“Azərbaycan və Ermənistan arasında ABŞ ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq”.
525.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.
“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan - red.) ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - deyə Bryus bildirib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ liderləri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması haqqında iki ölkənin hökumətləri arasında Anlaşma Memorandumu imzalayıblar.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki liderin Vaşinqtonda görüşünün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.
ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyannamənin ABŞ Prezidenti üçün çox önəmli olduğunu vurğulayıb.
O, bunu digər ölkələrin "Tramp marşrutu"nu (Zəngəzur dəhlizi - red.) əngəlləməyə çalışacağı təqdirdə Vaşinqtonun hansı addımlar atacağı ilə bağlı sualı cavablandırarkən deyib.
"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, Prezident (ABŞ) Donald Trump ciddi qəbul edilməlidir. Bu razılaşma (sülh Bəyannaməsi - red.) onun üçün vacibdir", - Bryus jurnalistlər üçün brifinqdə deyib.
O vurğulayıb ki, əvvəllər Aİ, Fransa, Rusiya və ABŞ-nin keçmiş prezidenti Co Bayden Bakı ilə İrəvan arasında sülh prosesində uğursuz vasitəçilik səyləri etsələr də, yalnız Tramp real nəticə əldə edə bilib.
çap et