525.Az

Paris terroru və islamafobiya


 

MİLLİ QHT FORUMUNUN PREZİDENTİ RAUF ZEYNİ: "ƏGƏR BƏŞƏRİYYƏT ÖZÜ QOYDUĞU QAYDALARA RİAYƏT ETMƏSƏ, MÜHARİBƏLƏRİ DAYANDIRMAQ MÜMKÜN OLMAYACAQ"

Paris terroru və islamafobiya<b style="color:red"></b>

Son vaxtlar Avropada müsəlmanlara qarşı aparılan kampaniyalar, etiraz aksiyaları dövlətlərin nəzarətindən çıxmaq üzrədir.

 Vəziyyət o həddə çatıb ki, içində böyütdüyü nifrəti boğa bilməyən xristianların müsəlmanlara qarşı təzyiq göstərmələri, məscidləri yandırmaları ciddi nəzərə çarpmayacaq qədər kiçildilmiş hadisələrə çevrilib. Lakin bu bizə xristian dünyasına qarşı törədilən terror aktlarını sıradan hadisə kimi qiymətləndirməyə əsas vermir.

Dinindən, iqrindən və siyasi baxışından asılı olmayaraq hər kəs terror və ekstremizmə qarşı mübarizə yolunu seçməlidir. Eyni zamanda, İslamın sülh dini olduğunu, teroru pislədiyini, dünyanı bu bəladan xilas etmək üçün əlindən gələn köməyi əsirgəmədiyini müsəlman dövlətləri dəfələrlə nümayiş etdirib. Terroru, ekstremizmi İslamla bağlayanlar daha çox süni şəkildə ortaya atdıqları bu amildən öz maraqları üçün istifadə edirlər.

Son olaraq Parisdə redaksiyaya olan basqın avropalıların İslama nifrətini və qəzəbini daha da artırıb. Lakin bu terror aktını törədənlərin tutduğu əməlləri onların dini və milli mənsubiyyəti ilə əlaqələndirmək düzgün deyil. Çünki baş verən hadisələrin müsəlman dünyasına qarşı təxribat formasında reallaşdırıldığını da istisna etmək olmaz. Hadisəni qisas kimi qiymətləndirmək daha çox müsəlman dünyasına qarşı qərəzli və ikili mövqe tutan islamafob dairələrin işinə yarayır. Qeyd etmək lazımdır ki, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi dövlət olmasına baxmayaraq ictimai-siyasi həyatda tolerant mühit formalaşdırmağa nail olub.

Bu xüsusiyyət əslində demokratik dəyərlərin təbliğ olunduğu ölkələrin əksəriyyətində cəmiyyət tərəfindən qəbul olunmur. Bu o deməkdir ki, Azərbaycan Şərqdə ilk demokratik respublika, hətta ABŞ-dan da qabaq qadınlara səsvermə hüququ verən dövlət olaraq müasir dövrdə də dinlərarası dialoq, mutikulturalizm mərkəzi kimi azad və nümunəvi mühit formalaşdıra bilib. Eyni zamanda, Azərbaycan terror və ekstremizmdən əziyyət çəkən, bu dəhşət saçan alovu yayanlarla mübarizə aparan dövlətlərdəndir.

Ermənistanın torpaqlarımıza hücumu nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal edilməsi prosesi nəticəsində terror aktları ilə üzləşən vətəndaşlarımızın aqibəti, törədilən Xocalı soyqırımı və saysız-hesabsız qurbanlar bunu deməyə kifayət edir. Ona görə də, terrorla mübarizə dini və milli xarakter daşımamalıdır. Bu qlobal fəlakətdir və hər kəs terrorçulara qarşı qətiyyətli mövqe seçməlidir.

Dünən Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına olan hücumla bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov silahlı basqın nəticəsində bu kütləvi informasiya vasitəsinin əməkdaşlarının qətlə yetirilməsini dərin hüzn və böyük üzüntü ilə qarşıladıqlarını bildirib. Bəyanatda qeyd olunub ki, belə bir hadisənin Avropanın mərkəzində, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin beşiyi sayılan Fransada baş verməsi xüsusilə sarsıdıcıdır: "Bu hadisə 21-ci əsrdə terrorun qorxunc mahiyyətini bir daha ortaya qoymaqla beynəlxalq aləmin, xüsusən də mütərəqqi media ictimaiyyətinin ona qarşı ciddi şəkildə səfərbər olmasını zərurətə çevirir. Əminəm ki, Qafqazda tolerantlıq modeli statusuna sahib Azərbaycanın media cameəsi mövcud zərurəti tam anlamıyla dərk edir, terroru, onu himayə edənləri qətiyyətlə pisləyir".

MŞ-nın sədri deyib ki, "Charlie Hebdo" satirik jurnalın redaksiyasında baş verən kütləvi qətlin hansı səbəbdən baş verməsi hələlik məlum olmasa da, istənilən halda dəhşətli hadisənin fikir plüralizminə qarşı atılan addım mahiyyəti daşıdığı daha çox ehtimal edilir: "Məhz buna görə də, onu törədənlər layiqli cəzalarını almalıdırlar. Bu, demokratik Avropa üçün son dərəcə vacib məqamdır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Avropada kimlərsə İslamla terror arasında bərabərlik işarəsi qoyanda və ya "İslam terrorçuları" ifadəsi işlədəndə bu bizim xoşumuza gəlmir. O təəssüflə bildirib ki, başqa yerlərdə törədilən hücumlar kimi Parisdə satirik jurnalın redaksiyasına olan basqında da 12 nəfəri öldürən cinayətkarlar "Allahu Əkbər" qışqırır. Onun sözlərinə görə, həmçinin İŞİD-çilər də baş kəsəndə eyni sözləri deyirlər: "Belə olan halda Qərbdə islamafobiya dalğası yayılmasın nə etsin? Təəssüf ki, din pərdəsi adı altında günahsız insanları qətlə yetirənlər İslamın əsl dəyərlərinə kölgə salırlar".

Fransadakı son terror aktından ən çox Milli Cəbhənin lideri Mari Le Pen yararlanacağını deyən E.Şahinoğlu qeyd edib ki, o partiyasının keçmiş lideri, atası Jan Le Pendən daha uğurlu siyasətçidir. Politoloqun sözlərinə görə, Mari atasından fərqli olaraq millətçi Milli Cəbhəni Fransa siyasətinin ön sıralarına çıxarıb, bələdiyyə seçkilərində və Avropa Parlamentində səslərinin sayını artırıb: "Fransa əhalisi artıq Milli Cəbhəyə faşist partiyası kimi baxmır, Mari Le Penə inanır. Fransada gələcək prezident seçkisində Le Penin şansları yüksək qiymətləndirilir, hətta onun ikinci tura keçə biləcəyi ehtimal edilir. Ata-bala Len Penlər həmişə Parisin miqrant siyasətinin əleyhinə olublar, "Fransa fransalılar üçün!" millətçi şüarını səsləndiriblər. İndi son qətliamdan sonra bu şüar Fransada daha çox populyarlıq qazanacaq. Le Pen son qətliamı əlində rəhbər tutaraq Fransa hökumətini daha çox tənqid edəcək, millətçiliyin dozasını artıracaq və beləcə reytinqini yüksəldəcək. Deməli son qətliam onu təsdiq edir ki, İslam adına terror törədənlər əslində bilərəkdən və ya bilməyərəkdən Avropada millətçi hərəkatların və liderlərin güclənməsinə xidmət edirlər. Nəticədə Avropada İslama dininə tolerant münasibət bəsləyənlərin mövqeləri zəifləyəcək".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, dünyada kültür, idman, din və dialoq, düşüncə mərkəzinə çevrilən Azərbaycan terrorla mübarizə üçün töhfələrini heç vaxt əsirgəməyib. Onun sözlərinə görə, biz terrorun, ekstremizmin tüğyan etdiyi dünyaya yalnız mədəniyyətimizlə, tolerantlığımızla, dövlətimizin istər iqtisadi, istərsə də siyasi baxımdan sabitliyini qoruyub saxlamaqla qalib gələcəyik: "Bütün dünyada baş verən müharibələr, qanlı faciələr onu deməyə əsas verir ki, nə qədər ki, dünyada ədalətli idarəetmə, benəlxalq hüquq normaları çərçivəsində insanlığın müdaifəsi təmin olunmayacaq bir o qədər dünyanı iğtişaşlar bürüyəcək. Vaxtilə Roma Papası İkinci İohan Pavel bəyan edib ki, üçüncü minillik dialoqlar minilliyidir. Təəssüf ki, müharibələr milliyinə çevrilib. Həyatın bu axarla davam etməsi  arzuolunmazdır. Əgər bəşəriyyət özü qoyduğu qaydalara riayət etməsə, müharibələri dayandırmaq mümkün olmayacaq".

R.Zeyni dini və irqi zəmində düşmənçiliyin, ədavətin böyüməsində maraqlı olan qüvvələri bu ayrıseçkilikdən əl çəkməyə çağırıb. O, Parisdə "Charlie Hebdo" satirik jurnalın redaksiyasına olan silahli hücumu pislədiyini bildirib. Eyni zamanda QHT Forumunun prezidenti müsəlmanlara qarşı aparılan kampaniyaların, islamafobiya dalğasının heç kimə xeyir gətirmədiyini, kənardan ortaya atılan alov nəticəsində təkcə müsəlman dünyasının deyil, eləcə də xristian və digər dini mənsubiyyət daşıyan insanların, xalq kütlələrinin zərər çəkdiyini deyib.

O, qeyd edib ki, hər kəs qanun qarşısında bərabərdir və eyni hüquqa malikdir: "Ona görə də, insanları müsəlman və xristian olaraq qruplara bölüb, fərqləndirmək düzgün deyil. Dünyada baş verən bu kimi proseslərə görə, hər bir dövlət, beynəlxalq təşkilat və qurumlar üzərinə düşən məsuliyyəti dərk etməli, dini və irqi zəmində hökm sürən ayrıseçkiliyin aradan qaldırılması üçün səylərini birləşdirməlidir".

Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik jurnalın redaksiyasına törədilən silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Terror aktını törədən 3 nəfərə axtarış elan olunub.

Ceyhun ABASOV

 





09.01.2015    çap et  çap et