525.Az

"İrqçiliyə yox", yoxsa "İslama nifrət"?


 

MİLLƏT VƏKİLİ FAZİL MUSTAFA: "BU GÜN AVROPADA APARILAN İSLAMAFOBİYA KAMPANİYALARI SADƏ VƏTƏNDAŞLARIN HÖKMÜ, İRADƏSİ İLƏ BAŞ VERMİR"

"İrqçiliyə yox", yoxsa "İslama nifrət"?<b style="color:red"></b>

Bu gün Azərbaycan bütün xalqlara, onların dini baxışlarına, irqi müxtəlifliyinə tolerant yanaşan ölkələrdən biridir. Bu amil özü-özlüyündə azadlığın rəmzidir. Lakin müsəlman dünyası xristian aləmi ilə nə qədər barışığa doğru getsə, bir o qədər yadlanma, kin, nifrət və qəzəblə qarşılanır. Dünyada demokratik dəyərlərin, tolerant düşüncənin təşəbbüskarları Avropa və ABŞ mühitindən çıxsa da, bərqərar etməyə çalışdıqları yeni düşüncə tərzinin, ideoloji baxışların onların cəmiyyətləri üçün nə qədər yad olduğunu, əks təsir göstərdiyini görmək elə də çətin deyil. Qərbdə, eləcə də ABŞ-da islamafobiya dalğasının daha böyük kütlələri ələ alması, hakimiyyətin siyasi baxışlarının cəmiyyətə güclü təsir etdiyindən xəbər verir. Əlbəttə bu qısa bir müddətə əldə olunan nəticə deyil. Tarixə nəzər salsaq əsrlərdir xristian cəmiyyətinin müsəlmanlara qarşı amansız münasibət bəslədiyini yada salmaq olar. Kilsə hakimiyyətinin göstərişi ilə islam dünyasına qarşı başladılan səlib yürüşləri bunun bariz nümunəsidir. 1095-ci ildə Fransanın Klermon şəhərinin yaxınlığında xalq qarşısında çıxış edən Roma Papası İkinci Urban Şərq ölkələrinə yürüş edib, "İsanın qəbrini kafirlərdən (yəni müsəlmanlardan) xilas etməyə" çağırıb. Çoxları dərhal müqəddəs torpağa getməyə hazır oduqlarını nümayiş etdirmək üçün paltarlarına qırmızı parçadan xaç tikməyə qərar veriblər. Ona görə də, Şərqə yürüşlərin iştirakçılarını səlibçilər, həmin yürüşləri isə səlib yürüşləri adlandırmağa başlayıblar. Bundan bir il sonra -1096-cı ilin yazında  ilk səlib yürüşünə  Qərbi Avropa ölkələrinin kəndliləri başlayıblar. Məlum olduğu kimi Səlcuq türklərinə qarşı yönələn ilk döyüşdə elə məğlub olan tərəf də islamafoblar olublar. Lakin bu məğlubiyyət onların islam dünyasına qarşı hücumlarını dayandırmayıb. İndiki dövrdə də bunun əyani şahidi oluruq. Son vaxtlar İsveç, Fransa və Almaniyada baş verən hadisələrin - məscidin yandırılması, hicaba qadağa qoyulması, islamafobiya kampaniyalarının geniş vüsət almasının siyasi çalarlarını görmək olar. Özlərini yəhudi köklü xristian adlandıran sıravi almanlar hələ İkinci Dünya müharibəsində yahudilərə divan tutduqlarını deyəsən yaddan çıxarıblar. İndi isə dünyanın geosiyasi xəritəsində diqqətlər müsəlman dünyasına istiqamətlənib. Təsadüfi deyil ki, Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı çıxan dövlətlərdən birincisi elə Almaniyadır. Yəqin ki, bununla paralel şəkildə "No racism" - "İrqçiliyə yox" şüarı ilə dini və irqi ayrıseçkiliyə qarşı mübarizə apardıqlarını nümayiş etdirən Qərb dairələri məqsədlərinin əsl mahiyyətini gizlətməyə çalışırlar. İllərdir davam etdirilən bu kampaniyanın məfkurəsində "İslama nifrət" amilinin dayandığı sezilməkdədir. Çünki bunu nə qədər gizlətməyə çalışsalar da bu gün Avropa ölkələri və ABŞ-da irqi və dini ayrıseçkilik ən yüksək səviyyədə tüğyan etməkdədir. Birləşmiş Ştatlarda qaradərili insanlara qarşı dəfələrlə müşahidə olunan polis zorakılığı bunu deməyə kifayət edir. Son olaraq yeniyetmə gəncin hüquq mühafizə orqanlarının əməkdaşı tərəfindən qətlə yetirilməsi ABŞ-ın Ferguson şəhərində həftələrlə davam edən böyük xalq etirazlarına səbəb olub. Aydın məsələdir ki, dünyada terror dalğasını müsəlman dünyası ilə əlaqələndirib yayan qüvvələr öz ölkələrində baş verən bu kimi insidentləri gizlətməyə çalışırlar. Bu gün ərəb dünyasında törədilən "bahar inqilabı" adlı hadisələr həmin xalqların həyatlarının məhv edilməsindən başqa bir məna kəsb etmir. Fələstin, İraq, Misir, Liviya və Suriyada bu gün baş verən hadisələr müasir dövrdə Yaxın Şərq və onun ətrafını partladılmış mərmiyə çevirib. Eyni zamanda, son dövrlər Türkiyə ilə Azərbaycanı hədəfə götürən xarici qüvvələr məkirli niyyətlərini həyata keçirmək, iki qardaş ölkəni öz təsir dairələrinə salmaq, hətta bir-birinə düşmən etmək üçün müxtəlif təzyiq alətlərindən istifadə edir, bununla kifayətlənməyib ermənilərin Dağlıq Qarabağa hücumu zamanı Kəlbəcəri işğal etmələrindən sonra bağlanan sərhəd qapılarını düşmənin üzünə birdəfəlik açmağı da tələb edirlər. Bu isə dünyada hələ də ikili standartların tətbiq olunduğunu, bundan daha çox müsəlman dünyasının əziyyət çəkdiyini deməyə əsas verir.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan daim irəliyə baxmalı, gələcəyi ilə bağlı məsələləri həll etməlidir. Onun sözlərinə görə, xarici dövlətlərin təzyiqi həmişə olub və olacaq: "Bu gün Avropada aparılan islamafobiya kampaniyaları sadə vətəndaşların hökmü, iradəsi ilə baş vermir. Bu qəbildən olan bütün hadisələr islamafob siyasət yürüdən dövlətlərin prezidentləri səviyyəsində qəbul olunan qərarlar, atılan addımlar nəticəsində baş verir. Bu cür təzyiqlərin qarşısını almağın mümkünsüz olduğunu nəzərə alaraq Azərbaycan öz iqtisadi sistemini daha da inkişaf etdirməli, əhalinin rifah halının yüksəklərə qaldırmalıdır ki, insanlar öz dövlətinin arxasında daha möhkəm dayansınlar. Bu zaman, Azərbaycan ikili standartların cəngində hər hansı bir təzyiqlə üz-üzə qaldıqda xarici qüvvələr ölkədə təlatüm, cəmiyyətdə xaos yarada bilməyəcəklər".

Millət vəkili qeyd edib ki, Azərbay

canın müxtəlif sahələrdə inkişafını arzulamayan qüvvələr yumşaq desək, beynəlxalq hüququ bəhanə gətirərək öz təzyiqlərini davam etdirirlər. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında baş verən hadisədir: "Bu məsələdə təqsirkar tərəf torpaqlarımızı işğal edən, 1 milyondan çox vətəndaşımızı məcburi köçkün həyatına sürükləyən, tarixi ərazilərimizdə maddi-mədəni sərvətlərimizi məhv edən Ermənistan dövlətidir. Ona görə də, günahı başqa bir ölkənin üstünə yıxmaq düzgün deyil".

Heç bir qüvvənin Azərbaycanı yer üzündən silmək niyyətinin olmadığını deyən F.Mustafa sadəcə müxtəlif məsələlərdə, o cümlədən işğal olunan Dağlıq Qarabağ torpaqlarının qaytarılması məsələsində bizə mane olmaq istəyən qüvvələrin olduğunu dilə gətirib: "Biz haqq işimizi öz gücümüzlə davam etdiririk".

Millət vəkili Zahid Oruc bildirib ki, Qərbin İslam aləminə nifrəti məlum xaç yürüşlərindən müşahidə olunmağa başlayıb. Onun sözlərinə görə, hazırkı dövrdə demokratiyanın və insan haqlarının ən yüksək səviyyəsinə çatmış Avropa ölkələrində real İslam etiqatlı insanlara qarşı qərəzli hərəkətlərin vüsət alması sübut edir ki, Qərb mühitində "Avropa avropalılarçün" düşüncəsi hökm sürməkdədir: "Bu dövlətlər nəyin bahasına olursa olsun, sanki sərhədlərini bağlayaraq digər xalqların nümayəndələrinin öz sıralarına qoşulmasına mane olmaq istəyirlər. Ən başlıcası isə miqrasiya axınlarına qarşı hərəkətlərin arxasında sırf müsəlmanların orada çoxluq təşkil etməməsi istəyi dayanır. Bunu biz Avropa dövlətlərinin həyatında müxtəlif şəkildə görməkdəyik. Almaniya və İsveçdə məscidlərin yandırılması, ictimai aksiyaların keçirilməsini nümunə gətirmək olar. Əlbəttə ki, bunun başqa səbəbləri də var. Bu sadəcə cəmiyyətə yoğuşmayan, sosial adaptasiya imkanları zəif olan, öz mədəni dəyərləri ilə yeni mühitə qatılmaq istəyən insanları faş etmək anlamına gəlmir. Yəni, məsələ təkcə guya barbar ənənələri ilə Almaniyanın, yaxud Belçikanın quruluş sistemlərini pozmaq istəyən insanları burdan qovmaq niyyəti deyil. Lakin iş burasındadır ki, nəzərdə tutulmuş miqrasiya qanunları əsasında Avropa cəmiyyətlərində yaşamağa gələn insanlara iş yerlərində, təhsildə, idarəetmədə təzyiq göstərilir. İslamdan qorxu təkcə Suriyada, İraqda baş verən hadisələrlə, İslamın terrora, ekstremizmə yol açması kimi fikirlərin yayğınlaşması ilə əlaqəli deyil. Onların beyinlərində olan fobiya İslam etikasına bağlı olan insanlar inanclı, əqidəli olmaları ilə bağlıdır".

Millət vəkili hesab edir ki, "Demokratiya əxlaqsızlıq şəraitində daha çox çiçəklənir" formulunu müsəlmanlara tətbiq etmək uğur gətirmədiyi üçün avropalılar belə əhali qruplarını öz sıralarına almaq istəmirlər: "Göstəricilər isə say etibarı ilə getdikcə artmaqdadır. Hazırda Britaniyada İslam etiqadlı insanlar 5.2 faiz təşkil edir, Almaniyada isə müsəlmanların sayı artıq bir neçə milyondur. Həmçinin İsveç, Norveç və İsveçrədə də onların sayı sürətlə artır. Buna görə də məlum karikaturalar meydana çıxarılır, insanların heysiyyatına toxunacaq hadisələr törədilir ki, küçələrə çıxan isnanlara başı pozuq dəstələr adı verilsin. Nəticədə isə müsəlmanların Avropaya miqrasiyasının qarşısının alınması məsələsi süni şəkildə ortaya atılır. Əslində isə bütün dini etiqatların nümayəndələri kimi, müsəlmanlara da hörmətlə yanaşılmalıdır".

Dini burada günahkar tutmağın qətiyyən düzgün olmadığını deyən Z.Oruc İslamın terroru, ekstremizmi qadağan etdiyini, onu tanımadığını və pislədiyini bildirib. O qeyd edib ki, İslamın sülh dini olduğunu uzun onillər ərzində göstərmək mümkündür: "Bu illər ərzində Azərbaycan da İslam ölkəsi olaraq, Avropa ailəsinin tamhüquqlu üzvü kimi heç bir dinə qarşı fobiya ortaya qoymayıb. Əksinə ölkədə tolerant bir mühit bərqərar edib. Ona görə də bu gün Avropada hökm sürən İslam qorxusu açıq şəkildə insanlıq əleyhinə bir mövqedir. Onların başlıca niyyəti İslam dövlətlərini əzmək və öz əllərində siyasi alətə çevirməkdir. Çox təəssüf ki, xarici dairələr müxtəlif məzhəblər, terror təşkilatları yaradaraq ssenari əsasında İslamın təhlükə saçdığını, onlara mane olmağa çalışan insanların başlarını kəsərək xilafət qurmaq arzusunda olduğunu göstərirlər. Bu cür fikirlər formalaşdırmaq düzgün deyil. İslamın terrorla, başkəsənliklə heç bir əlaqəsi yoxdur. Həmin terror təşkilatlarının sırasında xeyli sayda Avropadan gələn insanlar da var. Ona görə də Avropada belə bir tendensiyanın güclənməsi siyasi məqsədlər güdür və dövlətlərin elitaları tərəfindən idarə olunur.Bu açıq şəkildə İslam əleyhinə müharibəni gücləndirmək ritorikasına, ideologiyasına xidmət edir".

Ceyhun ABASOV

 





08.01.2015    çap et  çap et