525.Az

ABŞ - Azərbaycan münasibətlərində yeni mərhələ


 

PREZİDENT İLHAM ƏLİYEVİN ABŞ-a SƏFƏRİ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYMAQLA DAHA DA DƏRİNLƏŞDİRƏCƏK

ABŞ - Azərbaycan münasibətlərində yeni mərhələ<b style="color:red"></b>

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri olacaq. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional proseslər fonunda mühüm əhəmiyyət kəsb edir. Prezidentlər arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Azərbaycan hazırda regionda sülh və təhlükəsizliyin əsas qarantıdır, eyni zamanda müəllifi olduğu qlobal əhəmiyyətli layihələrlə, təşəbbüslərlə regionun inkişafına da mühüm töhfələr verir. ABŞ-nin hazırkı administrasiyası Azərbaycanın strateji əhəmiyyətini, rolunu, qlobal çəkisini, malik olduğu imkanlarını anlayır və dəyərləndirir. Dövlət başçısının səfəri zamanı əsas istiqamət - ikitərəfli əlaqələrin inkişafı, gücləndirilməsi, eyni zamanda da Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi prioritet olacaq.

Azərbaycan müstəqillik əldə etdikdən bu yana ABŞ-la münasibətlərin inkişafına xüsusi önəm verib, Vaşinqtonun etibarlı tərəfdaşı olub. Amma təəssüf ki, Bayden-Blinken administrasiyası dönəmində ölkəmizə qarşı adekvat olmayan münasibət sərgiləndi. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra ABŞ administrasiyası 907-ci düzəlişin icrasını qüvvədə saxladı, bundan ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı. Düzdür, Azərbaycan okeanın o tayından gələn bütün təzyiq və təhdidləri neytrallaşdıra bildi. Amma sabiq administrasiyanın Azərbaycana yönəlik hərəkətləri nankorluq idi. Hazırda Donald Tramp administrasiyası ilə Azərbaycanın çox yaxşı münasibətləri var, əlaqələr yenidən yüksələn xətt üzrə davam edir.

Ermənistanla sülh sazişinə gəlincə, bu istqamətdə mühüm bir mərhələ qət edilib, layihə razılaşdırılıb, Azərbaycanın irəli sürdüyü iki əsas şərt - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır.

Tərəflər arasında müzakirə edilən əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. ABŞ-da aparılacaq müzakirələrdə bu məsələnin də diqqətdə olacağı gözlənilir.

Onu da qeyd edək ki, ABŞ mətbuatı Trampın Ermənistanın Baş naziri ilə də görüşəcəyini və daha sonra üçtərəfli müzakirələrin təşkil ediləcəyini yazıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı “525”ə deyib ki, hazırda Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bunu bir daha bəyan etdi: “ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Media Forumdakı çıxışından öz rəsmi “Truth Social” şəbəkə hesabında paylaşdı. Bu, iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasından xəbər verir və bu münasibətlərin çox böyük perspektivlərə malik olduğunu  göstərir”.

Deputat Azərbaycan-Ermənistan sülh sazişi, bu istiqamətdə nəzərdə tutulan görüş barədə də danışıb: “Azərbaycan və Ermənistan liderləri ABŞ-yə sülh yolunda mühüm bir mərhələni - Əbu Dabi mərhələsini arxada qoyaraq gedirlər. Bu, özü-özlüyündə Birləşmiş Ştatlarda sülhün əldə olunması ilə bağlı ortaq bəyanat verilməsi üçün yetərlidir. Hazırkı mərhələdə sülh sazişi layihəsinin bütün maddələrinin razılaşdırıldığı, hətta paraflanmanın mümkünlüyü ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfindən müəyyən fikirlər səsləndirilir. Ona görə də mümkündür ki, irəliyə doğru daha bir addım atılsın. Amma bunun formasının birbaşa paraflanmış sənədlər, yoxsa ortaq bəyanat formasında olacağı məsələnin başqa bir tərəfidir. Mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişini ikitərəfli qaydada tamamilə neytral bir məkanda imzalaya bilərlər. Lakin ABŞ-də ortaq mövqe bəyan edilə bilər.

Niyə məhz Amerika Birləşmiş Ştatları? Bu sualın cavabı da maraqlıdır. Çünki Ermənistan regional aktorlara güvənmir, dəfələrlə bəyan edib ki, mümkün sülh üçün təminatçı axtarır. Belə çıxır ki, Ermənistan regionda sülhün təminatçısı kimi Birləşmiş Ştatları görür. Azərbaycan isə regionda sülhün təminatçısı kimi özünü görür, öz gücünə, öz iradəsinə arxalanır. Əgər Ermənistana belə bir təminatçı lazımdırsa, əlbəttə ki, nəzərə almaq lazımdır ki, ABŞ bu gün dünya siyasətini təyin edən güc mərkəzlərindən biridir, ya da birincisidir, o zaman təbii ki, Azərbaycanın maraqları kontekstində də tamamilə məntiqlidir və başadüşüləndir ki, belə bir bəyanat ABŞ tərəfindən verilsin”.

İkitərəfli görüşlərə gəldikdə, H.Babaoğlu deyib ki, bu cür görüşlərin ümumi mümkün bəyanatdan əvvəl, ya sonra baş tutacağı bir qədər əhəmiyyətlidir: “Ona görə ki, əgər ABŞ rəhbərliyi ilə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşləri bəyanatdan sonra baş tutacaqsa, burada daha yeni perspektivlər və yeni reallıqlar müzakirə edilə bilər. Düşünürəm ki, hər nə olursa olsun, üçtərəfli qaydada belə bir görüşün keçirilməsi və sülhlə bağlı razılaşmanın bəyan edilməsi, ya da imzalanması regionda bizi sülhə daha da yaxınlaşdıracaq. Və bu sülh uzunmüddətli olacaq. Ancaq heç şübhəsiz ki, burada mütləq Zəngəzur dəhlizi, onun iş rejimi Azərbaycanın tələb etdiyi və bizə vəd olunan maneəsiz keçid məsələlərinə də bir aydınlıq gətiriləcək. Dolayısı ilə bütün hallarda bu görüş bəribaşdan yüksək qiymətləndirməli görüşdür, ona görə də dünyanın diqqətini bu dərəcədə özünə cəlb edir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov “525”ə deyib ki, Bayden administrasiyası dönəmində ABŞ-nin regiona yönəlik destruktiv və tərəflərin maraqlarını nəzərə almayan siyasətinin nəticəsində Azərbaycanla münasibətlərdə müəyyən gərgin məqamlar yaşanmaqda idi. Tramp administrasiyası isə əksinə, Cənubi Qafqaza böyük əhəmiyyət verir, xüsusilə Azərbaycanın rolunu, strateji əhəmiyyətini daha dərindən anlayır: “Tramp administrasiyası dövründə ABŞ Senatında, Konqresin Nümayəndələr Palatasında dəfələrlə Azərbaycanla Birləşmiş Ştatların əməkdaşlığının əhəmiyyəti barədə açıqlamaların şahidi olmuşuq. Cari ilin may ayında Senatın Xarici Əlaqələr Komitəsində keçirlən dinləmələrdə bir daha vurğulandı ki, Azərbaycanın Mərkəzi Asiya və Avropa arasındakı nəqliyyat qovşağında rolu danılmazdır. Eyni zamanda, Azərbaycanın karbohidrogen resurslarının tranziti məsələsində də rolu qeyd olundu. Bu baxımdan Senatdakı dinləmələrdə ABŞ-nin Azərbaycana ciddi dəyər verməli olduğu bir daha ifadə edildi”.

S.Zahidov bildirib ki, Trampın Prezident İlham Əliyevlə telefon danışıqları, ünvanladığı təbrik məktubları bir daha onu göstərir ki, hazırkı administrasiya əvvəlkilərdən fərqli olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir:

“İki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq mövcuddur. ABŞ bu günə kimi Bakı-Tbilisi-Ceyhan, TAP kimi layihələrin həyata keçirilməsində dəstək göstərən ölkələrdən biri olub. Düşünürəm ki, bundan sonra da, xüsusilə Vaşinqton görüşündən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoymaqla ABŞ Azərbaycan əməkdaşlığını daha da dərinləşdirəcəkdir”.

Ekspert səfər çərçivəsində keçirilməsi gözlənilən Prezidentlər İlham Əliyev, Donald Tramp və Baş nazir Nikol Paşinyanın görüşünə də toxunub. Onun sözlərinə görə, bu görüş Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi, ümumiyyətlə Qafqazda sabitliyin təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir: “Düşünürəm ki, Vaşinqton görüşündə əsas müzakirə mövzuları sülh sazişi və Zəngəzur dəhlizi olacaqdır. Hər iki məsələ ilə bağlı hansısa bəyanatın imzalanması da istisna edilməməlidir. Zəngəzur dəhlizi ilə bağlı ABŞ tərəfindən bir təklif irəli sürülüb. Birləşmiş Ştatların Türkiyədəki səfiri, Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın səsləndirdiyi həmin təklifdə ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi və əldə olunan gəlirlərin üç ölkə arasında bölüşdürülməsi vurğulanıb. Hesab edirəm ki, bu da Vaşinqtonda müzakirə mövzusu olacaq. Zəngəzur dəhlizinin açılması 2020-ci il bəyanatında da təsbit olunub. Azərbaycan artıq 5 ildir ki, bu məsələdə öz prinsipial mövqeyini irəli sürür. Bu, yalnız Azərbaycanı Naxçıvana birləşdirəcək bir dəhliz deyil, Türkiyəni Mərkəzi Asiyaya, Avropanı Çinə birləşdirəcək meqa layihədir. Birləşmiş Ştatlar üçün bu dəhlizin reallaşması ələlxüsus Rusiyadan yan keçəcək yeni bir nəqliyyat qovşağının yaradılması deməkdir.

Sülh sazişinə gəlincə, bununla bağlı Azərbaycanın iki şərti var, onlar yerinə yetirilmədən yekun sazişin imzalanması bir qədər çətin görünsə də, sazişlə bağlı hansısa sənədin, çərçivə sazişi, yaxud niyyət məktubunun imzalanması istisna olunmamalıdır. Bu niyyət məktubu hər iki tərəfin sülh sazişini qısa zamanda imzalamaq istəyini göstərir ki, bu da artıq yekun sazişin imzalanmasında əhəmiyyətli bir addım kimi dəyərləndirilməlidir”.

Ekspert vurğulayıb ki, Tramp 6 aydan artıqdır ki, hakimiyyətdədir, onun prezidentliyi dövründə xarici siyasətinin əsas qayələrindən biri də ABŞ-nin sülh yaratmaq narrativinin işlək vəziyyətə salınmasıdır:

“ABŞ artıq əvvəlki dönəmlərdə olduğu kimi müharibə yaradan deyil, sülh yaradan dövlət kimi çıxış edir. Biz bunun bariz nümunələrini də görürük. Bir ay əvvəl Konqo və Ruanda arasında sülh sazişinin imzalanmasına vəsilə oldu, daha sonra Hindistan-Pakistan eskalasiyasının azalmasına dəstək verdi, bu yaxınlarda Kamboca və Tailand arasında sərhəd toqquşmasının yatırılmasında rol oynadı. Bütün bunlar onu göstərir ki, ABŞ həqiqətən də bu sülhdə maraqlıdır. O cümlədən də Azərbaycan və Ermənistan arasında sülhün olmasında Birləşmiş Ştatların böyük maraqları var. Bu sülh həm də regiona sabitlik, inkişaf gətirəcək, münaqişəli vəziyyətin olmaması bəzi kənar aktorların qeyri-sabit vəziyyətdən istifadə etməsinin qarşısını alacaq. Bu baxımdan Trampın sülhün əldə edilməsindəki rolunu yüksək qiymətləndiririk. Bu səfər bir daha onu göstərir ki, Azərbaycan sülhün təşəbbüskarı olaraq dayanaqlı sülhün təmin olunmasında maraqlıdır, eyni zamanda ABŞ-la əlaqələrinin yeni mərhələyə gətirilməsinin tərəfdarıdır”.

 





07.08.2025    çap et  çap et