525.Az

Pakistan səfiri Azərbaycan xalqına və hökumətinə təşəkkür edib


 

Pakistan səfiri Azərbaycan xalqına və hökumətinə təşəkkür edib<b style="color:red"></b>

“Qardaş Azərbaycan xalqına və hökumətinə Kəşmir xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

525.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin 5 avqust 2019-cu il - Cammu və Kəşmir xalqının İstismar Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Diplomat deyib ki, iki xalq və dövlət bir-biri ilə çox yaxındır və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə səmimi qəlbdən sevinirlər.

“Azərbaycan torpaqları otuz ilə yaxın qəddar erməni işğalı altında idi. Azərbaycana yaxın bir xalq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən tanınan öz  qanuni torpaqlarına müstəqil şəkildə nəzarəti bərpa etməsindən qürur hissi keçiririk”, - səfir bildirib.

Daha sonra diplomat Pakistanın Baş naziri Şahbaz Şərifin yazılı müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, Pakistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Hindistanın qanunsuz addımlarını, eləcə də 2019-cu il avqustun 5-dən etibarən Hindistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, onun tərəfindən qanunsuz işğal olunmuş Cammu və Kəşmirin (IIOJK) demoqrafik tərkibini və siyasi strukturunu dəyişməyə yönəlmiş birtərəfli addımlarını qətiyyətlə pisləyir və rədd edir.

Baş nazir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir xalqının iradəsinə və istəklərinə hörmət göstərilməsinin Cənubi Asiyada davamlı sülhün təmin olunmasının yeganə yolu olduğunu əlavə edib.

Tədbirdə, həmçinin Pakistan Prezidenti Asif Əli Zərdarinin də müraciəti səsləndirilib.

Qeyd edək ki, Hindistan 5 avqust 2019-cu ildə konstitusiyasının 370-ci maddəsini ləğv etdiyini açıqlayıb. Bu maddə Cammu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə daha çox muxtariyyat verirdi. Belə ki, Cammu və Kəşmir ştatının özünəməxsus konstitusiyası, ayrıca bayrağı, xarici işlər, müdafiə sahələri istisna olmaqla bütün digər sahələrdə qərar vermək hüququ var idi, bu maddə kənar şəxslərin Kəşmirdə torpaq almasına da mane olurdu. Maddənin ləğvi onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirdi. Ayrı bir konstitusiya bəndi olan və ləğv edilən 35A isə daimi sakinlərə xüsusi hüquqlar və imtiyazlar verməklə Kəşmirin muxtar statusunu gücləndirirdi. Pakistan kəşmirlilərin yeganə səsi olmaqla BMT və İƏT də daxil olmaqla bütün beynəlxalq forumlarda məsələni qaldırır, kəşmirlilərin azadlıq mübarizəsinə tam mənəvi dəstəyini davam etdirir.

370-ci maddənin ləğvi bölgədə bütün sahələrə mənfi təsir göstərib. Cammu və Kəşmir administrasiyasının məlumatına görə, Kəşmir vadisi 2011-2014-cü illərdə hər il rekord sayda turist cəlb edib. Amma 2019-cu ildən sonra Kəşmir iqtisadiyyatının əsas dayağı sayılan turizm sektorunda 86% azalma qeydə alınıb.

Ümumilikdə, Kəşmir Ticarət və Sənaye palatalarının hesablamalarına görə, 5 avqust 2019-cu il tarixindən sonra bölgədə digər sahələrdə də itkilər baş verib.

Pərvanə Sultanova

 





05.08.2025    çap et  çap et