525.Az

Rusiyada 129 şəhərin yox olmaq təhlükəsi var


 

Rusiyada 129 şəhərin <b style="color:red"> yox olmaq təhlükəsi var</b>

Rusiyanın 129 kiçik şəhəri yaxın gələcəkdə yox olmaq təhlükəsi ilə üzləşib. Bu şəhərlərdə ümumilikdə təxminən 3,4 milyon nəfər yaşayır.

525.az xəbər verir ki, bu barədə Lenta.ru Rusiya Prezidenti yanında Milli Təsərrüfat və Dövlət Xidməti Akademiyasının (RANXiGS) ekspertlərinə istinadən məlumat yayıb.

Ekspertlərin araşdırmasına əsasən, son on il ərzində bu şəhərlərin əhalisi 314 min nəfər azalıb. Şəhərlərin yox olmasının əsas səbəbləri kimi məşğulluğun azalması, kiçik və orta biznes sektorunun tənəzzülə uğraması və digər amillər göstərilir.

Ən çox əhali itkisinin qeydə alındığı regionlar əsasən Rusiyanın şimalındakı kömür, metallurgiya və meşə sənayesi sahələri üzrə ixtisaslaşmış şəhərlərdir.

Kiçik şəhərlərin çöküşü prosesi bir neçə nəsil boyunca davam edir. RANXiGS-in Laboratoriya rəhbəri Stepan Zemtsov bildirib ki, belə şəhərlər tədricən öz funksiyalarını itirir və nəticədə kənd tipli yaşayış məntəqəsinə, qəsəbəyə çevrilir. Onun sözlərinə görə, bu prosesin qarşısını almaq çətin olsa da, istisnalar mövcuddur. S.Zemtsov hesab edir ki, yerli iqtisadiyyata stimul verə biləcək logistika şəbəkələrinin yenidən qurulması, sənaye və ya aqrosənaye klasterlərinin yaradılması, turizm sahəsinə investisiyalar qoyulması, yerli istehsalın bərpası kiçik şəhərlərin itirdiyi funksiyaların bərpasına şərait yaradar. Onun fikrincə, tarixdə belə hallar çox olub və tənəzzüldə olan şəhərlər güclü inkişaf mərhələsinə qədəm qoyaraq yenidən tam şəhər statusunu qazanıb. Bu isə həm regionun imkanlarından, həm də yerli sahibkarların dəstəyindən asılıdır.

İbrahim Cəfərov

 





05.08.2025    çap et  çap et