Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Vaşinqton Bəyannaməsi təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də region və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
525.az xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, bu sənədin həyata keçirilməsi İranın Fars körfəzindən Qara dənizə dəmir yolu əlaqəsi yaratmasına, həmçinin İranla Rusiya arasında dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcək.
Baş nazir vurğulayıb ki, bu razılaşma yalnız Ermənistan, ABŞ və Azərbaycan üçün deyil, eyni zamanda Türkiyə, Rusiya və İran kimi ölkələrə də iqtisadi baxımdan faydalı olacaq.
“Bu dəmir yolu layihəsi unikal xarakter daşıya bilər, çünki hazırda Cənubi Qafqazda İranla Rusiyanı birləşdirən birbaşa dəmir yolu xətti mövcud deyil”, - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan gərginlik yaratmaq və ya yeni münaqişələrə səbəb olmaq niyyətində deyil. İrəvanın məqsədi sabit və davamlı sülh, eləcə də siyasi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsidir.
İbrahim Cəfərov
çap et