525.Az

Ordumuz müharibəyə hazırdır


 

HƏRBİ EKSPERT EMİN HƏSƏNLİ: "DÜŞMƏN SİLAHLI QÜVVƏLƏRİMİZLƏ BACARA BİLMƏDİYİ ÜÇÜN MÜLKİ ƏHALİYƏ QARŞI HÜCUMLAR TƏŞKİL EDİR"

Ordumuz müharibəyə hazırdır<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı təxribat cəhdlərinin qarşısını qətiyyətlə almaq mümkün olsa da, vaxtaşırı atəşkəsin pozulması onların qəsbkar niyyətlərinin hələ də qüvvədə qaldığını göstərir. Düşmən Silahlı Qüvvələrimizin müqaviməti ilə qarşılaşıb layiqli cavabını almasına baxmayaraq, növbəti təxribata əl atır. Sonuncu dəfə yanvarın 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar. Törətdikləri azmış kimi onlar bunu diversiya hücumu kimi qələmə verərək dünya ictimaiyyətini bir daha aldatmağa cəhd ediblər. İşğalçının məqsədi isə hamıya məlumdur. Onlar Azərbaycanı təxribata çəkərək sülh prosesi istiqamətində danışıqların dondurulmuş vəziyyətdə saxlanılmasına çalışırlar. Lakin rəsmi Bakının da bəyan etdiyi kimi Azərbaycanın səbri tükənməz deyil. Ermənistan hər an müharibə ilə üz-üzə dayana bilər. Bu zaman isə torpaqlarımız işğalçılardan tam boşaldılmayana, düşmən cəzasını almayana kimi Silahlı Qüvvələrimiz hücumlarına ara vermədən davam edəcək.

Millət vəkili Tahir Rzayev qeyd edib ki, işğalçı Ermənistan hökuməti beynəlxalq aləmdə Azərbaycan ordusunu təxribatçı qrup kimi göstərməklə gözdən salmaq istəyirlər. O "SİA"ya bildirib ki, Silahlı Qüvvələrimizin guya təxribatlara əl ataraq cəbhə xəttində atəşkəsi pozduğunu bəyan edənlər özlərini sülhməramlı kimi təqdim etməyə çalışırlar: "Əslində Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasından da təşvişə düşüb. Rusiyanın hakim dairələrinin Azərbaycana olan münasibətləri onlarda bir həyəcan yaratmaqdadır ki, bunu da özlərinəməxsus şəkildə şərh edirlər. Onlar bu gün belə qənaət edirlər ki, əgər Rusiya Ermənistandan əlini çəksə, müdafiə etməsə az müddət ərzində Dağlıq Qarabağ işğaldan azad oluna bilər. Azərbaycan ordusu buna qadirdir. Ona görə də hay-küy yaratmaqla öz təxribatlarını ört-basdır etməyə çalışırlar".

Millət vəkili işğalçı dövlətin müdafiə nazirinin acı etiraflarını da xatırladıb: "Məhz bu baxımdan Ermənistanın müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin sonlarında etdiyi çıxışında Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu dilə gətirib. Əminik ki, onların bu acısı hələ bitməyəcək. 2015-ci ilin xalqımız, dövlətimiz üçün əlamətdar olacağına inanırıq. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət, ordu quruculuğu bunu deməyə əsas verir".

Dağlıq Qarabağ və ətraf 7 rayonun 20 ildən artıqdır ki, işğal altında olduğunu xatırladan Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli hesab edir ki, bu torpaqların işğaldan azad edilməsi Azərbaycan xalqı və ordusunun əlindədir: "Biz hansı yolla olursa olsun torpaqların geri qaytarılmasına nail olmalıyıq. Ermənilər tez-tez atəşkəsi pozaraq təmas xəttində gərginlik yaradırlar. 1994-cü ildə iki tərəf arasında hərbi əməliyyatların dayandırılmasına dair müqavilə imzalanmasına baxmayaraq atəşkəsin pozulması faktlarının sayı hesaba gəlmir. Təmas xəttində gərginliyin davam etməsinin səbəbkarı bilavasitə Ermənistandır".

Azərbaycanın bu il mötəbər tədbirə - Birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini qeyd edən Ş.Ələkbərlinin fikirlərinə görə, ermənilər təmas xəttində gərginlik yaradaraq bu tədbirin ölkəmizdə baş tutmasına da mane olmaq istəyirlər: "Əminəm ki, Azərbaycan yaxın vaxtlarda Ermənistana tam gücü göstərəcək. Onların vaxtaşırı olaraq atəşkəs rejimini pozmaları xüsusilə cəbhə bölgələrində yaşayan vətəndaşlarımızın həyatlarını təhlükə altına salır. Ancaq bu vəziyyət heç bir azərbaycanlını qorxuda bilməz. Çünki Silahlı Qüvvələrimiz 1993-94-cü illərdəkindən qat-qat güclü vəziyyətdədir. Azərbaycan ordusu düşmənin istənilən hücumunun qarşısını almaq iqtidarındadır. 2014-cü ilin avqust insidenti və noyabr helikopter hadisəsində biz bunun əyani şahidi olduq. Əgər biz 5 nəfər şəhid verdiksə, düşmən 5 dəfə artıq itki verib".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, keçən il düşmən bir neçə dəfə diversiya hücumu təşkil etsə də, layiqli cavabını alaraq ağır itkilərlə geri çəkilməyə məcbur olub. Onun sözlərinə görə, qüvvələr arasında istər insan resursu, istərsə də maddi-texniki baza, peşəkarlıq baxımından fərq göz önündədir: "Həm Fransa, həm də Rusiya prezidentləri səviyyəsində keçən il müzakirələrin aparılmasına baxmayaraq, Ermənistan qısa müddətdən sonra işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. Daha sonra noyabrın 12-də baş verən helikopter hadisəsinin nəticələri də hamıya məlumdur. Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə alıb. Bu bir daha Ermənistan ordusunun nə qədər hazırlıqsız və təxribatçı niyyətli olduğunu göstərib. Müdafiə naziri Zakir Həsənovun hərbçilərə konkret tapşırığı, əmri var: 1 nəfər itkiyə, 10 nəfər düşmən. Düşmən Dağlıq Qarabağ torpaqlarını boşaldıb getməlidir. Ermənilər isə təxribatlara əl atır. Minaatanlardan Azərbaycanın mülki əhalisinə atəş açırlar. Onlar həmişə dinc insanları hədəfə alıblar. Daha əvvəl avtobus, metro partladıblar. Cəbhə bölgəsində mülki əhalini öldürüblər. Bir neçə il əvvəl 9 yaşında Fariz Bədəlovu qətlə yetiriblər. Tovuz rayonunda çaya kustar üsulu ilə hazırlanan mina ataraq 13 yaşlı qız uşağının həlak olmasına səbəb olublar.  Rayona qonaq gəlmiş qız uşağı çayda tapdığı gəlinciyi oynadarkən o partlayıb. Düşmən Silahlı Qüvvələrimizlə bacara bilmədiyi üçün mülki əhaliyə qarşı hücumlar təşkil edir. Bu da Ermənistanın terrorçu, cinayətkar rejim olduğunu sübut edir".

Azərbaycanın müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini deyən hərbi ekspert hazırda güclü, peşəkar hazırlıqlı orduya malik olduğumuzu bildirib. O xatırladıb ki, Silahlı Qüvvələrimiz qarşısında duran bir nömrəli tapşırıq torpaqlarımızın düşmən tapdağından azad edilməsidır: "Ordumuz düşmənə layiqli cavab verməyə tam hazırdır. Ermənistanın təkcə hərbi hazırlıq, maddi-texniki baza baxımından deyil, eyni zamanda daxili problemlər sarıdan acınacaqlı vəziyyətdədir. Bu rejim Rusiyanın təsiri altındadır. Rəsmi Moskvanın dünya siyasi arenasında kifayət qədər problemləri olması, sanksiyalara məruz qalması, iqtisadiyyatının çökməsi heç cür Ermənistanın işinə yarıya bilməz. Buna görə də, Ermənistan hakimiyyəti ölkədə siyasi, iqtisadi böhrandan narazı kütləni sakitləşdirmək üçün tez-tez təmas xəttində gərginlik yaradır. Cəmiyyətdə elə fikir formalaşdırırlar ki, ölkə müharibə vəziyyətindədir, hər an səfərbərlik elan oluna bilər. Bütün günahları isə Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Hər kəs bilməlidir ki, Ermənistan işğalçı dövlət olmaqla bərabər beynəlxalq diasporadan, Rusiyadan və başqa dövlətlərdən asılı vəziyyətdədir. Xaricdən maddi yardımlar gəlməsə bu ölkə heç cür dolana bilməz. Bu yardımları da əldə etmək üçün Ermənistan hakimiyyəti uydurduqları bu tip yalanlardan istifadə edirlər. Müharibə şəraitində olduqlarını, Azərbaycanın onlara təzyiq etdiyini, blokada şəraitində saxladığını bildirirlər. Rəsmi Bakının isə bir istəyi var. O da işğal olunan torpaqların geri qaytarılmasıdır. Azərbaycanın bu istəyi beynəlxalq hüquq normalarına tam uyğundur. Əgər Ermənistan bu torpaqları qısa müddət ərzində boşaltmasa, ölkə kimi varlığı şübhə altında olacaq".

E.Həsənli qeyd edib ki, gündən-günə bu dövlətin əhalisi azalır, iqtisadiyyatı çökür, vətəndaşların kriminal hakimiyyət qarşısında bütün ümidləri puç olur. O deyib ki, tez-tez Ermənistan ordusunda nizamnamədən kənar hadisələr baş verir: "Əsgərlər bir-birini öldürür. Bu faktları gizlətmək üçün isə Azərbaycanın diversiya hücumu təşkil etdiyinə, ermənilərin iki, Azərbaycanın isə beş itki verdiyinə dair yalan məlumatlar yayırlar. Müasir dövrdə bu cür məlumatlar yaymaqla düşmən heç nəyə nail ola bilməz. Ordumuz şəhid verəndə, dəfn mərasimi təntənə ilə keçirilir. Ermənistandan fərqli olaraq həlak olan əsgərimiz gizlədilmir. Dəfn mərasimində ölkə ictimaiyyəti, Müdaifə Nazirliyinin nümayəndələri və hərbi qulluqçular iştirak edir. Eyni zamanda, şəhidin ailəsinə maddi yardımlar olunur".

Hal-hazırda Ermənistan ordusunda böyük ruh düşkünlüyünün olduğunu qeyd edən hərbi ekspert keçən il düşmənin təşkil etdiyi diversiya hücumlarının qarşısının alınması nəticəsində ağır itkilər verən Ermənistanın həm əhalisində, həm də ordusunda böyük ümidsizlik və nizamsızlıq yarandığını bildirib: "Bu o deməkdir ki, torpaqlarımızın düşməndən azad olacağı gün uzaqda deyil".

Ceyhun ABASOV

 





07.01.2015    çap et  çap et