525.Az

Ermənistan-Gürcüstan münasibətlərində Cavaxetiya və Abxaziya dəmir yolu problemləri


 

Ermənistan-Gürcüstan münasibətlərində Cavaxetiya və Abxaziya dəmir yolu problemləri<b style="color:red"></b>

Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv olmasından sonra onun üçün regionda və beynəlxalq aləmdə yeni nüanslar ortaya çıxıb. Belə ki, Ermənistan üzv olduğu bu qurumlarla əlaqələrini siyasi və hüquqi baxımdan tənzimləməsi üçün daxili, xarici iqtisadi və siyasi münasibətlərini yenidən formalaşdırmalıdır.

Ermənistanın yuxarıda adları çəkilən qurumlara üzv olan dövlətlərin heç biri ilə sərhəddi yoxdur və bu ona bir çox problemlər yaradır. Bu baxımdan, Ermənistanın Gürcüstan ilə münasibətləri müzakirə mövzusudur. Gürcüstan Ermənistan üçün şimal tranzit nəqliyyat dəhlizi olması baxımından əhəmiyyətlidir. Ermənistanın bu ölkə ilə yaxın münasibətlər qurması zəruri olduğu halda, son 20 ildə iki ölkə arasında əlaqələr o qədər də inkişaf etməyib. Ermənistan Cavaxetiya, Abxaziya və Cənubi Osetiya problemləri ilə bağlı Gürcüstanın mövqeyini dəstəkləmir və yaxud ən azından tərəfsiz qalmır. Abxaziya dəmir yolunun açılması məsələsində isə Ermənistan Gürcüstanın mənafelərinə zidd siyasət həyata keçirir.

1. Cavaxetiya problemi

Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Cavaxetiya ermənilərinin separatist tələblərini dəstəkləyir və onların hökumətə qarşı təşkilatlanmasına kömək edir. Bundan başqa Abxaziyada təxminən 70 min erməninin yaşadığını diqqətə alan Ermənistan bu bölgənin Gürcüstanın tərkibində qalmasını istəmir.

Ermənistan eyni zamanda Abxaziya və Cənubi Osetiya separatçılarına müəyyən mənada dəstək verir, qondarma "DQR'' vasitəsilə Abxaziya və Cənubi Osetiya ilə münasibətlər qurur, bu qurumlarda keçirilən seçkilərə müşahidə heyəti göndərir,  tanınmayan qurumların təşkil etdikləri tədbirlərdə iştirak edir.

Gürcüstanın müstəqilliyinin ilk illərində Prezident Zviad Qamsaxurdiyanın gürcü millətçiliyini ön plana çıxarması Gürcüstanda yaşayan ermənilərin muxtariyyət (müstəqillik) tələblərini gücləndirdi. Ancaq Qamsaxurdiyanın devrilməsindən sonra ermənilərə qarşı təzyiqlərin azalması, Ermənistanın Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etməsi ermənilərin muxtariyyət tələblərinin müəyyən qədər arxa plana keçməsinə səbəb olmuşdur. Gürcüstanın Azadlıq Partiyasının lideri Rezo Şavişvili məsələ ilə bağlı verdiyi bəyanatda "Ermənilər Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsəydilər, Gürcüstandakı erməni bölgəsinin Ermənistana birləşdirilməsini tələb edəcəklərdi'' demişdi.

Son illərdə Cavaxetiya ermənilərinın separatçı tələbləri gündəmə gətirilir, onlar demokratiya və insan azadlıqlarının pozulması iddiasıyla hökumətə təzyiq göstərirlər. Eyni zamanda, bu təzyiq və tələblərə paralel olaraq, Cavaxetiya ermənilərinin gizlicə silahlandığı haqqında müxtəlif informasiyalar verilir. Cari ilin ikinci yarısından etibarən Gürcüstan polisinin Cavaxetiyada keçirdiyi əməliyyatlar zamanı külli miqdarda silah və sursatın ələ keçirilməsi bu iddiaları təsdiq edir. Bəzi mənbələr silah və sursatların vaxtilə bölgədə yerləşən 62-ci rus hərbi bazasından ermənilərə verildiyini bildirir. Hökumət Cavaxetiyanın sosial-iqtisadi problemlərini həll etməyə çalışaraq, ermənilərin separatçı tələblərinin qarşısını almağa cəhd edir. Amma Cavaxetiyada yaşanan sosial-iqtisadi problemlər, "orada ermənilər yaşayır'' deyə davam etmir. Bu ümumən Gürcüstanın qarşılaşdığı problemdir və gürcülərin yaşadığı bölgələrdə də eyni sosial-iqtisadi problemlər var.

2. Abxaziya dəmir yolunun açılması problemi

Ermənistan-Gürcüstan münasibətlərində xüsusi yeri olan digər bir məsələ Abxaziya dəmir yolunun açılması problemidir. Abxaziya dəmir yolu Tiflisdən qərbə doğru uzanaraq Samtredia qəsəbəsində cənub və şimal olmaq üzrə iki xəttə ayrılır. Şimal xətti Abxaziya üzərindən Rusiyaya uzanır. Cənub xətti isə İrəvandan başlayır, Gümrüyü və kiçik Qafqaz dağlarını keçərək Tiflisə və oradan şimala-Rusiya xəttinə qovuşur.

Abxaziya separatçılarının 1990-cı illərdə başlayan müstəqillik tələbləri nəticəsində Abxaziya dəmir yolu bağlandı. Bu dəmir yolu Ermənistanın əsas şimal nəqliyyat xətti olsa da, 1992-ci ildən etibarən Ermənistan bu nəqliyyat xəttindən istifadə edə bilmir.

Ermənistan-Gürcüstan münasibətlərində Rusiya amilini diqqətdən kənarda saxlamaq olmaz. Belə ki, Ermənistan bütün sahələrdə Rusiya ilə, Gürcüstan isə Avropa ilə inteqrasiya kursunu həyata keçirir. Tərəflər arasında siyasi və iqtisadi münasibətlərdə bu məsələ bəzən fikir ayrılığına səbəb olur. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı ilə ticarət əlaqələrini Gürcüstan üzərindən qurması bu ölkə ilə siyasi və iqtisadi münasibətlərini günümüzün siyasi reallıqlarına uyğunlaşdırmaq üçün yeni razılaşma zərurətini ortaya çıxarır. Ermənistanın bu qurumlara üzv olması gömrük, daxili və xarici ticarət qanunvericiliyini dəyişdirməyi tələb edir. Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə sərhəddi olmayan tək dövlətdir və bu problem Ermənistan quruma üzv olmadan əvvəl hökumət səviyyəsində müzakirə edilmişdi. Ermənistanın bu qurumlara üzv olmasından sonra Abxaziya dəmir yolunun açılması məsələsi daha çox aktuallıq qazanıb və müzakirə edilir. Çünki bu qurumlarla əməkdaşlığın genişləndirilməsi üçün Abxaziya dəmir yolunun açılması vacibdir.

Ermənistan bu gün Rusiya ilə ticarət münasibətlərini Gürcüstanın Yuxarı Lars gömrük qapısı üzərindən həyata keçirir. Amma bu gömrük qapısının texniki imkanları məhduddur. Qış mövsümündə isə hava şəraitinə görə və Gürcüstan-Rusiya münasibətlərinin gərgin olduğu zamanlar tam həcmi ilə işləmir. Bu da Ermənistan üçün ciddi problemlər yaradır. Bir digər nəqliyyat xətti də yüklərin Qara dəniz vasitəsilə Batumi limanına və oradan Ermənistana daşınmasıdır. Amma bu nəqliyyat xətti olduqca bahalıdır və zəruri hallarda istifadə edilir. 

Abxaziya dəmir yolunun açılması Ermənistan qədər Rusiya üçün də əhəmiyyətlidir. Belə ki, 19 aprel 2011-ci ildə Gürcüstan parlamenti 31 mart 2006-cı ildə Rusiya ilə imzalanmış "Hərbi yüklərin və şəxsi heyətin daşınması haqqında” müqaviləni ləğv etdikdən sonra Ermənistanda yerləşən 102-ci Rus hərbi bazasının təminatında Rusiya ciddi problemlərlə üzləşir. Hələlik bu təminat Rusiya-İran-Ermənistan nəqliyyat xətti üzrə həyata keçirilsə də (Rusiya yükləri Xəzər dənizindən İranın Ənzəli limanına, oradan da İrəvana daşıyır), bu xətt çox bahadır və zaman baxımından əlverişli deyil.

Son zamanlarda Ukrayna böhranına görə Qərb dünyasının iqtisadi sanksiyaları ilə qarşılaşan Rusiya və Ermənistan Abxaziya dəmir yolunun açılması məsələsini yenidən gündəmə gətirir. Rusiya prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, cari ilin 24 noyabrında Abxaziya "prezidenti'' Raul Xadjimba ilə görüşən Vladimir Putin Rusiya-Gürcüstan-Ermənistan dəmir yolunu birləşdirən xəttin açılmasını müzakirə edib.[i]Görüşdən sonra Rusiya prezidentinın köməkçisi Vladislav Surkov Gürcüstanın heç bir zaman Abxaziya dəmir yolunun açılmasına etiraz etmədiyini bildirib. Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlərin nizama salınması üzrə nümayəndəsi Zurab Abaşidze isə Abxaziya probleminin həllinə stimul olacağı təqdirdə dəmir yolunun açılmasının müzakirəyə çıxarıla biləcəyini qeyd edib.[ii] Müzakirələr davam edərkən cari ilin dekabr ayında Gürcüstanın Barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili bildirib ki, Gürcüstan dəmir yolunun açılması müzakirələrində Abxaziyanın iştirakına qarşıdırlar, Putinin Xadjimba ilə bu məsələni müzakirə etməsi siyasi məqsəd güdür və Rusiya müzakirələrin Gürcüstan-Abxaziya-Rusiya formatında başlamasının mümkünsüz olduğunu bilir.[iii] Məsələyə münasibət bildirən Abxaziya "prezidentinin köməkçisi'' Vitali Qabniya isə dəmir yolunun açılması üçün Gürcüstanla Abxaziya arasında gömrük məntəqəsinin qurulmasının şərt olduğunu bildirib.[iv]

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Abxaziya dəmir yolunu nəzərdə tutaraq, Ermənistanın kommunikasiya imkanlarının yaradılmasını alqışladığını bildirib.[v] Maraqlısı budur ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq edən ABŞ hökuməti Ermənistanın nəqliyyat probleminin həll edilməsi məsələsində Gürcüstanın ərazi bütövlüyünü və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dərhal "unuda'' bilir.

Nəticə

Son 20 ildə Ermənistan-Gürcüstan münasibətlərində ciddi qırılma nöqtələri yaşanmasa da, yüksək səviyyədə əməkdaşlıqdan da bəhs etmək olmaz. İqtisadi, ticarət və siyasi münasibətlərin xüsusilə son illərdə regionda baş verən geosiyasi hadisələrə görə inkişaf etmə ehtimalı azdır. Gürcüstan Avropa, Ermənistan Rusiya ilə inteqrasiya xəttini seçib.

Gürcüstanı narahat edən Cavaxetiya problemi hələlik ciddi təhdid ünsürü olmasa da, istənilən an Ermənistan və digər dövlətlər tərəfindən Gürcüstana qarşı istifadə edilə bilər. Bu məsələnin həll edilməsi ilə bağlı tərəflərin baxışları və siyasəti fərqlidir.

Abxaziya dəmir yolunun açılması ilə bağlı verilən bəyanatlara diqqət yetirdikdə ciddi fikir ayrılığının mövcud olduğu məlum olur. Tərəflər masa arxasına oturmadan Abxaziya dəmir yolunun açılmasını müzakirə edirlər. Əlbəttə bu məsələdə kilid nöqtə Gürcüstandır. Gürcüstan Abxaziya probleminin həll edilməsi şərti ilə bunun mümkün ola biləcəyini bildirir. Amma Abxaziya "müstəqilliyini elan edib” və Rusiya onun "müstəqilliyini'' tanıyıb. Rusiya problemə tərəf olmasına baxmayaraq (Abxaziyanın müstəqilliyini tanıdığı üçün), hakim rolunu oynamaqla problemi həll etməyə çalışır. ABŞ isə regionun reallığını diqqətə almadan bu təşəbbüsləri alqışlayır.

Maraqlısı budur ki, Abxaziya dəmir yolunun açılmasına Ermənistanın daha çox ehtiyacı olmasına baxmayaraq, İrəvan bu müzakirələrdə aparıcı rol oynamır və əsasən Rusiyanın təşəbbüslərini dəstəkləyir. Gürcüstan ilə münasibətlərdə bu məsələni gündəmə gətirsə də, Gürcüstanı "incitmək istəmirmiş'' kimi bir mənzərə ortaya çıxır. Ermənistan Gürcüstana birbaşa deyil, Rusiya, Abxaziya və problemin həll edilməsində maraqlı olan digər tərəflər vasitəsilə dolayı təzyiq göstərməyə çalışır.

Abxaziya dəmir yolunun açılması son 20 ildə müxtəlif səviyyələrdə müzakirə edilib və böyük bir ehtimalla bundan sonra da müzakirə ediləcək. Ancaq regionda və xüsusilə Gürcüstan-Rusiya münasibətlərində gərginliyin davam etdiyi müddətdə problemin həll edilmə ehtimalı olduqca zəifdir.

Newtimes.az
Hatəm Cabbarlı,
Siyasi elmlər doktoru

 





07.01.2015    çap et  çap et