525.Az

Azərbaycan qazı Suriyaya yol alır


 

​​​​​​​“BU, ÖLKƏMİZİN ARTAN REGİONAL ROLUNUN, ENERJİ DİPLOMATİYASININ DAHA BİR GÖSTƏRİCİSİDİR”

Azərbaycan qazı Suriyaya yol alır<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan qazı bu həftədən başlayaraq Suriyaya nəql ediləcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Bakı ilə imzalanmış SVOP razılaşmasına əsasən  Azərbaycandan ixrac olunan qaz Kilis üzərindən Suriyaya, Dəməşqə nəql olunacaq. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan rəsmilərlə Kilisdə mərasim keçiriləcək.

Qeyd edək ki, bu, təkcə Azərbaycan üçün iqtisadi əhəmiyyət daşımır, eyni zamanda yeni bir regionda, Yaxın Şərqdə ixrac imkanlarının şaxələndirilməsi deməkdir. Bakının Suriyaya qaz nəqlinə qərar verməsi həm də ölkəmizin yenidən qurulmağa başlayan və ciddi enerji problemi olan Suriya dövlətinə, xalqına bir dəstəyi, dost köməyidir. Ekspertlərə görə, Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər.

İyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Prezident İlham Əliyevlə görüşdə Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyini bildirib. Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanaraq bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

Bundan əlavə, səfər zamanı SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumunun imzalanması ilə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Suriyaya Türkiyə üzərindən ildə 1,2 milyard kubmetr həcmində qaz ixracı planlaşdırılır. Bu layihə, həmçinin Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına töhfə verəcək.

Nazir Alparslan Bayraktarın sözlərinə görə, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq: “Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi, 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı “525”ə bildirib ki, Azərbaycanın Suriyada neft hasilatına başlaması həm enerji siyasəti, həm də geosiyasi baxımdan əhəmiyyətli bir hadisədir. Bu addım Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də regionlararası enerji siyasətinin formalaşdırılmasında fəal aktor kimi rolunu gücləndirir.

Deputat söyləyib ki, Suriyada illərdir davam edən münaqişədən sonra infrastrukturun bərpası və iqtisadi sabitliyin təmin edilməsi beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir. Azərbaycanın bu mərhələdə iştirakı, onun regionda sabitlik və inkişaf yönümlü siyasətinin göstəricisidir. Bu, həm də Azərbaycanın iqtisadi və texnoloji imkanlarını siyasi nüfuz alətinə çevirir.

A.Hüseynov əlavə edib ki, bu addım, eyni zamanda enerji geosiyasətində yeni balans nöqtələri yaradır: “Azərbaycan Cənubi Qafqazdan Yaxın Şərqə enerji investisiyası edən ilk ölkələrdən biri kimi, regiondaxili və regionlararası enerji əməkdaşlığının təşəbbüskarına çevrilir. Bu isə Bakının həm OPEC+ formatında, həm də Avrasiya və Yaxın Şərq enerji bazarlarında söz sahibi olma imkanlarını artırır. Əlavə olaraq, Suriyada qaz hasilatı Azərbaycanın enerji marşrutlarının şaxələndirməsi baxımından da vacibdir. Alternativ resurslara və hasilat sahələrinə çıxış Azərbaycanın daxili enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ixrac portfelini də zənginləşdirir. Bu, ölkəmizi təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada enerji sabitliyinin təminatçısı mövqeyinə yaxınlaşdırır.

Azərbaycanın Suriyadakı bu fəaliyyəti, eyni zamanda, regionda nüfuz uğrunda yarışan böyük güclərlə balanslı münasibət qurmaq strategiyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bakı bu yanaşma ilə özünü neytral, iqtisadi əməkdaşlığa əsaslanan siyasət yürüdən və beynəlxalq normalara sadiq tərəfdaş kimi təqdim edir”.

Deputat onu da vurğulayıb ki, Azərbaycanın Suriyada neft hasilatına başlaması yalnız iqtisadi deyil, həm də strateji və siyasi baxımdan əhəmiyyətlidir. Bu, ölkənin artan regional rolunun, enerji diplomatiyasının və çoxşaxəli xarici siyasətinin daha bir göstəricisidir.

 





31.07.2025    çap et  çap et