525.Az

"Cəbhə bölgəsində baş verən qarşıdurmaların yeganə səbəbkarı Ermənistan hökumətidir"


 

"Cəbhə bölgəsində baş verən qarşıdurmaların yeganə səbəbkarı Ermənistan hökumətidir"<b style="color:red"></b>

"Ermənistan hökuməti Rusiyadan müəyyən dərəcədə dəstək aldıqdan sonra özlərini inamlı hiss etməyə başlayıblar".

Belə bir açıqlama ilə politoloq Qabil Hüseynli son günlər Ermənistan tərəfindən cəbhədə törədilən təxribatlar barədə danışarkən deyib. Onun sözlərinə görə, son zamanlar cəbhə bölgəsində baş verən qarşıdurmaların yeganə səbəbkarı, məhz Ermənistan hökumətidir: "Ermənilər cəbhədə həm atəşkəsi pozur, həm də dünya ictimaiyyətinin fikrini bu məsələdən yayındırmaq üçün hər cür alçaq hərəkətlərə əl atırlar. Yanvarın 5-dən 6-a keçən gecə  ermənilər yenə də atəşkəs rejimini pozublar. Hətta həmin gecə  iri çaplı silahlardan, qumbaraatan və minaatanlardan da istifadə ediblər. Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə xəbərlər yayması rəsmi İrəvanın növbəti dezinformasiyası və təxribat xarakterli addımlarındandır". Politoloqa görə, bu cür yalan informasiyalar yayan erməni mətbuatı dünya ictimaiyyətində Azərbaycan əleyhinə  fikir formalaşdırmağa çalışır: "Belə dezinformasiya xarakterli yazılara inanmaq düzgün deyil". Bununla belə Q.Hüseynli həmin dezinformasiyalara dərhal reaksiya verilməsini də zəruri sayır: "Bəzən bu cür yalan məlumatlardan insanlar narahat olurlar. Nəzərə alsaq ki, söhbət cəbhədən bəhs edir, bu, başadüşüləndir. Ona görə də dərhal rəsmi münasibət olmalıdır ki, insanların narahatlıqları aradan qalxsın".

Millət vəkili Fərəc Quliyev isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən süni şəkildə yaradılması hamıya məlumdur və Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Qarabağ kartından istifadə edilir:  "Təbii ki, bu problem ortada qalanda hakimiyyət Rusiyadan xeyir-dua almaqla bundan müəyyən qədər yararlanmağa çalışır. Bu kartı Rusiyanın xeyrinə olmadan, hətta Ermənistan dövlətinin xeyrinə olsa belə, erməni hakim dairələri icazəsiz istifadə edə bilməzlər. Bir zamanlar Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağla bağlı daha rasional təkliflərlə çıxış edəndə onu dərhal dəyişdilər. Bu gün Serj Sarkisyan da anlayır ki, əgər Dağlıq Qarabağ kartından fərqli şəkildə istifadə etməyə çalışarsa, dərhal dəyişəcəklər".

Millət vəkili bildirib ki, hakimiyyətinin hansı qolu olursa, olsun və nə qədər yerli xarizmatik lider olsa, Rusiyadan dəstək almadan Ermənistanda heç bir iş görə bilməz: "Bu həm Ermənistanın qoltuq altı dövlət olması ilə, həm də Qarabağ savaşında guya ki ermənilərin əldə etdiyi müvəqqəti uğurun saxlanmasında birbaşa Rusiyanın olması ilə bağlıdır. Amma, son zamanlar Rusiyada baş verən ziqzaqlar və Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşılaşması, bu ölkədəki iqtisadi durumun birbaşa Ermənistana təsiri işğalçı ölkəni seçim qarşısında qoyub. Belə vəziyyətdə Ermənistan başqa bir tərəfdaş axtarıb, Rusiya ilə bərabər gömülmək istəmir. Ancaq hesab etmirəm ki, bu mərhələ bitib. Çünki Rusiyada da Ermənistanın mövqeyi və onun ayağına badalaq olduğunu anlayırlar. Hətta Rusiya rəsmiləri elan etdilər ki, Azərbaycan bu ölkənin ən pis günlərində onun yanında olub. Bu ifadələr Ermənistan üçün istifadə olunmadı. Əksinə Rusiyanın öz ordusunu Ermənistandan çıxara bilər kimi fikirlər səsləndi. Ona görə də ermənilər blef imici formalaşdırmaq istəyirlər".

PƏRVANƏ

 





08.01.2015    çap et  çap et