525.Az

"Baku Guide" bələdçi kataloqunun yeni ildə ilk sayı çapdan çıxıb


 

"Baku Guide" bələdçi kataloqunun yeni ildə ilk sayı çapdan çıxıb<b style="color:red"></b>

"Avropada belə bir möhtəşəm idman tədbirinin Bakıda təşkili böyük maraq doğurur. "Eurovision 2012" musiqi yarışmasından sonra Azərbaycanı müsbət tərəfdən tanıyanların sayı çoxdur. Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının yarışacağı gözlənilir. Oyunları işıqlandıracaq geniş medianı da nəzərə alsaq, bu, Azərbaycanın təbliği üçün olduqca böyük imkandır".  Bu cümlələr "Bakı Avropa Oyunları-2015" Təşkilat Komitəsinin kommunikasiya direktoru Vilyam Luis Marinin "Baku Guide" bələdçi kataloqunun yanvar sayında dərc olunan eksklüziv müsahibəsindən götürülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun yeni ildə ilk sayı da paytaxtımızın qonaqları və aktiv istirahət həvəskarı olan şəhər sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir.

Nəşrin müsahibə rubrikasının daha bir qonağı məşhur estrada müğənnisi, "World Music Award" və "Qızıl qrammofon" mükafatlarının ilk azərbaycanlı laureatı Emindir. O, müsahibəsində doğma Bakıya sevgisindən, onu vətənə bağlayan tellərdən bəhs edir.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə paytaxtımızın mədəni və işgüzar həyatı, yanvar ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb.

"Azərbaycanda qış turizmi" rubrikası mövsümün ən yaxşı çağında xizək sürmək, istirahətini mənalı keçirmək istəyənlər üçün bələdçi rolunu oynayacaq. "Azərbaycan mətbəxi" rubrikasında isə oxucular daha bir ləzzətli milli yeməyimizin - yarpaq xingalının hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və digər məsələlər barədə məlumatlar yer alıb.

 





08.01.2015    çap et  çap et