Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazısı olan sviteri 10 990 rubl (təxminən 235 AZN - red.) dəyərindədir.
525.az xəbər verir ki, bloger və ictimai xadim, “Qadın cəbhəsi” Avtonom Qeyri-Kommersiya Təşkilatının rəhbəri Anastasya Kaşevarova Rusiya XİN başçısı Sergey Lavrovun Ankoricə səfəri zamanı geyindiyi sviterlə bağlı yeni təfərrüatlar açıqlayıb. Müvafiq paylaşım onun Telegram kanalında yer alıb.
Jurnalistin sözlərinə görə, “SSRİ” yazılmış sviter Çelyabinskdə yerləşən “Selsovet” adlı moda brendi tərəfindən istehsal olunub. Onun qiyməti 10 990 rubl təşkil edir.
“Məndə də eyni sviter var, qırmızı rəngdə. Bu yaxınlarda onun haqqında yazmışdım - Anton Krasovski ilə müsahibədə onların kostyumunda idim. Onların bütün məhsulları sovet irsinə, o cümlədən Viktor Soyun mahnılarına istinad edir. Yaxşı seçimdir, Sergey Viktoroviç, mən pis bir şey tövsiyə etmərəm”, – deyə Kaşevarova bildirib.
Bundan öncə politoloq Aleksey Martınov Lavrovun sviterinin mənasını şərh etmişdi. Onun sözlərinə görə, bu geyim XX əsrdə ABŞ və SSRİ arasında mövcud olmuş zəngin ikitərəfli münasibətlərə bir istinaddır və hazırkı sammitlə, keçmişdə SSRİ Kommunist Partiyasının baş katibi Leonid Brejnev ilə ABŞ prezidenti Riçard Nikson arasında əldə olunmuş uğurlu razılaşmalar arasında mümkün paralellərə eyham vurur.
İbrahim Cəfərov
çap et