bu yöndə qəbul edilərsə, mənə elə gəlir ki, ümumi mənafelərimizə xidmət etmiş olar”.
Deputat Ermənistanın “İbrahim sazişləri”nə qoşulması ehtimalına da toxunaraq deyib ki, əgər Ermənistan doğurdan da sülh istəyirsə, ilk növbədə Azərbaycanla beynəlxalq hüquq, ölkəmizin sülh konsepsiyası əsasında saziş bağlamaqla əlbəttə ki, böyük mənada daha böyük platformda – Yaxın Şərq və Cənubi Qafqaz platformasına daxil olmaqla bağlı qərar qəbul edərsə, bu, Ermənistanın öz işi olacaqdır. Amma əlbəttə ki, ilk növbədə Azərbaycanla sülhü əldə etdikdən sonra mənə elə gəlir ki, bu məsələ aktuallaşa bilər. İranın məsələyə mümkün reaksiyasına gəlincə, H.Babaoğlu söyləyib ki, bu ölkə daim siyasi prosesləri şantaj edir, öz imperiyasını saxlamaq üçün sionizmi bəhanə gətirir: “Yəni, fars azlığının İran xalqı üzərində assimliativ siyasətini həyata keçirmək üçün İranda yaşayan çoxsaylı xalqları hər şeydən öncə də azərbaycanlıları assimilyasiya etmək üçün bizi və müttəfiqlərimizi həmişə İranda yaşayan azərbaycanlılara düşmən kimi göstərir ki, milli identikliyimiz pozulsun, milli ideyamız xaotikləşsin və milli birliyimiz itsin. Ona görə də düşünürəm ki, İranın necə davranacağı elə bu əsaslarda olacaqdır. Yəni, İran sadəcə fars şovinizmini və öz imperiyasını qorumaqla məşğuldur. Hesab edirəm ki, bu rejim liberallaşmasa, İran xalqı artıq bir qrup fars şovinistinin siyasətini qəbul etməyəcək, nəticə etibarilə dövlətlərin xarici siyasətini də təyin edən milli iradədir. Bu mənada İran seçim etməlidir: ya ümimi sülhə qoşulmalıdır, ya da yenə də bu münaqişələr və müharibələr içərisində öz xalqının rifahına qarşı fars şovinizmi ilə yaşamalıdır. Məsələ bu qədər çətindir. Ona görə də düşünürəm ki, İran gələcəkdə liberallaşmağa və regional inteqrasiyaya meyilli olmalıdır ki, sülh əldə olunsun”.
Pərvanə Sultanova
çap et