525.Az

“Büdcədə şəffaflıq olsa, bahalaşma baş verməyəcək”


 

“Büdcədə şəffaflıq olsa, bahalaşma baş verməyəcək” <b style="color:red"></b>

Dünyada gedən iqtisadi-sosial proseslərin 2015-ci ildə Azərbaycana da təsirsiz ötüşməyəcəyi iddia edilir. Bu səbəbdən insanları ən çox narahat edən baş verə biləcək bahalaşmadır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Modern.az-a deyib ki, ilk növbədə Nazirlər Kabinetinin büdcə ilə bağlı açıqlamasını gözləmək daha doğru olardı:

“Bahalaşma birdən-birə baş vermir. Ona təsir edən amillər olur. Azərbaycanda bahalaşmaya təsir edən amil, adətən, yanacaq olur. Yanacağın bahalaşması multieffektiv xarakter daşıyan bir amildir.

Azərbaycanda hər hansı bir məhsul istehsalında, xidmət sahəsində yanacaqdan istifadənin real və xüsusi çəkisinin nə qədər olduğunun fərqinə varmadan istədikləri qədər qiyməti qaldırırlar.

İkinci məsələ ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Bu iki amil bahalaşmada çox həssas rol oynayır. Bu, ictimai iaşədən tutmuş bazara, xidmətə öz təsirini göstərir. Əgər hökumət 2015-ci ildə bu sahədə dövlətin tənzimləyici orqanının üzərində nəzarəti qoruyub saxlaya bilsə, heç də hamının düşündürüyü kimi, əsasən də qonşu ölkələrdə yaşananları Azərbaycanda müşahidə etmərik”.

Ekspert yeni il qabağı əvvəlki illərdəki kimi bahalaşmanı müşahidə etmədiyinə də diqqət çəkib: “Narahatlıq doğuran məsələ bayramqabağı ayrı-ayrı qurumların bahalaşmaya çağırışı oldu: Məsələn, Nəqliyyat Nazirliyinin idarə rəisi açıqlama verib dedi ki, avtobus almışıq, buna görə hökmən qiymətlər qalxmalıdır.

Azərbaycanda 10 min avtobus var. 50 avtobus alınıb deyə, qiymət qalxmalıdır?! Bu iddianın heç bir məntiqi əsası yoxdur. Yaxud metropolitendə təmir işləri aparılırsa, yeni vaqonlar alınırsa, bunun pulu vətəndaşdanmı çıxmalıdır?

Görülən işlərin heç biri həmin qurumların hesabına edilmir, hamısı dövlətin vəsaiti hesabına həyata keçirilir. Hər bir vətəndaş deyə bilər ki, bütün bunlar Dövlət Neft Fondundan ayrılan vəsait hesabına alınıb”.

İlham Şaban bir müddət əvvəlki açıqlamasını yenidən xatırladıb: “Nəqliyyat naziri Ziya Məmmədovun açıqlamasına görə təxminən 10 il ərzində yol infrastrukturuna 10 milyon manat xərclənib. Heç bir vətəndaş deməyib ki, bu vəsaiti rasional xərcləmisiniz, yoxsa necə? Əslində baş verənlərin fonunda həmin vəsaitin çox cüzi bir hissəsidir ki, onu da vətəndaşın cibindən çıxarmağa çalışırlar.

Ümumi olaraq bir reallıq var, dövlətin gəlirləri azalır. Bu faktdır, bunu danmaq olmaz. Gəlirlərin azalmasına baxmayaraq, xərclər azlamır. Belə vəziyyətdə ən real məsələ xərclərin rasionallığının artırılmasıdır. Rasionallıq cəmiyyət və hökumət əl ələ verəndə artırılır.

İndidən 2015-ci il üçün proqnoz vermək çətindir. Digər tərəfdən, Dövlət Neft Fondundan dövlət büdcəsinə 10,3 milyard manatın transferi təstiqlənib, ancaq həmin vəsaitin necə xərclənəcəyi ilə bağlı Nazirlər Kabinetinin qərarı açıqlanmayıb. Əsas məsələlər o zaman bəlli olacaq.

Əgər yenə də ötən illərdəki kimi, açıqlanan rəqəmlərdə 3 milyard manat cari xərclər kimi qalacaqsa, mənasız bir şey olacaq. Hər il verilən büdcə xərclərilə bağlı açıqlamalarda müəyyən hissə vəsaitin hara xərcləndiyi bildirilmir. Düşünürəm ki, şəffaflıq olmalıdır”.

 

 





07.01.2015    çap et  çap et