525.Az

“Rusiya Azərbaycana qarşı təxribatlara son qoymalıdır” - Deputat


 

“Rusiya Azərbaycana qarşı təxribatlara son qoymalıdır” - <b style="color:red"> Deputat</b>

“Rusiya tərəfindən Azərbaycanın enerji obyektlərinə qarşı ilk dəfə deyil ki, hücum həyata keçirilir. Artıq neçənci dəfədir ki, bu, baş verir. Rusiyanın bu addımı, eyni zamanda, beynəlxalq hüquqa qarşı yönəlmiş cinayət əməlidir və iki ölkə arasında münasibətlərə xələl gətirir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Odessa bölgəsində Azərbaycanın enerji obyektlərinə növbəti hücumu barədə danışarkən deyib.

Bu məsələdə bir neçə məqama diqqət çəkən deputat söyləyib ki, ilk növbədə Rusiya bununla Ukraynanı cəzalandırır: “Ukraynanın enerji strukturunu məhv etməklə ölkəyə təzyiqləri artırmağa çalışır. Digər tərəfdən isə Azərbaycanın bu fəaliyyətinə mane olmağa, ölkəmizdən neft və qazın Ukraynaya tədarükünün qarşısını almağa cəhd göstərir. Heç şübhəsiz ki, bu, ciddi bir məsələdir və münasibətlərimizə də ciddi xələl gətirir. Təbii ki, Azərbaycan da bu prosesləri çox yaxından izləyir və xüsusi diqqətdə saxlayır”.

Deputat söyləyib ki, Rusiya tərəfi bu cür addımlara son qoymalıdır: “Çünki bir daha qeyd edirəm ki, belə hərəkətlər ikitərəfli müasibətlərə ciddi xələl gətirir. Azərbaycan bu istiqamətdə gərəkən addımları atır və cavab vermək hüququnu da özündə saxlayır. Biz çox istərdik ki, Rusiya tərəfi bu cür addımlara, təxribatlara son qoysun”.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri avqust ayı ərzində iki dəfə Odessa bölgəsindəki SOCAR-ın enerji obyeklərinə hücum həyata keçirib. Nəticədə obyektlərə ciddi ziyan dəyib. Ötən ay isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilib.

Pərvanə Sulanova

 





19.08.2025    çap et  çap et