Avstraliyada ötən şənbə itkin düşən balıqçının taleyinə bir neçə günlük axtarışdan sonra aydınlıq gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı Kevin Darmodini daraqlı timsahın parçaladığı məlum olub.
Hadisə Kvinslend ştatının şimalında - Kennedis-Bend rayonunda baş verib. Dostları ilə balıq tutmağa gedən Darmodi yoxa çıxıb və bu barədə dərhal polisə müraciət edilib. 3 günlük axtarışlar nəticə verməyincə, polislər ərazidə özünü "şübhəli aparan" 4,1 və 2,8 metr uzunluğunda 2 timsahı "saxlayıblar". Yarılma zamanı onlardan birinin qarnından balıqçıya məxsus insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, bu ərazidə timsahların insanlara hücumu nadir hallarda baş verir. 1985-ci ildən bu yana timsahlar üzündən cəmi 13 ölüm faktı qeydə alınıb. Yeri gəlmişkən, Kvislenddə nəsli kəsilmək təhlükəsi ilə üzləşən daraqlı timsahların ovu 1974-cü ildən qadağan olunub. Bunun nəticəsində 50 ildə onların sayı 5 mindən 30 minə kimi çoxalıb.
L.Tağıyeva
çap et