525.Az

"Media forum"un adamları...


 

"Media forum"un adamları...<b style="color:red"></b>

Bu yaxınlarda xanım işçilərdən birinin xətrinə dəymişdim. İş üstündə olmuşdu bu. Redaksiyada belə incikliyin üstündən tez keçirik biz: könlünü aldım, dedim ki, hərə bir şeyin dəlisidir, mən də adam dəlisiyəm...

10 yaşlı "Media forum" saytının bu illər ərzində 30-dan çox əməkdaşı olub. 10 ildə 25 nəfərdən çox adam saytda təcrübə keçib. Bu adamların az qala hamısı ilə bir yerdə çalışmışam, mənim əlimdən az çəkməyiblər, amma həm də adam dəlisi olduğumu görüblər:

Ağa Ağayev. O, "Media forum"a lap yenicə gəlib. Təcrübə keçir. Savadlı, götürümlü gəncdir. Çox həyalıdır. Hər kişi xeylağında həya olmur. Bunu nəzərə alıram, onunla çox sakit davranıram...

Atilla Maralanlı. "Media forum"un azman veteranı. Şirin əhvalatların əsas qəhrəmanı. Məndən böyük olan Atillanı hərdən acılayıram. Amma bilir ki, ona sonsuz sayğım var.

Hazırladığı İran xəbərlərinin hesabına Arazın o tayında qalmış vətənimizi hər gün qarış-qarış gəzirik, hər gün neçə güneylini bağrımıza basır, yaralarını sarırıq. Təbrizlidir Atilla. Atillanı sevmədən Təbrizi necə istəmək olar?..

 Azər Qaraçənli. Bir dəfə Azərdən yazmışam: "Azərin üzündə babamın nuru var. O nur tək məni yox, tanıyanların hər birini heyran qoyur. Namərdliyin, xəyanətin at belinə minib belədən-belə çapdığı zəmanədə Azərin mərd, sədaqətli olmasına, bu tozanaqda itib-batmayıb nur saçmasına heyran qalmamaq mümkün deyil".

Bir əlavəm var indi: biz ikimiz - baş redaktorla onun müavini - redaksiyanı sanki danışıbmış kimi idarə edirik. Mən işçiyə qəzəblənən kimi Azər yumşaq mövqe tutub işçini qoruyur. Azər qəzəblənəndə mən işçini himayəyə götürürəm. Heç bir şərt kəsməmişik, bu da Allahın bir nizamıdır.

Bəkir Nərimanoğlu. Çox bacarıqlı, amma bir az tənbəl olan Bəkirlə problemimiz tez-tez yaranır. Amma o, "Media forum"un başqa bir məktəb olduğunun fərqindədir deyə problem çözülür, yola gedirik.

Bizim adamlardan başqa nə sərvətimiz var...

Fəxri Uğurlu. Bir kəlmə bəs edər: Fəxri yolu aydın olan adamdır. Çox aydın yolu var Fəxrinin.

Yolumuz birdir, toqquşmarıq...

İlkin Quliyev. Saytın debütantlarından biri. Özünə demişəm, mənə qulaq assa, hər şey yaxşı olacaq. Hərdən beyninə batır, hərdən yox.

Təmiz uşaqdır. Yalan danışan kimi özünü ələ verir...

İmdad Əlizadə. "Media forum"un dirəyi İmdad. Böhrana düşdüyümüz vaxtlarda şeytanın qıçını sındırıb toy eləməsi bizi çox sevindirdi.

Hərdən ağır davalarımız olub onunla, amma dərinə getməmişik. Həm də ona görə ki, bizim dərdimiz birdir. Siz onun atasının 1993-cü ildə Kəlbəcərdə erməni mühasirəsində qaldığı 54 günün hekayətini oxumusunuzmu:

- Qarağacı dərəsində səhər-səhər yuxudan durur və üzü gündoğana, Günəşə sarı gedirdim. "İlahi, sənə şükür, bir gün də sağ qaldıq, bir gün də yaşadıq" deyə öz-özümə düşünürdüm. Anamı, qardaş-bacımı yada salırdım: "Sabahın xeyir, ana, sabahın xeyir, Ağa, sabahın xeyir, Cahan bacı, sabahın xeyir Sədaqət bacı..." Övladlarımı yada salırdım: "Sabahın xeyir, Turac, sabahın xeyir, İmdad, sabahın xeyir, Babək, sabahın xeyir, Mirzə, sabahın xeyir, Rəhimə, sabahın xeyir, Xıdır..." Öz-özümə danışırdım...

Oqtay Qorçu. Mənə abi deyən qardaşım. Böyük qardaşı Fəxrinin sözündən çıxar, amma abinin bir sözünü iki eləməz.

Oqtayın yazılarının bir ayrı kədəri var...

Sənan Əhliman. O da çox bacarıqlı gəncdir. Ovqatımızın təlx vaxtında Sənan bizim redaksiyaya işıq kimi axıb gəldi, canımız isindi. Gəldiyi gündən başını aşağı salıb işləyir.

Davamız düşməz onunla...

Sevinc Yasinqızı. Yaxşı qızdır Sevinc. Yazıları məni incidəndə mən də onu incitmişəm. Çox irəli getdi qısa zamanda, danlaqlar da azaldı.

Bir ara çıxıb başqa sayta getdi. Bir həftədən sonra mənim danlaqlarımdan ötrü darıxıb geri qayıtdı...

Səidə Hüseynova. O, xəbər dağarcığımız, saytımızın yaraşıq verəni, redaktorlarla işin sonunadək birgə çalışan yol yoldaşımız, özü demiş, qardaşımızdır.

İnciyən kimi gözü nəmlənir, amma heç belə şeyləri dərd eləmədi, işdə hər şey olur...

Töhfə Əzimova. Saytımıza töhfə gəlib. Bu yaxınlarda xətrinə dəydiyim xanım odur. Dedim axı, hərə bir şeyin dəlisidir, mən də adam dəlisiyəm...

Yeganə Oqtayqızı. Yazıları ilk günlərlə müqayisədə yerlə göy arasında fərqlidir. Daha redaktor sərtliyinə ehtiyac qalmayıb.

Mən yoldaşıma cəmi bir dəfə gül bağışlamışam. O da Yeganənin Mərdəkandakı həyətlərindən gətirdiyi gül olub. İnanıram: Yeganə Laçındakı həyətlərindən də gül gətirəcək...

Saytdan hər gedən mənim bir parçamı aparıb getdi:

Alya. Ölkənin ən güclü jurnalistlərindən birini təqdim eləməyə ehtiyac yoxdur.

Dostuq onunla. "Kim deyirsə ki, kişinin qadınla dostluğu tutmaz, deməli, o, həyatı yaxşı bilmir. Ürək qızdırıram sənə. Başqa dostlara deyə bilmədiyim dərdimi səninlə bölüşürəm. Kişi dostlardan çox hesablaşıram səninlə. Sənin sözündən çıxmaq çox çətindir".


Belə yazmışam bir vaxt. O vaxt ad çəkməmişdim, indi çəkirəm...

Amid Süleyman. Mən bu çətin adamın öhdəsindən gəlmək üçün əlləşəndə gördüm ki, ağdamlı ayağının altında Ağdam torpağı olmadan da ağdamlıdır...

Aynur İmanova. Hər jurnalist yazısı birinci cümlədən başlamaz. Aynurun yazısı birinci sözdən başlayır, bir də görürsən axırıncı nöqtədəsən.

"Media forum"un redaksiyasındakı mühiti öz dilindən eşidək: "Nadir iş yerləri olur ki, orada əziz adama çevrilirsən, yaxud oradakılar sənə o qədər əziz olur ki, xəstəxanaya düşəndə bacı-qardaşından əvvəl onları qapı arxasında gözləyən görürsən, yaxın adamından ummadığını belə onlardan umursan, yaxud ən yaxın qohumunun deyil, iş yoldaşının, yaxud iş rəhbərinin iradı sənə daha çox yer edir. İnciyəndə elə-belə yox, ürəkdən inciyirsən, sevinəndə xalaxətrin qalmasın deyə yox, cani-könüldən sevinirsən"...

Aysel Yusifqızı. Kriminaldan yazmaq istəyirdi, ekologiyadan yazmalı oldu. Çox danlayanda ağlamağı vardı.

Mənim kisəmdən getdi. "Ekologiya gözəli, yarım stəkan çay gətir" deyərdim...

Elkin Xəlilov. Mən ona acıqlananda qımışa da bilərdi, saatlarla ağlaya da. Baxır damarına.

Ağdərənin Sırxavənd kəndindəndir Elkin. "Kəndimizi görmək istəyirəm. Babamla. Babamın gözlərinin nəmi orda quruyacaq, bilirəm" yazmışdı bir yol...

Elnur Hadıyev. Magistraturaya girmək üçün işdən çıxanda ona demişdim ki, akademiyanı qoyub hara gedirsən? "Media forum" məktəbində yetişdiyini özü də etiraf edir...

İsmayıl İsmayılov. Ay İsmayıl, axı haçan gəlib deyəcəksən ki, Hikmət, sənə bir sualım var? Sən gedəni ağzımızın dadı da qaçıb...

Kamilə Məhərrəmli. Onun indiki redaktoru Elbrus Əruda xəbərdarlıq edirəm: Cücəmdən muğayat ol...

Könül Şamilqızı. "Bir sözündən belə küsərsiniz bəzən. Səsinin tonu dəyişəndə belə gözləriniz dolar. Uşaq kimi bircə xoş sözünə, bircə gülüşünə, bircə sığalına bənd olarsınız amma, yenə gülər gözlərinizin içi, kədərin izi-tozu qalmaz". Könülün yazısındandır.

Bənzərsiz qələm adamlarından biridir Könül, ən müşkül mövzu onun əlində su içimi kimidir...

Nailə Babayeva. Sənə demişdim axı, qızının adını Dəniz qoy, Deniz yox...

Ülkər Bəkirli. Heyf ki, jurnalistlikdən tez ayrıldı Ülkər. Çox diridir, çox diri.

Acığı tutan kimi belə deyərdi: "Heç dəxlisi var?"

Adını çəkmədiklərimi unutmuram, adamlardan başqa nə sərvətim var mənim?..

Hikmət Sabiroğlu

 





06.01.2015    çap et  çap et