Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
525.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Putin bölgədəki problemlərin yalnız dinc yollarla həllinin mümkün olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyü dəstəklənməli, ölkədəki bütün etnik və dini qrupların legitim hüquq və maraqlarına hörmət edilməli və bu əsasda daxili siyasi sabitlik möhkəmləndirilməlidir.
Telefon danışığında İranla bağlı vəziyyət də müzakirə olunub. Bildirilib ki, Rusiya İranın nüvə proqramı ilə bağlı məsələlərin danışıqlar yolu ilə həll olunması üçün səylər göstərməyə hazırdır.
Putin və Netanyahu beynəlxalq və ikitərəfli məsələlərlə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.
İsrail Baş Nazirliyindən verilən açıqlamada isə telefon danışığının əsas mövzusunun İranla bağlı vəziyyət olduğu qeyd edilib.
Ləman İlkin
çap et