525.Az

Şəmsi - 45 yaşlı dost həmkarıma


 

Şəmsi - 45 yaşlı dost həmkarıma<b style="color:red"></b>

"Günəş"-adındakı müqəddəs məna,
Layiqli övladdı Azərbaycana;
Nüfuzlu müəllim, naşir, filosof...
Arada "hacı" da deyirik ona...

Görünmək istəmir başda, öndə O,
Darıxar getməsə hər ay kəndə O;
Qoruyur müəllif hüquqlarını
Məşhur Yazıçılar Birliyində O.

Çiynində gəzdirər ən ağır dağı -
Yoxdur nə dincliyi, nə rahatlığı;
Türk, ərəb, belarus, çex də bilir ki,
Şəmsi bəy xoşlayır tolerantlığı!

Daim təmasdadır xeyirlə, şərlə.
Görüşüb Şahdağla, Kürlə, Xəzərlə;
Oxucu sevgisi əxz edib "Məni
çoxdan öldürüblər" adlı əsərlə.

Güzəşt, xeyirxahlıq "maaş"sız işi,
Zəhmətlə qazanıb "əla"nı, "beş"i;
Neçə kimsəsizin dadına yetib
Vədini əmələ döndərən kişi.

Hazırdır atəşə girməkdən ötrü,
Köksünü tufana gərməkdən ötrü;
Tez-tez İmişliyə salır yolunu-
Dədə Məhəmmədi görməkdən ötrü.

Güntac - elm öyrənən sevimli oğlu,
Qızı Şəms - ocağın qəndi, noğulu;
Şəmsi atasıdır Dəyanətin də,
Bağ salıb - meyvəli, çiçək qoxulu.

Məramı - Biz Marsa uçmaqdan qabaq
Yerdə ünsiyyətin dilini tapaq;
...Ərməğan gətirib uzaq səfərdən
Kiməsə "yanacaq", kiməsə papaq.

Gözəl söz ustası Şəmsi Vəfadar
Nə dayı istəyir, nə də havadar;
Həzin misraları məlhəm kimidir,
Sözündə həm işıq, həm də şəfa var!

 





08.01.2015    çap et  çap et