525.Az

"Ermənistan Azərbaycanın hərbi qüdrətinin güclənməsindən təşviş keçirir"


 

"Ermənistan Azərbaycanın hərbi qüdrətinin güclənməsindən təşviş keçirir"<b style="color:red"></b>

"Azərbaycanın bütün sahələrdə inkişaf göstəriciləri yüksək olduğu kimi, hərbi sahədə də qüdrətinin güclənməsi nəticəsində Ermənistan təşviş keçirməkdədir". 

 Bu barədə millət vəkili Tahir Rzayev son günlər Ermənistanın cəbhə xətti boyunca atəşkəsi intensiv surətdə pozmasına, eləcə də Azərbaycan ordunun düşmənə cavabını diversiya kimi qiymətləndirmələrinə münasibət bildirərkən deyib. Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti hərbi istiqamətdə xərclərini artırır və bu da ordunun güclənməsinə kifayət qədər zəmin yaradır: "Dövlət büdcəsindən hərbiyə ayrılan vəsaitin ildən-ilə çoxaldılması sayəsində əsgərlərimizdə ruh yüksəkliyi hökm sürməkdədir. Artıq xarici dövlətlər, beynəlxalq təşkilatlar da Azərbaycanın qazandığı uğurların şahidi olmaqdadır. Bu baxımdan da Ermənistan əsgərləri qorxu, vahimə hissi içərisindədir. Onların əsgərlərimizi diversant kimi dünyaya göstərmələri də, məhz buna hesablanıb".

T. Rzayev bildirib ki, işğalçı Ermənistan hökuməti beynəlxalq aləmdə Azərbaycan ordusunu təxribatçı qrup kimi göstərməklə, gözdən salmağa çalışırlar: "Silahlı Qüvvələrimizin guya təxribatlara əl ataraq cəbhə xəttində atəşkəsi pozduğunu bəyan edənlər özlərini sülhməramlı kimi təqdim etməyə çalışırlar. Əslində Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasından da təşvişə düşüb. Rusiyanın hakim dairələrinin Azərbaycana olan münasibətləri onlarda bir həyəcan yaratmaqdadır ki, bunu da özlərinəməxsus şəkildə şərh edirlər. Onlar bu gün belə qənaət edirlər ki, əgər Rusiya Ermənistandan əlini çəksə, müdafiə etməsə az müddət ərzində Dağlıq Qarabağ işğaldan azad oluna bilər. Azərbaycan ordusu buna qadirdir.

Ona görə də hay-küy yaratmaqla öz təxribatlarını ört-basdır etməyə çalışırlar". Millət vəkili işğalçı dövlətin müdafiə nazirinin acı etiraflarını da xatırladıb: "Məhz bu baxımdan Ermənistanın müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin sonlarında etdiyi çıxışında Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu dilə gətirib. Əminik ki, onların bu acısı hələ bitməyəcək. 2015-ci ilin xalqımız, dövlətimiz üçün əlamətdar olacağına inanırıq. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət, ordu quruculuğu bunu deməyə əsas verir".

Politoloq Elşən Musayev isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda verilən mesajların Ermənistanda böyük narahatçılıqla qarşılanması təbii ki, Azərbaycanın günü-gündən artan qüdrətinin göstəricisidir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daima ikili standartlardan çıxış edir:

 "Azərbaycan hakimiyyəti  heç bir zaman beynəlxalq təşkilatların saxta vədlərinə inanmır və bu məsələni sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həll etməyə çalışır. Lakin tam əminliklə demək olar ki, diplomatik danışıqlar yolu ilə bu problemin həlli məsələsi uzansa, Azərbaycanın qüdrətli ordusu müharibə yolu ilə öz əzəli və əbədi torpaqlarını işğaldan azad etmək qüdrətindədir. 2015- ci ildə məsələnin müharibə yolu ilə həlli məsələsi bir o qədər real görünmür. Ancaq Azərbaycanın hərbi qüvvələrinin hər keçən gün daha da güclənməsi bu məsələnin tezliklə həll olunacağına əminlik yaradır. Bu artıq hər kəsə bəllidir ki, Ermənistanın arxasında çox güclü təşkilatlar dayanır, ancaq Azərbaycanın bugünkü inkişaf səviyyəsi istənilən halda bu problemin həll olunmasına zəmin yaradır. Daima öz maraqlarını güdən beynəlxalq təşkilatlardan məsələnin həlli yönündə hər hansı bir demokratik addım gözləmək düzgün deyil. 2015-ci ildə mövcud problemin həlli ilə bağlı hansı hadisələrin baş verəcəyini qabaqcadan planlaşdırmaq çətindir. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycan hakimiyyəti getdikcə müharibə variantına yaxınlaşır. Hesab edirəm ki, Azərbaycan bütün hallarda öz torpaqlarını geri qaytarmaq əzmindədir".

PƏRVANƏ

 





07.01.2015    çap et  çap et