Polşa parlamentində yeni prezident Karol Navrotskinin andiçmə mərasimi keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Navrotski and içərək, iki müddətə prezident olan Anjey Dudadan səlahiyyətlərini təhvil alıb.
Karol Navrotski çıxışında immiqrasiya, Avropa İttifaqı (Aİ) və məhkəmə islahatları məsələlərinə toxunaraq, qanunsuz miqrasiya və Polşanın avronu qəbul etmə ehtimalına qarşı çıxacağını bildirib.
Özünü Polşanın suverenliyinin müdafiəçisi kimi qələmə verən yeni dövlət başçısı, Avropa Birliyinin tərkibində qalaraq, öz kimliyini qoruyan Polşa vətəndaşlarını təmsil edəcəyini bildirib.
O, Polşanın Qərb müttəfiqləri qarşısındakı öhdəliklərinə də toxunaraq, “Mən ən mühüm müttəfiqlərimizi, xüsusilə də ABŞ-la müttəfiqliyimizi dəstəkləyəcəyəm” deyib.
Xatırladaq ki, Polşada keçirilən prezident seçkilərində mühafizəkar tarixçi Karol Navrotski 50,9 faiz səs toplayaraq ikinci turda qalib gəlib. Varşava meri Rafal Trzaskovski isə 49,1 faiz səs toplayıb.
İbrahim Cəfərov
çap et