525.Az

Vətəndaşın "gündəliyi"


 

Vətəndaşın "gündəliyi" <b style="color:red"></b>

Bu səhər də həmişəki kimi tələsirdim. Amma dərsə yox, xəstəxanaya. Görəsən, niyə hər zaman harasa tələsirik? Tələsən bizik, yoxsa zaman? Elə bu barədə düşünə-düşünə hazırlaşıb, evdən çıxdım. Yolboyu fikirləşirdim ki, axı, tələsməyimə səbəb nədir?! Və deyəsən, cavabı tapmışdım!

Hər gün dərsə gecikməmək üçün oyanıram, bunun səbəbi qaib limitinin olmasıdır. Bəs bu qaiblər olmasaydı, mən yenə də dərsə tələsərdim? Problem bizdədir, ya təhsil sistemimizdə? Yox! Deyəsən, yenə də cavab yerinə suallar yarandı.

Gəzə-gəzə metroya düşdüm. Basabas olsa da, qatara minə bildim; amma öz istəyimlə yox, arxadan təkan verənlərin sayəsində. Yenə dolu qatarlar, yenə bir-birini itələyən insanlar, yenə də qocalar qatara minərkən qulaqlığı taxıb onları görməzdən gələn cavanlar və yenə də "bluetooth"la qız tutmağa çalışan kişilər. Ətrafdakıların kimisi telefonda mesaj yazır, kimi də kitab oxuyurdu. Daha doğrusu, kitab oxuyan cəmi bir nəfər idi. "Azlıq çoxluğa tabedir" - deyirlər. Bayaq kitab oxuyan artıq telefonda nəyləsə məşğul olurdu.

Qatardan düşüb, avtobus dayanacağına yollandım. Yolda gedərkən "istifadəsiz" piyada keçidi diqqətimi çəkdi. Piyada keçidi ola-ola, qadağan olunmuş yerdən, yolun ortasından keçən adam heç həyatı haqqında düşünürdümü?

Artıq avtobusdaydım. Birdən qəribə qoxu hiss etdim. Bəli, avtobus sürücüsü siqaret çəkirdi. Siqaret ictimai yerdə çəkiləcəksə, bəs "siqaret çəkmək qadağandır" yazılmış lövhə niyə asılıb?Yoxsa sürücülər istisnalara daxildirlər? Bəlkə həmin lövhələr sadəcə bəzək üçün asılıb? Nə isə, birtəhər xəstəxananın qarşısına çatdım. Müayinə üçün gəlmişdim. Xəstəxana dövlət hesablı idi, lakin özəl xəstəxanalardan heç də geri qalmırdı. Giriş pullu idi.

Xəstəxanadan çıxıb, universitetə getməyi qərara aldım. Avtobusda düşünürdüm ki, görəsən qaib yazılmamış dərsə çata biləcəyəm? Elə bu fikirlə avtobusdan düşüb, tələsik universitetə doğru irəliləyirdim ki, birdən "Allah səni xoşbəxt eləsin" - deyən qadının səsi məni dayandırdı. İşləmək qabiliyyəti olan qadın dilənçi qarşımda dayanmışdı. Əli iş tutan qadın görəsən niyə işləmir? Yoxsa işləməyi bacarsa da, özünə iş yeri tapmır? Dilənçidən aralanıb, universitetə tərəf yollandım. Əsas giriş qapısı bağlı olduğundan bir xeyli yol qət edib universitetə çatdım. Artıq III kursdayam və görəsən nə vaxtsa universitetimizin əsas qapısından keçmək mənə də qismət olacaqmı?

Binanın qapısında "vəsiqələr" deyə səslənən qapıçının səsini eşitdim. O işini görürdü. Problem onun bizdən tələbə biletlərimizi göstərməyi istəməsində deyildi. Problem onun vəsiqələrə baxmadan bizi içəri buraxmasında idi. Çünki mən tələsdiyimdən tələbə bileti əvəzinə metro kartı çıxarmışdım. Sonra otağa girdim və dərs başladı.

Elə hey düşünürdüm. Problem nədədir? Mənim bu qədər çox düşünməyimdə? Bəlkə bizim hər şeyə adi yanaşmağımızda? Ya da nə qədər çalışsaq da, özümüzü hələ də "Avropa standartları"na uyğunlaşdıra bilməməyimizdə?..

Çinarə İSMAYILOVA

 





06.01.2015    çap et  çap et