ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə tam və hərtərəfli ticarət sazişi bağladıqlarını bildirib.
525.az xəbər verir ki, ABŞ lideri “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda bu ölkəyə 15 faiz tarif tətbiq ediləcəyini, lakin ABŞ mallarına heç bir gömrük rüsumu qoyulmayacağını vurğulayıb.
Trampın bildirdiyinə görə, saziş çərçivəsində Cənubi Koreya, mülkiyyəti və nəzarəti ABŞ-a aid olan və prezidentin müəyyən edəcəyi investisiyalar üçün ABŞ-a 350 milyard dollar ayıracaq.
Bundan əlavə, Cənubi Koreyanın 100 milyard dollarlıq təbii maye qaz (LNG) və ya digər enerji məhsulları alacağı da Trampın açıqlamasında yer alıb. O, həmçinin bildirib ki, Cənubi Koreya investisiya məqsədilə böyük miqdarda əlavə sərmayə yatırmağı da qəbul edib.
Bu vəsaitin məbləği, Cənubi Koreya Prezidenti Lee Jae-Myungun yaxın iki həftə ərzində ikitərəfli görüş üçün Ağ Evə səfəri zamanı açıqlanacaq.
Xatırladaq ki, Tramp 2 aprel tarixində ölkələrə tətbiq ediləcək qarşılıqlı tarifləri açıqlayarkən Cənubi Koreyaya 25 faiz tarif tətbiq ediləcəyini bildirmişdi.
Ləman İlkin
çap et