Hər il avqust ayının ilk həftəsini Azərbaycanda qalmağı planlaşdırıram. Çox ciddi səbəbi var. Artıq 6 ildir ki, məhz bu vaxt Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gəncləri bir həftəlik yay düşərgəsində toplayır və bu toplantıları Azərbaycanın ayrı-ayrı regionlarında və şəhərlərində təşkil etməklə gənclərə həm öz tarixi vətənlərinin müxtəlif guşələri ilə tanış olmaq, həm də bu vətəni daha yaxından tanımaq və yaşadıqları ölkələrdə tanıtmaq üçün geniş və maraqlı proqramlar tərtib edir. Milli müstəqil Azərbaycan dövlətçiliyinə gedən yol, Cümhuriyyətin yaranma və qurulma tarixi, bu dövlətin əsasını qoymuş, ən müxtəlif ekstremal şəraitlərdə onu qorumuş, saxlamış, uğrunda vuruşmuş və bütöv ərazi və ümumbəşəri dəyərləri ilə birlikdə gələcək nəsillərə ötürmüş Qurucu Babalar – Cümhuriyyət Kişiləri haqqında xüsusi panel bu proqramlar silsiləsinin ayrılmaz hissəsidir. Artıq 5-ci düşərgədir ki, mən bu mövzuda məruzə ilə çıxış etmək üçün dəvət olunuram və bu işi böyük məmnuniyyətlə görürəm. Belə ki, şəxsən mənim üçün Cümhuriyyət tarixinə baxış Azərbaycan gəncliyinin, xüsusilə onun artıq xaricdə doğulmuş və orada yaşayan, yaxud təhsil məqsədlə dünya ölkələrinə pərvazlanmış cavan soydaşlarımızın “Vətən” nəbzini yoxlamaq üçün dəqiq bir vasitədir. Cümhuriyyət tarixinin ayrı-ayrı səhifələri nəinki bu nəbzi tutmaq, onu döyündürmək, yüksəltmək, ürəklərə və yaddaşlara çökdürmək üçün misilsiz nümunələr verir və mən hər il bunun şahidi oluram.
Xankəndində keçirilən builki yay düşərgəsi də bu baxımdan gözləntilərimi tam doğrultdu. Keçirildiyi məkanından asılı olaraq budəfəki məruzəmi Cümhuriyyət tarixinin Qarabağ səhifələrinə, daha konkret, nəinki diaspor gənclərinin, çoxlarının ən yaxşı halda yalnız Qarabağ xanları ailəsinin istirahət yeri - “Xanın kəndi” kimi tanıdıqları Xankəndinin hansı şəraitdə Azərbaycanın siyasi səhnəsində yer almasına həsr etmişdim: “Şuşadan Xankəndinə. Qarabağ məsələsinə Cümhuriyyət Parlamentindən baxış”. Əvvəlcədən deyim ki, “Xankəndi” adlanan panelin aparıcısı, tanınmış jurnalist, DİDK-nın Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı çox maraqlı bir təqdimat proqramı hazırlamışdı. Xankəndinin tarixi ilə bağlı kiçik video-klipdən sonra bu şəhərdə doğulmuş, böyümüş, oxumuş, işləmiş 3 qadın şəxsi xatirələrini bölüşərək sonda öz doğma şəhərini təzyiqlər nəticəsində hansı şəraitdə tərk etməyə məcbur olduğundan söz açmışdı. Bu konkret insan talelərini dinlədikdən sonra isə mən bu “məcburiyyət” aksiyalarının nə vaxtdan güc topladığı və hansı mərhələlərdən keçdiyi prosesinə nəzər salmağa çalışıram. “Xan” statusunu itirsə də, hələ adındakı “kənd” təyinatını saxlayan, rus işğalı dövründə çar ordusu Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmalarının yerləşdiyi yaşayış məskəni - "qərargah” və İrandan köçürülmüş azsaylı erməni əhalisinin yaşadığı qəsəbə olan bir məkanı “erməni şəhəri”nə çevirmək cəhdlərinə tarixi ekskurs başlayır.
Gənclər sanki nəfəslərini içə çəkərək 1917-1920-ci illər Azərbaycan Cümhuriyyətini tanımayan və onun hakimiyyətinə tabe olmaq istəməyən Qarabağın erməni əhalisinin törətdiyi fitnələrə, silahlı münaqişə və müharibəyə qarşı Azərbaycan hökumətinin siyasi, diplomatik, hərbi tədbirlərini bir gərginlik və daxili həyəcanla dinləyirlər. Mən auditoriyamın emosional durumunu həmişə hiss edirəm, odur ki, müəyyən təfərrüatlara da gedirəm, Cümhuriyyət ordusunun 1920-ci ildə aprelində Qarabağda qiyam qaldırmış erməni silahlı birləşmələri ilə döyüşlərin gedişində Şuşanın, xüsusilə şəhərin yerlə-yeksan olunmuş erməni məhəllələrinin tarixi fotolarını göstərirəm. Bu fotoları ermənilər çəkib və sonra da dünyada geniş yayaraq Azərbaycan hökumətini və Cümhuriyyət ordusunu ermənilərin bir daha Şuşaya qayıtmasına və yaşamasına imkan verməmək üçün qəsdən bu həddə dağıntılar törətməkdə ittiham ediblər. Şuşanın və ətraf kəndlərin erməni əhalisinin Xankəndinə köçü və burada məskunlaşması bundan sonra başlayıb. Azərbaycanın işğalından sonra Daşnak Ermənistan hökuməti Qarabağda erməni qiyamında və 28 aprel işğalında özünün oynadığı rolu Moskva mətbuatı vasitəsilə rus bolşevik hökumətinin diqqətinə çatdıraraq onlara verilən vədin – Dağlıq Qarabağın Ermənitanın tərkibinə keçməsinin icrasını tələb edib. Bu iddialarının “icrası” 3 il müzakirə mənbəyi olub. Azərbaycan kommunist rəhbərliyinin, başda Nərimanov olmaqla bu məsələlərdə mövqeyi nəzərə alınmaqla yalnız 1 ildən sonra Az.SSR tərkibində “mərkəzi Şuşa” olmaqla Dağlıq Qarabağ muxtar vilayəti yaradılması haqda qəbul edilmiş qərar da daha 2 ildən sonra, 1923-cü ilin iyulunda “mərkəzi Xankəndi” olmaq dəyişikliyi ilə icra edilib. Şuşadan Xankəndinə bu keçidin səbəbini izah edirəm: Şuşa şəhərinin əhalisinin 96 faizi azərbaycanlı əhali idi! Və bu əhali ümumən muxtar vilayətin yaradılmasının əleyhinə idi! Xankəndi isə artıq erməni əhalisinin sayının kəskin şəkildə artdığı bir qəsəbə! Onun intensiv şəkildə ətraf kəndlər hesabına erməni əhalisi ilə məskunlaşması və şəhər statusu alması hələ qarşıdakı illərdə baş verəcəkdi. Amma həmin 1923-cü ilin sentyabrında bu qəsəbənin tarixi adı dəyişdirilərək ona erməni əsilli bolşevik Stepan Şaumyanın – 1918-ci il Azərbaycanın əksər bölgələrində tarixə “soyqırımı” kimi düşəcək müsəlman əhalisinin kütləvi qırğınlarına, onun mədəni, dini abidələrinin dağıdılmasına, şəxsi və təsərrüfat əmlakının talan və qarətinə rəhbərlik etmiş bir cinayətkarın adı verilir.
Şəhərin tarixi adı Az.SSR Ali Sovetinin qərarı ilə 1991-ci ilin noyabrında bərpa edilsə də, Stepanakert düz 100 il – 2023-cü ildə Azərbaycan tərəfindən işğaldan azad olunana və daha sonra erməni əhalisinin, Azərbaycan hakimiyyətini tanımamaq kimi “öz tarixi inadına” sadiq qalaraq şəhəri kütləvi surətdə könüllü tərk edənə qədər qondarma DQMV paytaxtı sayılmışdır.
Bu sonuncu faktı – ermənilərin guya “əzəli, tarixi vətən” saydıqları bir torpağı beləcə bir neçə günün içində, həyatlarına və əmlaklarına hər hansı təhlükə olmadan tərk etmələrinin izahını gənc dinləyicilərimə buraxıram və birmənalı qəbul edirlər ki, nə bu şəhər, nə də bu diyar heç vaxt ermənilərin Vətəni olmayb!
Öz tərəfimdən bir müşahidə: Xankəndini şəkillərə əsasən heç vaxt dağıntıya məruz qalmamış, səliqələli, abad, özünəməxsus koloriti olan bir şəhər kimi təsəvvür edirdim. Şəhəri görərkən gözləntilərim alt-üst oldu. 100 il “Stepanakert” adı daşıyan vilayət mərkəzi sovet dövrünün adi əyalət şəhərlərindən biri imiş, əsasən 5 mərtəbəli, artıq tör-tökülən “Xruşşovkalar, bir neçə fərqli arxitekturaya malik inzibati binalar. Az-çox “qədim” sayılan “tarixi” və yeni məhəllə kilsələri belə şəhərə “erməni” koloriti vermir. Xan öz kəndinə tarixi möhür vurubmuş! (Ən yaraşıqlı və şəhərin simasını dəyişən binalar son zamanlarda Azərbaycan tərəfindən inşa edilib).
Diaspor gənclərinin təbii ki, bu sıradan təsəvvürləri yoxdur. Amma sualları var, həm də nə suallar! Məsələnin dərinliklərinə varıblar! Cümhuriyyət rəhbərlərinin Qarabağ məsələsində istər erməni, istər xarici təzyiqlər qarşısında qətiyyətli mövqeyi, diplomatik məharəti və hərbi qüdrəti heyranlıq və qürur doğurub. Öz canı, qanı bahasına, işğal ərəfəsində Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamış Cümhuriyyət Ordusunun adı gələndə ayağa qalxırlar, gözlər dolur, alqışlar kəsilmir, şüarlar verilir. İlk Qarabağ müharibəsinin qəhrəmanları ilk Şəhidlərimiz, ilk Qazilərimiz kimi qəbul edilir. Bu günümüzdə Şuşanın azad edilməsini bir Şərəf, Namus, Qeyrət, Xankəndinin özünün və adının qaytarılmasını isə bir Prinsip məsələsi hesab edirlər.
Bu sonuncu amil xüsusilə rəmzi xarakter alır, belə ki, bizim paneldən sonra şəhid anaları və qazilərlə görüş başlayacaq. Amma gənclər hələ Cümhuriyyət tarixinin cazibəsi altındadırlar, suallar axınını vaxta görə kəsməli oluruq, amma dərhal məni əhatəyə alırlar, eşitdiklərindən necə vəcdə gəldikləri, yenə bilmək, öyrənmək istədiklərini göz qabağındadır. Mən də bir tarixçi-vətəndaş kimi öz niyyətimə çatmışam. Arxalarında bir şərəfli Tarix, Vətən, Dayaq duyan bu gəncliyin onlara aşılanan bilgilərin və hisslərin artıq daşıyıcısı olduğu və yaşadığı ölkəyə də bu mənəvi “yüklə” qayıdacağı göz qabağındadır. Xankəndində olduğum müddətdə ayrı-ayrı gənclərlə apadığımız söhbətlər məni bu qənaətimdə daha da möhkəmləndirir. Bir neçəsi ilə şəxsi kontaktlar qururuq. Cənubi Koreyadan olan bir qız ilk dəfə bu ölkədə Cümhuriyyət tarixinə dair elmi əsər yazdığını (deyəsən, magistr diplomu kimi) və bu işi davam etdirmək istədiyini bildirir. Təbii ki, kömək edəcəyik. Başqa bir xanım qız Rumıniyada Azərbaycan tarixinə dair keçirmək istədiyi bir tədbirdən bəhs edir, görüləcək işləri konkretləşdiririk. Almaniyada, Veymar memarlıq universitetində magistr təhsili alan, rəsm və layihələri artıq şəhər sərgisində nümayiş etdirilən Hüseyn Hüseynbəyli (onu əvvəldən tanıyıram) Veymardakı konservatoriyanın tələbə orkestrinin üzvləri ilə Azərbaycan musiqiçilərinin əsərlərinin ifası kimi bir proyekt üzərində işlədiyini bildirir. Qərar qoyuruq ki, Almaniyaya qayıdanda ona Üzeyir bəy Hacıbəylinin əsərlərinin notlarını verək və böyük bəstəkarımızın 140 illiyi bu şəhərdə qeyd edilsin. Bütün bu təşəbbüsləri Diasporla İş üzrə Komitənin nümayəndələri ilə müzakirə edirik, planlar qurulur, reallaşma yolları müəyyən edilir. Beləliklə, ilkin nəticələr artıq göz qabağındadır və bu, hələ yalnız mənimlə bağlı panelə aiddir. Düşərgə boyu isə ən müxtəlif mövzularda panellər keçirilir, gənclərə ayrı-ayrı sahələr üzrə mütəxəssisləri, ölkənin tanınmış şəxslərini dinləmək, hər kəsə öz maraqları üzrə ünsiyyət qurmaq şəraiti yaradılır. Öz təcrübəmdən bilirəm ki, hər il eşitdiyim təşəbbüslərin bir hissəsi həqiqətən reallaşır.
Mən xaricdə yaşayan azərbaycanlı gənclərin yay düşərgələrini Azərbaycan Respublikasının Diasporla ilə İş üzrə Dövlət Komitəsinin ən uğurlu və real nəticələrə malik layihələrindən biri, bəlkə də birincisi hesab edirəm. 5 il davamlı surətdə iştirak etdiyim, daha sonra ayrı-ayrı xarici ölkələrdə baş tutan tədbirlərdən şəxsən aldığım təəssüratım budur ki, son illər ərzində müxtəlif ölkələrdə bizim savadlı, intellektual, ciddi, həqiqətən vətənpərvər və işgüzar yeni diaspor nəsli formalaşır. Bu işdə Komitənin çox mobil, hazırlıqlı, peşəkar kollektivinin və xüsusilə hər bir təşəbbüsə açıq sədri Fuad Muradovun rolunu və zəhmətini xüsusi qeyd etmək istərdim. Yay düşərgələrinə gələn gənclərin özlərinin və təmsil etdikləri ölkələrin sayının getdikcə artması (bu il rekord rəqəm - 61 ölkədən 128 nəfər), çoxsaylı diaspor qrupları arasından seçilib dəvət olunan gənclərin təhsil, səviyyə, düşüncə tərzi və vətənpərvərlik səviyyəsi onların içindən bu ölkələrdə gələcək diaspor rəhbərlərinin və fəallarının yetişəcəyinə tam təminat verir. Əslində bu sahədə məhz gənclərin fəallığı artıq danılmazdır. Belə ki, “diaspor” məfhumunun mahiyyəti – hər hansı ölkədə yaşayan milli-etnik azlığın bu ölkənin cəmiyyətinə sıx inteqrasiyası və onun ictimai-siyasi-iqtisadi-mədəni həyatında fəal iştirakı ilə həmin potensialdan öz tarixi vətəni üçün yararlanması - yeni diaspor gəncliyinə aşılanan əsas məqamdır. Azərbaycan Respublikası Diaspor Komitəsinin öz fəaliyyətində yalnız ondan maddi dəstək gözləyən və bu vəsaitlə həmin ölkələrdə hər hansı tədbirlər (əsasən Novruz bayramları və bəzi tarixi günlər) keçirən bir sıra diaspor təşkilatlarına deyil, məhz öz təşəbbüsləri və yaşadıqları ölkələrin resursları hesabına Azərbaycan adına, onu tanıtmaq, imicini artırmaq yolunda çalışan gənc azərbaycanlılara müxtəlif səviyyələrdə dəstək verməsi də bu sıradan atılan mühüm addımlardır. Bu çox gərəkli və əhəmiyyətli işdə gənc dostlarıma və Diasporla iş üzrə Dövlət Komitəsinə uğurlar diləyirəm.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
çap et