525.Az

Qış nağılı


 

Qış nağılı<b style="color:red"></b>

Qar meşə yolunu rahatsız edib. Qış yavaş-yavaş uca dağlardan, şiş zirvələrdən  enə-enə  yalı-ətəyi qucaqladıqca ətrafa soyuq bir səssizlik də çökür. Əl-ayaq soyuyur. Ancaq təbiətin dünənki isti qayğısını, ağacların insana sığal verən yarpaq-yarpaq nəvazişini unutmaq olmur. Adamsız cığırların darıxqanlığını arabir quşların qəfil pırıltısı, kükrəyişindən qalmayan dağ çayının gurultusu pozur. O, yay ahəngi ilə cazibədar görünmək, hamını özünə cəlb etmək istəsə də, əvvəlki qaldan əsər-əlamət yoxdur. Çay boyu üzüyuxarı dağların zirvəsinə doğru uzanan sakit cığırlar ətəkləri dolaşa-dolaşa onların əhvalını soruşur.

Arabir yol kənarındakı qış gülləri yellənə-yellənə başını tərpədir, üstünə qonan kiçik quşların sevincinə şərik olur. Elə bil quşlar da təbiətin darıxdığını hiss edir. Qarı ərimiş daşların üstünə qonur, sucaqlarda torpaq eşir, bu yoxluğun içində xoş ovqat, şən həyat axtarırlar. Bəzən soyuqdan göyərmiş budaqların arasından oğrun-oğrun günəşin solğun şəfəqləri görünür. Bu şəfəqlər cığırları da, cığırların böyür-başında fırlanan, fırlandıqca, atılıb-düşdükcə özünəməxsus rəsmlər cızan quşları da sevindirir. Ala-bəzək quşların səsləri də elə öz rənglərinə oxşayır. Al-əlvan rənglərə onların bir-birini təkrarlamayan nəğmələri qarışır. Bu təkrarsız  melodiya ani də olsa, qışın soyuğunu unutdurur. Cığırların  həyat eşqi ilə dolu heyrətamiz inadına  quşları da valeh edir. Ağaclara sarılı mamırlar, yamyaşıl, sıx yarpaqlı lianalar quşlara gəl-gəl deyir. Çay kənarındakı qart daşların böyür-başı istidənmi, dalancıqdanmı qapqaradır, qar oranı örtə bilməyib. Daşın üstündəki qar lopası əriyə-əriyə, damla-damla torpağın  üstünə tökülür, daş boyu eşələnən quşlar  süzülən damlalardan gah hürkür, gah da saymazyana-saymazyana atılıb-düşməkdə davam edirlər. Hərdən qırılan, hərdən itib yoxa çıxan, qarın soyuq əllərindən qopub gizlənməyə çalışan cığırın nəfəsi sanki təntiyir, dolambac qayaya dırmaşır, bəzən nəhəng daşlara dirsəklənir, sarmaşır. Qorxulu-hürkülü addımladıqca  həm də soyuq bir fərəh, susmaq bilməyən gizli bir sevinc,  içindən yolçuya güc verir. Ax, gör haralardayam. Bir vaxt qartalların qonduğu bu qoca qayalar fəxr edir, ətəyindən yol verir, yola salır adamı. Quşlarla səs-səsə verən çayın sədası qayalarda əks-səda verir, sanki yıxılıb  dərəyə düşən bu səs dərə boyu baş alıb gedir. Elə bəzən qayadan qopub dığırlanan daşlar kimi.

Qış soyuq bir hikkə ilə əlinə  aldığı buz qələmlə təbiətə naxış salır. Salxım-salxım sallanan buzlar nə qədər gözəl görünsə də, təbiətə sərtlik ovqatı gətirir. Qış mənzərəsi qorxulu nağıla dönsə də, geri çəkilmək istəmir, gedir, gedirsən. Budur, kolların  arxasında sıx daldalanacaqda insana, digər canlılara həyat sevgisi bəxş edən bir əlçim yamyaşıl ot göyərir. Lap ilk payızı  xatırladır. Bir az soyuqdur, bir az üşənir bu yaşıl əlçim. Yadına baharın sehrli bir əllə salınmış yaşıl naxışları düşür. Təbiətin  min bir həvəslə göyərtdiyi yaşıl xalıcıq quşları fəhərləndirir. Bu sehrli xalçanın əlvan qoynuna balaca quşcuğazlar zərif ayaqları ilə oyma-oyma naxış salırlar. Elə bil insan əliylə salınıb bu naxışlar. Bəzən isti, bəzən də soyuq ilmələr donmuş çiçəkləri yada salır.Hər çiçəyin üstündə bir quş sığalı, bir bahar əhvalı dolanır. Bir vaxt bər-bəzəyi ilə ətrafı heyrətləndirən, xoş ətriylə çölləri  məftun edən bu güllərin ruhu bizi bahara qaytarır, xəyallarda olsa belə.

Bu hündür palıd ağacı da qayaya söykənib. Sanki yapıncıdır, çiyninə atıb qayanı-uzaqdan belə görünür.

Fikirli-fikirli yan-yörəsini seyr edən çobanı xatırladır. Sürü hardadır görəsən? Üstünü qar almış  bu yonqarsız qart daşlarmı sürüsü?! Sərt görkəmi palıdın  ciddiliyindən, yoxsa vəziyyətin ağırlığından soraq verir? Solğun günəş ümidləri artırır. Bəzən buludları yaran, bəzən onların arxasından boylanan bu qış günəşi kənddəki kimi ocaq qalamaq, təndir tüstülətmək gücündə deyil. Dağ döşündən burula-burula  qalxıb buludlara sancılan həlim, tutqun çoban nişangahı çənlərdən də əsər-əlamət yoxdur. Ancaq bir solğun, istisiz hənir də yamacları ümiləndirir, fərəh gətirir.

Yox, bu qış deyəsən heç kimi, heç nəyi bağışlamaq istəmir. Həmişəki kimi ağacları arıya-arıya, quşları araya-araya ətrafa dördgözlü boylanıram. Elə bil ürəyimə dammışdı görəcəyim. Ağacın altından keçəndə budaqdan boylanan qaratoyuğu görürəm. Quru  budaqdan bərk yapışmış bu zərif quşun  qara məxmər kimi parıltılı və cilalı pərqularının tərpənmədiyinin şahidi oluram. O qədər də adamı yaxına buraxmağı xoşlamayan bu qış bülbülünün susması, hərəkətsizliyi məni narahat etməyə başlayır. Bir az da yaxınlaşıb əlimi uzadıram.
Daşa dönmüş bu quşun  cəsədi məndə məğmunluq  oyadır. Bu sədaqətli  quşun aralanmış sarı dimdiyi nəğmə deyə-deyə qəlbinin susmasından  xəbər verirdi. Qaratoyuq məndə döyüş meydanında son nəfəsinə qədər duruş gətirən cəsarətli əsgər təsirini  bağışlayırdı. Ətrafa boylanıram. Heyrət və təəssüf məni  qoynuna alır. Bu necə ola bilər? Bu quşlar niyə belə donub qalmışdır? Əl telefonumdan böyük alim, akademik Qara Mustafayevə zəng edirəm. Təbiət fədaisi bu böyük alimin, gözəl insanın ağlar səsi məni daha da kövrəldir. Qaratoyuqların torpağa bağlı, şaxtaya o qədər də davamlı olmayan fədakar quş olduğunu söyləyir. Bir neçə quşu beləcə yapışdığı budaqdan qopardıb lopa, kip tikanlığın qoynuna tapşırıram. Bəli, tapşırıram,onların ölümünə, gözəl zəngulələrinin susmasına inanmıram. Nə etmək olar?! Qəbiristanlıq həmişə insanda təlaş oyadır. Müqəddəs yer-son mənzilimiz olsa belə. Lakin budaqların quş qəbiristanlığına dönməsini qəbul edə  bilmirəm. Qorxu dolu bir nigarançılıqla ağacları gözdən keçirirəm.

Təbiət həm alicənab, səxavətli, həm də sərt və amansızdır. Görünür, bu quşlar təbiətin çətin imtahanından çıxa bilməyiblər. Bu balaca, məsum quşlara  nə qədər qəribə olsa da, göz yaşı axıdıram. Sakit, səssiz. Axı onlar da bizim kimi canlı, yaşamağa bəlkə daha çox haqları olan varlıqlardır. Ən çətin anlarda məlahətli və nikbin nəğmələri bizim yaşamaq ümidlərimizi birə-on artırır. Bizdən heç bir təmənna güdmədən. Qəribədir, az keçməmiş sağ qalmış quşalrın sanki yoldaşlarını aradıqlarının şahidi oluram. Məndənmi ehtiyatlanırlar?

Onlar sıx kolluqlar boyu uçur, həyəcanlı səslər çıxarır, təbiətin qəddarlığına qarşı sanki üsyan edirdilər.

Donmuş yoldaşlarının  cəsədləri üstündən sağa-sola uçuşur, elə bil vida görüşü keçirirdilər. İndi artıq meşədəki min bir səs də, nəğmələr də mənə çatmırdı... Dişi qaratoyuqlar bir qədər kiçik olur, dimdikləri də açıq-mavi, bir az da kül rənginə çalır. Budağın üstündəki heykələ dönmüş qaratoyuğun  pərgar dimdiyi açıq qalmışdı. Dimdiyi sapsarı idi, bir az da iri idi. Təbiətsevərlər dimdiyindən fərqləndirirlər bu quşları. Heyif, ağzı son dəfə yumulub-açılan bu zərif varlığın vida notunun nə olduğunu anlaya bilmirəm. Görəsən sonuncu dəfə o hansı nəğməni oxuyurmuş, yoxsa qəmli bir fəryadla kimisə, kimlərisə köməyə çağırırmış. Elə bil gözümdə hər şey yamyaşıl bir tabloya dönür. Ağac boyu buzlar əriyir. Ərimiş buzlar göz yaşına dönərək  ağacın yaxası boyu ayaqlarına qədər süzülür. Qırılan buz salxımları daha bu quşları perikdirə, hürküdə bilmir.
Elə bil, məsum bir körpəsini itirmiş anadır bu ağac. Körpəsinə son borcunu qaytarır-göz yaşı borcunu. Və bu göz yaşı içində gizlənən daha nələri! Bir an cəmiyyətə boylanıb bizi vaxtsız tərk edən məsum insanların fəryadları, xüsusən hələ dil açmamış, nə istədiyini anasının belə anlamadığı günahsız körpələrin baxışları...

Təbiət həmişə sevinc bəxş etmir ki! Lakin bu faciədə insanların da günahını duymamaq haqsızlıq olardı.

Əgər mənim günahım yoxdursa, bəs niyə əzab çəkirəm! Ah, vicdan! Sən hamının nəsibi deyilsən, fəqət sən var-dövlət də deyilsən! Bəlkə ağaclar keçilməz olsaydı, bəlkə kollar üst-üstə yatsaydı, bu quşlar daha etibarlı qorunardı.Amansız şaxtanın güdazına getməzdi bu bahar ümidli, insan sevgili quşlar. Bu soyuq mavi səmanın saflığı da, ayaq altda qırılmış buzlarda xırçıldayıb qırılan quru çilələr də, kövrək  yarpaqlar da eynimi açmırdı. Özümü ovundurmaq, bu canlı dərd-qəmi unutmaq üçün  bir az uşaqlıq xatirələrinə baş vurmaq istəyirəm. Yavaşca qarın üstünə uzanıb əllərimi yana açıram. Səmaya, sonsuzluğa boylanıram.

Uzaqlardan xırçıltı səsi gəlir. Boylandıqca gördüyümdən təşvişə düşürəm. Bir neçə qaban ard-arda qaçaraq mən tərəfə yaxınlaşırdı. Cəld silkinib dəmirağacın şaxələrindən yapışıram. Əlbəttə, mən atəş açıb bunları yerə sərənlərə haqq qazandırmaq istəmirəm. Ancaq qorxu bəzən insan ağlını əksinə kökləyir. Ağacdan aşağı boylanıram, lap yanımdan-ağacın altından keçib uzaqlaşan qaban səfinin öz möhtəşəmliyi var idi. Qış onlar üçün bahardır. Yem bol, meşələr, kolluqlar çox sıx. Qidalanmağa və daldalanmağa həmişə əvəzsiz şərait var. Ağacdan atılıb kövrək qarın üstünə düşürəm. Özüm də bilmirəm hara gedirəm. Ovqatımı açmaq, könlümü ovundurmaq üçün dərinliyə, dərinliyə addımlayıram. İndi daha gözümə hər şey adi, hər şey susqun "son ucu ölümlü" təsiri bağışlayır. Qışın ortasında, lap şərt şaxtada belə dəmirağaclar güllənir, bara düşür. Onların pardaqlanmış qönçələri çöldən qara, içəridən qıpqırmızı məxmərə bənzəyir. Bir az da üzüm salxımına oxşayır. Meşə heyvanları qönçələri həvəslə gəvələyir, hələ yaxşıca bərkiməmiş dənlərini isə quşlar dimdikləyir.Elə dəmirağacın budaqlarında quruyub qalmış qaratoyuqlar da dən dalınca bu ağaca sarılmış, amansız şaxta isə ruzi yolunu onlara son mənzilə döndərmişdi.

Bəxtiyar HÜSEYNOV

 





07.01.2015    çap et  çap et