Azərbaycan-Ermənistan sülh prosesində böyük bir məsafə qət edilib və indi tərəflər anlaşmağa daha da yaxınlaşırlar. Son günlər ABŞ-dən sülhlə bağlı verilən bəyanatlarda da bu məqama vurğu edilir. ABŞ Prezidenti Donald Tramp hələ iyulun 18-də amerikalı senatorlarla şam yeməyində Ermənistan və Azərbaycanın sülh sazişi bağlamağa yaxın olduqlarını bəyan edib: “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və o (sülh sazişi - red.) artıq məqsədə yaxındır”.
Yeri gəlmişkən, Respublikaçılar Partiyasının üzvü, senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib ki, Prezident Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir. Onun sözlərinə görə, bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq.
Görünən odur ki, xüsusilə Əbu-Dabi görüşündən sonra ABŞ müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Ötən ay Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş ikitərəfli görüş regionda sülh prosesinin inkişafı baxımından mühüm addım oldu. Vasitəçi olmadan, birbaşa ikitərəfli formatda baş tutan bu görüşdən sonra müsbət mesajlar verildi.
Əslində tərəflərin bu ilin martında sülh sazişi mətnini tam razılaşdırdıqlarını nəzərə alsaq, prosesin yekunlaşmasına demək olar ki, bir addım qalıb. Amma Ermənistan bunun üçün Bakının daha iki tələbini yerinə yetirməlidir. Həmin tələblər də Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin bərqərar olması üçün çox vacibdir. Bunlar Ermənistan konstitusiyasının dəyişdirilməsi, yəni Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in yalnız kağız üzərində qalan Minsk qrupunun ləğvidir.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, hüquqi sənədlərində bu cür bəndlərin olması əlbəttə ki, yolverilməzdir. İrəvan müxtəlif bəhanələrlə bu məsələdən yayınmağa çalışsa da, rəsmi Bakı öz mövqeyində qətiyyətlidir, çünki qarşı tərəfin qanunsuz əməllərini həyata keçirmək üçün bu məqamdan istifadə etməyəcəyinə zəmanət yoxdur. Artıq Ermənistanın belə “praktikası” mövcuddur.
ATƏT-in Minsk qrupuna gəlincə, dəfələrlə deyildiyi kimi, bu formatın İkinci Qarabağ müharibəsindən sonra saxlanılması mənasızdır. Baxmayaraq ki, münaqişə müddətində də heç bir fəaliyyəti olmayıb, həmin dövrdə də rəsmi Bakı tərəfindən onların işi dəfələrlə tənqid olunub. Ümumiyyətlə indi tərəflər arasında danışıqlar birbaşa, vasitəçi olmadan aparılır, hətta məkan olaraq da elə ölkələr seçilir ki, onlar bu prosesdə hər hansı maraq, fayda güdmürlər, sadəcə regionda sülh istəyirlər.
Onu da vurğulayaq ki, tərəflər arasında sülhlə bağlı başladılan proses, saziş layihəsindəki bütün 17 bəndin razılaşdırılması, ümumiyyətlə indiyə kimi keçilən yol məhz Azərbaycanın səyləri ilə mümkün olub. Ermənistana qalsaydı, şübhəsiz ki, prosesdə irəliyə doğru bir addım belə atılmazdı. Üçüncü tərəflərin vasitəçiliyi olmadan danışıqların aparılması da Azərbaycanın ideyasıdır. Çünki indiyə kimi vasitəsi olmaq istəyən bütün tərəflər öz maraqlarını, qazanclarını prioritetləşdiriblər. Nəhayət, sülh sazişi layihəsinin paraflanması da məhz Azərbaycanın təklifidir. Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bildirib ki, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib.
Sitat: “Bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb”.
Bakının mövqeyi aydındır, dəyişən heç nə yoxdur, dövlət başçısının dediyi kimi, əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Eyni zamanda, Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın.
Prezident İlham Əliyev ABŞ liderinin də rolunu qiymətləndirib: “Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”.
Xarici mediada Vaşinqtonda Azərbaycan və Ermənistan arasında görüşün keçirilmə ehtimalı ilə bağlı da məlumat tirajlanıb. Ümumiyyətlə, yaxın zamanda sülh sazişinin imzalanması mümkündürmü və ABŞ bu prosesdə hansı rolu oynayır?
Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə şərhində deyib ki, sülh prosesi davam edir, Azərbaycan və Ermənistan arasında bir çox məqamlar razılaşdırılıb: “Sadəcə olaraq Azərbaycanın haqlı tələbləri var, onlar yerinə yetirilmədən sülh müqaviləsi heç bir halda imzalana bilməz. Bunlar Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddilarının çıxarılmasıdır. Bunun üçün Ermənistanda referendum keçirilməli və konstitusiya islahatlarına gedilməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun onsuz da mövcud olmayan missiyasından ikitərəfli qaydada rəsmi şəkildə imtina tələbi var. Bu da reallaşmalıdır”.
ABŞ-nin prosesdə iştirakına gəlincə, deputat bildirib ki, artıq uzun müddətdir Azərbaycan ikitərəfli danışıqlara üstünlük verdiyini açıqlayıb və Ermənistan bunu bir qədər gec olsa da qəbul edib: “İkitərəfli danışıqların da artıq ortada nəticələri var. Bu baxımdan istər Birləşmiş Ştatlar, istər digər ölkələr olsun, heç bir halda vasitəçi qismində iştirak etməyəcəklər. Məlumat yayılıb ki, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri qəbul ediləcəklər. Bu qəbul, görüş yalnız ABŞ-nin ev sahibliyi qismində ola biləcək. Yəni Birləşmiş Ştatlar bu məsələdə vasitəçi qismində iştirak etməyəcək.
Bu, birmənalıdır. ABŞ Minsk qrupunun həmsədrlərindən biri idi. Digər həmsədrlər – Rusiya və Fransa özlərinin nümayiş etdirdikləri qeyri-konstruktiv mövqeyə görə onsuz da kənarda qalıblar. Vaşinqton yaranmış vəziyyətdən istifadə edərək özünün prosesdə iştirakını diqqətə gətirib. Ötən ay Əbu-Dabidə 5 saatlıq görüş oldu. ABŞ Dövlət Departamenti bu görüşün pozitiv olduğunu, sülh sazişinin imzalanmasında ABŞ-nin də maraqlı olduğunu açıqladı. Çünki bu, bölgədə sülhə və sabitliyə xidmət edəcək məsələdir və bu, Azərbaycanın dövlət marağındadır. Sülhlə bağlı təklif də ilk olaraq beynəlxalq hüququn beş baza prinsipi əsasında bizim tərəfimizdən irəli sürülüb. Bakının tələbləri yerinə yetiriləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Mən bunun yalnız Ermənistandakı parlament seçkilərindən sonra mümkün olacağını proqnozlaşdırıram. Çünki ona qədər Ermənistan konstitusiya dəyişikliyinə getməyəcək, ən yaxşı halda seçkilərlə eyni gündə referendum keçirilə bilər. Ondan sonra sülh sazişinin rəsmi imzalanması baş verə bilər. İstənilən halda, proses yaxınlaşmaq üzrədir".
çap et