525.Az

İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb


 

İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb<b style="color:red"></b>

2007-ci ilin aprelində qurulan "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası ("Azİz") onlarca müxtəlif layihə hazırlayaraq həyata keçirib, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzi yaradıb.

Assosiasiyadan AzərTAc-a bildiriblər ki, Azərbaycan Mədəniyyət Mərkəzini Afulada yerləşdirmək qərara alınıb. Əvvəlcə ictimai əsaslarla yaradılan bu mərkəz 8 il müddətində, demək olar, direktor Yeganə Salmanın əzmkarlığı sayəsində fəaliyyət göstərib.

Afulanın birinci vitse-meri Mixail Barkanın təşəbbüsü ilə mərkəzə yeni bina ayrılıb. Heydər Əliyev Fondunun köməyi və dəstəyi sayəsində yeni mərkəzdə Azərbaycanın çoxşaxəli mədəniyyətindən, çoxəsrlik tolerantlıq ənənələrindən söz açan ekspozisiya yaradılıb.

Ayrı-ayrı ekspozisiyalar Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevdən, habelə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən söz açır.

Yanvarın 6-da mərkəzin yeni binasında tədbir keçirilib. Təşkilatçılar ehtiyat ediblər ki, həmin gün İsraildə tüğyan edən güclü yağışlar və şiddətli külək səbəbindən tədbirə qatılanların sayı az olacaq. Lakin tədbirə o qədər insan toplaşıb ki, çoxları ayaq üstündə durmalı olub.

Qonaqlar ekspozisiyalara böyük maraqla tamaşa ediblər.

Tədbir çərçivəsində əfsanəvi bakılı, politoloq Aleks Veksler ilə görüş olub. Ötən əsrin 90-cı illərinin əvvəlində İsrailin SSRİ-dəki konsulluğunda işləyən Aleks Veksler o dövrün repatriantlarının çoxuna tanışdır.

Tədbir iştirakçılarını fəxri qonaqlar salamlayıblar. Afulanın vitse-meri Mixail Barkan çıxışında İsrailin Azərbaycandakı konsulu vəzifəsində işlədiyi illəri yada salıb və həmin illəri ömrünün ən gözəl illəri adlandırıb.

Mərkəzin direktoru Yeganə Salman çoxsaylı layihə və planlardan danışaraq bildirib ki, burada alimlər, jurnalistlər, şairlər, yazıçılar, siyasi və ictimai xadimlərlə müntəzəm yaradıcılıq gecələri keçiriləcək, filmlər nümayiş etdiriləcək.

Artıq mərkəzdə dərnəklər, bal və xalq rəqsləri studiyaları və seksiyaları, ivrit və Azərbaycan dilləri sinifləri açılıb.

 





08.01.2015    çap et  çap et