Azərbaycan mədəni həyatına xüsusi rəng qatan Vaqif Poeziya Günləri bu il daha fərqli - geniş formatda Vaqifin Vətəni Qazaxdan başlayıb, Nizami yurdu ulu Gəncədə davam etdirildi. Bu mötəbər tədbirdə Gəncə ədəbi-mədəni mühitinin nümayəndələri iştirak edirdilər.
Gəncədə böyük yazıçı Mir Cəlal Paşayevin ev-muzeyində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin sədri, şair Xəzangül ilk sözü Vaqif Poeziya Günlərinin məsul təşkilatçısına - AYB-nin yarıdıcılıq üzrə katibi, şair, kinossenarist İlqar Fəhmiyə verdi. O, Vaqif Poeziya Günlərinin tarixindən, böyük Zəfərdən sonra bərpasından və indi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə daha böyük vüsətlə həyata keçirilməsindən bəhs etdi. Əmin olduğunu bildirdi ki, Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Gəncədə bu gün özünəməxsus yüksək səviyyədə qeyd ediləcək. Sonra bu tədbir Qarabağda: Ağdamda və Şuşada davam etdiriləcək.
Tədbirdə mənim ifamda yazıçı Qərib Mehdinin "Şair Molla Pənah Vaqifin dili" şeiri səsləndi. Şirinlikdə arı şanının balına, dərinlikdə yerin dərin qatlarından süzülüb gələn bulağa, təmizlikdə daşlardan keçib saflaşan dağ çayına bənzədilən, ərəb-fars dillərinin əsarətindən qurtarıb türkün soy-kökünə qayıdışın ifadəsi olan Vaqifin şeir dilindən bəhs edən bu əsər hamını Vaqif şeirinə, Vaqif poeziyasına köklədi. Heca vəznində şeirin ən gözəl nümunələrini yaradan, əruzun bütün incəliklərini bilib bu növ şeirlərdə də şairlik qüdrətini sübut edən Vaqif dili Qərib Mehdinin bu əsərində 3-cü bir vəzndə - Rəsul Rza qələmində yüksək inkişaf həddinə çatan sərbəst vəzndə bir şeirlə vəsf olundu.
Azərbaycan folkloruna öz müdrikliyi ilə "Hər oxuyan Molla Pənah olmaz" zərb-məsəlinin gəlməsinə səbəb olan ulu Vaqifin ömrünün əsas hissəsini keçirdiyi Qarabağın - Ağdam elinin yetişdirməsi, yazıçı-jurnalist, "Gəncənin səsi"qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın hələ 6 yaşında ikən Vaqifin ilk məqbərəsini, sonra isə şairə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan yeni möhtəşəm məqbərəni ziyarətə getməsi haqqında xatirələri tədbir iştirakçılarında maraq doğurdu.
Çıxış edənlər - AYB Gəncə bölməsinin sədri Xəzangül, yazıçı-jurnalist Nüşabə Əsəd Məmmədli, şair Aləmzər Əlizadə, AMEA Gəncə bölməsi sədrinin elmi işlər üzrə müavini, dosent Əlimuxtar Muxtarov, Gəncə Maarif evinin direktoru İmamverdi Vəliyev, şairlər - Cavanşir Atəşi, İqbal İsmayılov, Fəxrəddin Sərrast və başqaları dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, o cümlədən Vaqif irsinə verilən qiymətdən danışdılar, bu irsi təhlil etdilər. Tədqiqatçı Vüsal Hicranın Vaqifin "Görmədim" müxəmməsi ilə Nişat Şirvaninin "Görmədim" mürəbbesi arasında səsləşmələr haqqında fikirləri diqqət çəkdi.
Şairlərdən Zülfiyyə Yaqub, Eltun Türkelin, İmamverdi Vəliyev və başqalarının söylədikləri Vaqif şeirlərindən nümunələr böyük sənətkarın dilinin saflığını, şirinliyini, xalqa yaxınlığını bir daha sübut etdi. Haradasa oxuduğum bir faktı xatırladım: Molla Pənah Vaqifin düşmənləri onun əsərlərini məhv etməyə çalışmışlar. Ancaq sonra xalqın dilində əzbər olan bu şeirlər yenidən yazıya köçürülərək bərpa edilib. Çünki xalq özünə yaxın olan, qəlbindən xəbər verən sənət əsərlərini unutmur, unutdurmur.
Tədbirdə iştirak edən şairlər - Sahib İbrahimli, şairlər Zahir Şirani, Salman Balakişiyev, Zülfiyyə Yaqub, Eltun Türkel, Səadət Qərib, Almaz Yusif qızı, Mələk İsmayıl, Bəxtiyar Muradov, Müşfiq Məhərrəmov, Dəniz Əlizadə, Nailə Nübar və başqaları Vaqif poeziya günündə, poeziya saatlarında öz şeirlərini oxumaqla sanki şairin ölməz ruhu qarşısında hesabat verirdilər.
Gəncədə Vaqif Poeziya Günləri tədbirinin birinci hissəsindən - Mir Cəlal Paşayev muzeyində keçirilən poeziya saatlarından sonra xatirə şəkilləri çəkildi.
Tədbir Gəncə Dövlət Filarmoniyası solistlərinin, filarmoniyanın nəzdində Xalq Çalğı Alətləri Orkestrinin, "Göy göl" Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam etdirildi. Orada Azərbaycanın görkəmli bəstəkarlarının Molla Pənah Vaqifin əsərlərinə bəstələdikləri musiqi əsərləri ifa olundu.

Firəngiz İDRİSQIZI
çap et