525.Az

"Bu gün mübarizə Azərbaycanda müxtəlif qüvvələr arasında gedir"


 

Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadənin "525"-ə müsahibəsi

"Bu gün mübarizə Azərbaycanda müxtəlif qüvvələr arasında gedir"<b style="color:red"></b>

-Aydın müəllim, yenicə qədəm qoymuş 2015-ci il ölkəmizdə daha çox hansı hadisələrlə əlamətdar olacaq və ya ola bilər? Gözlənilən hadisələrlə yanaşı, gözlənilməz proseslər də ehtimal olunandırmı?

- Mətbuata açıqlamamda da vurğuladığım kimi, Azərbaycan bu gün dövlətçiliyinin stabillik və insan hüquqlarının daima qorunduğu bir mərhələsində yaşayır. Yəni, bütün proseslər Konstitusiya və qanunlar çərçivəsində həyata keçirilir. İnsanlar öz hüquqlarını və onun qorunduğunu bilirlər, seçkilər hər hansı bir kənar müdaxilə olmadan şəffaf, demokratik keçirilir. Bu baxımdan, Azərbaycanda oturuşmuş demokratiya prosesinin 2015-ci ildə də davam edəcəyini gözləyirəm. 2015-ci ilə gəlincə, bu il Azərbaycanda iki böyük hadisə ilə yadda qalacaq. Birincisi 2015-ci il Birinci Avropa Olimpiya Oyunlarının  Bakıda keçirilməsidir, ikincisi isə bu ilin noyabr ayında Azərbaycan parlamentinə növbəti- artıq beşinci çağırış seçkilərin keçirilməsi olacaq.

Olimpiya Oyunlarının keçirilməsi istənilən ölkə üçün böyük bir şərəf və tarixi hadisədir. Azərbaycan bunu özünün beynəlxalq aləmdə nüfuzu və ciddi hazırlığı qazandı, eyni zamanda, görülən işlər həmin oyunların yüksək səviyyədə keçiriləcəyini bir daha əyani sübut edir. Hesab edirəm ki,  dünya oyunlarla da Azərbaycanı daha dərindən tanıyacaq, həmçinin, Azərbaycan özünün inkişafını, tərəqqisini bu oyunlara hazırlıqla bir daha nümayiş etdirəcək.

Siyasi hadisə kimi parlament seçkiləri böyük maraq doğurur. Bir qayda olaraq Azərbaycanda parlament seçkiləri rəqabətli, gərgin və kifayət qədər maraqlı keçib. Müxtəlif siyasi qüvvələrin bu seçkidə iştirak edəcəyi və parlamentdə hər bir yer uğrunda ciddi mübarizə aparacağı gözləniləndir. Bunu siyasi partiyaların, ayrı-ayrı tanınmış insanların da ötən il və ondan əvvəlki il verdiyi bəyanatlar bir daha sübut edir. Yəni,  bu ilin ortasından başlayaraq Azərbaycanda siyasi temperaturun parlament seçkilərinə qədər yüksələcəyi tamamilə qanunauyğun bir hadisə olacaq.

-Bəzən belə iddialar da səslənir ki, müxalifətin, müxalifyönümlü, daha çox beynəlxalq, donor təşkilatlarla əməkdaşlıq edən QHT-lərin zəifləməsi, zəiflədilməsi fonunda seçki mübarizəsi hakimiyyətin, hakim partiyanın öz içində baş verəcək, yaşanacaq. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?

- Əvvəla, gəlin bir neçə məqamı aydınlaşdıraq. Birincisi, qeyri-hökumət təşkilatları siyasətlə məşğul olmurlar və qanunla onların siyasətlə məşğul olması qadağandır. Əgər müxalif dairələr QHT-lərin zəifləməsi ilə  siyasi mübarizənin zəiflədiyini bildirirlərsə, deməli, onlar artıq  QHT-lərin maliyyəsi hesabına yaşadıqlarını etiraf etmiş olurlar. Eyni zamanda, bir neçə QHT-nin xaricdən aldığı maliyyə vəsaitinə dair qanunauyğun hesabat vermədiyi, böyük qanun pozuntuları olduğu aşkarlandığından onların istifadə kanalının elə müxalifət düşərgəsi olduğu birbaşa aydın olur.

Siyasi mübarizə siyasi qüvvələr,  siyasi şəxslər arasında olur və əgər müxalifətdən kimlərsə bir neçə QHT-nin fəaliyyəti ilə bağlı proses başladığını bəhanə gətirir, seçkidə iştirak etmirsə, bu, artıq onların, ümumiyyətlə, heç bir gücünün olmadığını göstərir. Bu gün mübarizə Azərbaycanda müxtəlif qüvvələr arasında gedir. O başqa məsələdir ki, Yeni Azərbaycan Partiyası qüvvətlidir, onun bütün Azərbaycan coğrafiyası üzrə güclü yerli təşkilatları var və əhali bu partiyaya inanır. Bu inamı, bu etibarı YAP özünün fəaliyyəti, özünün üzdə olan və nüfuz qazanmış nümayəndələrinin parlamentdə vətəndaşların hüquqlarını yüksək səviyyədə qoruması ilə qazanıb.

Bu baxımdan, bu seçkilərdə də yenidən Yeni Azərbaycan Partiyasının böyük qələbə qazanacağı tamamilə gözlənilən bir məsələdir və heç də hesab etmək düzgün deyil ki, parlament seçkilərində ancaq siyasilər iştirak edəcək. Azərbaycanda kifayət qədər bitərəf mövqedə duran, amma özünün nüfuzu, özünün fəaliyyəti ilə hörmət qazanmış şəxslər var. Onların da seçkiyə qatılacağı və parlamentdə əvvəlki illərdə olduğu kimi yer qazanacağı  tamamilə gözləniləndir.

-Sözlərinizdən belə çıxır ki, növbəti parlament seçkiləri hakimiyyət və hakim partiya içində heç bir sıxıntı yaşatmayacaq...

- Yeni Azərbaycan Partiyası özünün gücünü, fəaliyyətini, özünün insanlarla işləmək qabiliyyətini mütəmadi olaraq şəffaf şəkildə ortaya qoyur. Və bu gün Yeni Azərbaycan Partiyası özünün monolitliyi, özünün müasirliyi, eyni zamanda, azərbaycançılıq dəyərlərinə söykənməsi ilə tanınır və bundan sonra da  həmin o istiqamətdə fəaliyyətini davam etdirəcək.

-Dünyada, ətrafımızda yaşanan, hələ də bitməyən hadisələr, inqilablar ssenarilərinə cəhdlər edilməsi fonunda parlament seçkiləri ərəfəsində Azərbaycanda da yenidən hansısa ssenarilərin işə salınması mümkündürmü?

- Konkret olaraq Azərbaycanda bu cür ssenarilərin heç bir halda mümkün olmadığını bildirirəm. Bunu tək mən yox, ümumən götürəndə Azərbaycanda  siyasi ekspertlərin mütləq əksəriyyəti bildirir. Azərbaycanda Heydər Əliyev siyasəti və indiki Prezident cənab İlham Əliyevin fəaliyyəti ilə stabil, demokratik bir cəmiyyət qurulub və kənardan siyasi proseslərə müdaxilə etmək, xaricdə müəyyən dairələrin marağına uyğun olaraq parlament qurmaq, hakimiyyət formalaşdırmaq qeyri-mümkün olan bir məsələdir. Azərbaycanda nə görüləcəksə, Azərbaycan vətəndaşının marağına uyğun və qanun çərçivəsində görüləcək.

Kamil HƏMZƏOĞLU

 





07.01.2015    çap et  çap et