525.Az

Zahid Oruc: "Azərbaycana qeyri-sabitlik ixracı mümkün olmayacaq"


 

Milli Məclisin (MM) deputatı Zahid Orucun "525"ə müsahibəsi

Zahid Oruc: "Azərbaycana qeyri-sabitlik ixracı mümkün olmayacaq"<b style="color:red"></b>

- Zahid müəllim, yenicə qədəm qoymuş 2015-ci il ölkəmizdə daha çox hansı hadisələrlə yadda qala bilər və qalacaq? Təbii ki, bu il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları və 5-ci çağırış parlament seçkiləri daha önəmli hadisələrin sırasında dayanır və dayanacaq. Bəs digər hansı hadisələr, xüsusilə, gözlənilməz hadisələr yaşana, önəmliliyi ilə seçilə  bilər?

- Ümumiyyətlə, dünya 2015-ci ildə mühüm geopolitik proseslərin inkişafının müəyyən bir mərhələsinə daxil olub. Çoxlu yarımçıq qalmış konfliktlər var və dünyanın sanki yenidən arxitekturalanması prosesi getməkdədir. Açıq şəkildə görünən budur ki, əvvəlki dövrdə qurulmuş anqlo-saks sistemi müəyyən mənada dəyişikliklərə uğrayır. Keçmişdə nə qədər çalışmışdılar ki, hər hansı bir dövlət təkbaşına qaydada Avroatlantik sistemə qarşı özünün  başqa bir fərqli hərbi- siyasi formatını qura bilməsin, amma açıq şəkildə duyulan odur ki,  Avropanın özündən - baxmayaraq ki, elə həmin qeyd etdiyimiz sistemdə onlar zamanında və indinin özündə də yaxşı iştirak ediblər - etiraz səsləri var. Rusiya açıq şəkildə Ukraynanın onun təsir dairəsindən çıxarılmasına qarşı mövqeyini ortalığa qoyub və bu savaş davam etməkdədir. Yaxın Şərqin demokratikləşməsi prosesi lazım olan istiqamətdə getmədi və faktiki olaraq İslam dünyasının xaos içərisində qalması Qərbin bütün maraqlarına heç də cavab vermir. Çünki onların həmin bölgəni öz mənafeləri istiqamətində yenidən təşkili uğurla sonuclanmadı.

Əfqanıstandan çıxarılan qoşunların fonunda taliblərin təzədən hakimiyyətə qayıdacağı və əfqan torpağında uzun illər ərzində yaşanmış problemlərin davam edəcəyi gözlənilir. Beləliklə, bu cür geopolitik qüvvələr nisbəti fonunda Azərbaycan fəal şəkildə öz maraqlarını, mənafelərini beynəlxalq aləmdə  qorumaqdadır.

Gözlənilməzlik nələrdən baş verə bilər? Şübhəsiz ki, post-sovet məkanındakı hadisələrin hansı istiqamətdə inkişafı çox önəmlidir. Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə nail ola biləcəkmi? Şərqi Ukraynadakı prosesləri dərinləşdirməklə bu hərbi qüvvələri Kiyevə qədər yerləşdirmək reallaşarsa, açıq şəkildə Qərb Ukraynanı əldən verməklə razılaşmalı olacaq. Çünki onsuz da qeyd etdiyimiz kimi, məlum İslam xilafəti, o cümlədən, Suriyadakı problemlər, Misirdə generalların hakimiyyəti ələ  almasına baxmayaraq,  hələ də orada sabitliyin əldə oluna bilməməsi, "Müsəlman qardaşları"nın cəmiyyətdə təkrar-əvvəlki "yerlərinə" qaytarılması ilə razılaşmamaları  və sair fonunda Avropa  çox ciddi problemlər içərisindədir. Bu dövrdə Fələstin muxtariyyətinin geniş şəkildə tanıdılması istiqamətində addımlar belə  Qərb ölkələrinin Ərəb dünyası ilə münasibətlərini tam da yaxşılaşdırmayacaq. Ona görə deməliyik ki, Azərbaycan üçün daxili ictimai-siyasi həyat öz dinamizmi ilə davam edəcək. Amma bu, xarici hadisələrə xeyli dərəcədə indekslənmiş şəkildə özünü göstərməlidir. Yəni, Rusiya Ukraynada,  sadə dildə desək, qələbə qazansa, bu avtomatik o anlama gətirəcək ki, iqtisadi izolyasiya müəyyən nəticələr versə də, dünya dövlətləri Rusiyanı siyasi cəhətdən tərksilah edə bilmədilər, onu tam təcridə məruz qoymağı bacarmadılar.

Odur ki, istər Şanxay birliyi, istərsə də digər formatlarda bu ölkə anti-Amerika alyansı adında bir qurumu formalaşdırmaq imkanı qazanacaq və bu, avtomatik olaraq Cənubi Qafqazdakı proseslərə təsir göstərə bilər. Mən tamamilə əminəm ki,  hazırkı şəraitdə Azərbaycanın daxil olduğu  bu coğrafi-siyasi qurşaqda gedən proseslər  qeyd etdiyimiz  hadisələrə  daha  çox dərəcədə bağlıdır...

- Bir çox dairələr hesab edirlər ki, Rusiyaya zərbənin ən böyüyünü Qafqazlardan vurmaq mümkündür...

-Bəli, belə fikirlər də mütəmadi ortalıqdadır, dövriyyədədir. Belə demək mümkünsə, onsuz da İran da, Pakistan da, hətta Əfqanıstan da, baxmayaraq ki, Amerika bazası orada qalır, Rusiyanın təsir dairəsinə düşəcəksə və onun gələcəkdə qurduğu birliklərdə iştirak edəcəklərsə, avtomatik olaraq Qafqaz təzədən müharibə ocağına çevrilməlidir.

Ona görə çox arzulayıram ki, qeyd etdiyimiz böyük tədbirlər fonunda - istər parlament seçkiləri, istərsə də Avropa Olimpiya Oyunlarının keçirildiyi bir şəraitdə ilk növbədə Azərbaycanda təhlükəsizlik qorunsun. Soçi olimpiadasından öncə məlum terror olayları hamımızı düşündürdü ki, görünür sabit Rusiya bir çoxlarına sərfəli deyi və bu qeyri-sabitlik mənbələrinin daha geniş ərazilərə ixracı mümkündür. Təsadüfi deyil ki, bu, elə bu cür də adlanır - xaos ixracı, müharibələrin ixracı. Bu üzdən Azərbaycan daha artıq dərəcədə təhlükəsizliyini qoruyub saxlamağa çalışacaq. Çünki ən böyük sərvət hazırkı dövrdə budur. Yəni, müxtəlif ölkələrin həyatında, hətta, əldə olunmuş iqtisadi inkişaf fonunda siyasi qeyri-sabitlik həmin xalqların gələcək həyatını təhdid edir. Bü gün isə belə bir qeyri-sabit dünyada Azərbaycan özünün mənafelərini qoruyub saxlayırsa, bu, təbii ki, Azərbaycan dövlət rəhbərinin yürütdüyü siyasətin hesabınadır.

Amma daxili təhdidlər müxtəlif qüvvələrin əli ilə hərəkətə gətirilə bilər. Baxın bir radio üzərindən Amerika-Azərbaycan münasibətlərinin korlanması üçün bütün maksimal cəhdlər göstərilir. Bu isə "üçüncü qüvvələr"in işinə yarıyacaq. Belə şəraitdən maksimum dərəcədə faydalanmaq istəyən regional dövlətlər də var. Ona görə hesab edirəm ki, biz 2015-ci ilə  böyük geopolitik proseslərlə birgə daxil olmuşuq, amma il dünya üçün ağır olacaq. Bunu söyləyərkən də necə deyərlər, siyasi peyğəmbərliyə ehtiyac yoxdur, yəni, bu, gözlə görüləcək səviyyədədir.

-Qeyd etdiniz ki, geopolitik hadisələr, proseslər fonunda ən vacib məsələ Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi məsələsidir. O da var ki, Azərbaycanda milli həmrəylik əldə olunsa da, siyasi həmrəylik hələ də əldə olunmayıb. Bu baxımdan, ölkədə siyasi həmrəyliyin əldə olunması və bununla da ölkənin təhlükəsizliyini təhdid edə biləcək məqamların aradan qaldırılması üçün nələr edilməlidir? Yoxsa, proseslərin başqa, arzuolunmayan məcrada inkişafı daha çox gözləniləndir?

- Əlbəttə, Azərbaycanın ümumi daxili vəziyyətini təhlil edəndə hansı məqamlar ümumi maraqlarımızı təhlükə qarşısında qoyur, onları təyin etmək o qədər də çətin deyil. Heç şübhəsiz ki, birinci məsələ Qarabağdan gələn təhlükələrdir. Ermənilər də artıq bunu zəminliklə il başlayan kimi formalaşdırıblar, deməli, cəhbədə vəziyyət kifayət qədər gərgin keçəcək. Bu isə avtomatik olaraq  ölkənin ictimai-siyasi vəziyyətinə təsir göstərir, Qarabağda demokratikləşmənin, quruculuğun, sabitliyin, həmçinin, beynəlxalq əlaqələrin müəyyən mənada qarşısını alır. Eyni zamanda, daim militaristləşdirmə ruhunu qüvvədə saxlayır, böyük neft pullarının silaha getməsinə şərait yaradır. Başqa yandan bu, şübhəsiz ki, ölkədə müxtəlif istiqamətdə islahatlara da, bu və ya digər formada mənfi təsirini göstərir, Azərbaycanın beynəlxalq əlaqələrində mühüm amil olaraq qalır. Halbuki açıq söyləmək lazımdır, Qarabağ problem olmasaydı, yəni, torpaq bütünlüyü problemimiz olmasaydı, Qarabağ məsələsini xarici siyasətdə  ön yerdə  qoymağımıza  da ehtiyacımız qalmazdı. Başqa məsələ, dörd qüvvənin bu və ya digər formada Azərbaycanda  qeyri- sabitliyə doğru təhrik edilməsidir.

Onlardan biri şübhəsiz ki, islami və dini qüvvələrdir. Bu, müxtəlif ölkələrdə özünü göstərən terror qruplarının bir uzantısı şəklində də ola bilər, hansısa başqa xarakterli ekstremist təmayüllər formasında da üzə çıxa bilər, o cümlədən, regional dövlətlərin öz dini modelini Azərbaycana yeritməsi formasında da gerçəkləşə bilər.

Hakimiyyət bunu həssaslıqla izləyir və hesab edirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinə siyasi bir yetkilinin təyin olunmağında da əsas niyyət ondan ibarətdir ki, bu sferada pozuculuq təməllərinin qarşısı alınsın və qeyd edək ki,  iqtidar bu prosesə də maksimum dərəcədə qanunlar çərçivəsində nəzarət etməyə çalışır. Başqa bir qüvvə heç şübhəsiz ki, siyasi radikallığı az qala silah verilsə, hərbi müxalifət səviyyəsinə geçirəcək qüvvələrdir. Onlar bu illər ərzində belə demək mümkündürsə,  lümpen proletariata çevrilib. Həqiqətən də vətəndə onların xarici maliyyə mənbələri kəsilib, daxili QHT sektoru vasitəsilə maliyyələşmə imkanları da xeyli azalıb və tükənmək üzrədir. Həmçinin, daxildən onlara investisiya yatıranlar da yoxdur. Belə olan təqdirdə, müxalifəti iki perspektiv gözləyir...

-Söhbət hansı perspektivdən gedir?

-Birincisi, Müsavat və onun çevrəsində olan qüvvələrin hakimiyyətlə dialoqa, normal əməkdaşlığa gedəcəyi təqdirdə Cəbhə (AXCP) təmayüllü qüvvələrin tamamilə ayrılması və az qala "Müsəlman qardaşları" modelində, belə deyək, siyasi islam formatında fəaliyyətə yuvarlanmaqlarıdır. O cümlədən,  ikinci cinah-  Müsavat da əgər təzədən parçalanarsa, bu, İsa Qəmbərin yenidən  müəyyən şərtlər əsasında gələcək işbirlikləri mənafeyi naminə Əli Kərimli ilə birliyə qayıtması demək olardı. Belə olan təqdirdə, şübhəsiz ki, 2015-ci ildə yenə də müxtəlif xarakterli ittihamların,  bir-birini tanımamağının və sərtliyin şahidi olacağıq.

Söylədiyiniz kimi, həqiqətən də milli həmrəylik hökm sürdüyü halda siyasi toqquşmalar, razılaşmamaq, inkarçılıq özünü hansısa formada nümayiş etdirəcək. Amma düşünürəm ki, hakimiyyət bütün bu prosesləri təhlil edərək 2014-cü ildə daha ciddi addımlar atdı ki, ona gələn təhlükələri önləsin.

Mətbuata açıqlamamda da qeyd etdiyim kimi, bu, "5-ci kolon"un fəaliyyətinin neytrallaşması idi ki, bu vasitə ilə xarici təsir minimuma endirilsin və ölkənin siyasi həyatına mənfi təsir göstərən maliyyələrin qarşısı alınsın və sair. Yəni, iqtidar  hakimiyyəti tanıyan, onunla danışıqların səmərəsini görən və yaxud gözləyən qüvvələri sərt düşmənçilik siyasəti yürüdənlərdən ayırmaq istədi. Zənn edirəm ki, gələcəkdə Müsavat da bu prosesə qoşulacaq. Yeri gəlmişkən, həmin partiyanın Azərbaycanda islami inqilab, bu ölkəni tamamilə yadelli işğalçılara vermək istəmədiyinə və bu kimi amillərə görə Cəbhə təmayüllü qüvvələrdən tam ayırmaq lazımdır. Bu baxımdan, mən bütövlükdə Müsavat Partiyasının dağılmasının və siyasi sistemindən çıxmasının tamamilə əleyhinəyəm. Bu, dediyimiz kimi, başqa xarakterli, yəni, az qala  "Taliban" təfəkkürlü qüvvələrin tam qələbə qazanmasına şərait yarada bilər. Beləliklə, bu fonda  Azərbaycandaxili qüvvələrin tam konsalidasiyası üçün iqtidar müəyyən addımlar atsa da, onun böyük bir hissəsindən parlament seçkilərinə qədər və ondan sonrakı dövrdə siyasi razılaşma  mühitini bərqərar etmək mümkün olacaq. Amma yerdə qalan başqa təhdidlər də var.

Bu da əhalinin müəyyən siniflərdən narazı hissəsinin hansı qüvvələrin əlində vasitə ola biləcəyidir. Etiraf etmək lazımdır ki, aparılan torpaq özəlləşdirilməsi, mülkiyyət və əmlakın hüquqiləşdirilməsi və onun sahiblərinin tanıdılması, o cümlədən, iş yerləri və sair məsələlər üzərində mənafeyi həll edən sona qədər uzlaşmayan,  problemləri tam çözülməyən insanlar var. Bunların sayını-əhali seqmentində dayandıqları yeri müəyyənləşdirmək o qədər də çətin deyil. Zamanında Azərbaycanın silahlı qüvvələrində bu narazılıq daha ciddi şəkildə özünü göstərməkdəydi. Hakimiyyət bunu 2013-cü ildə Prezident seçkilərindən sonra müəyyən mənada aradan qaldırdı, yəni, bütövlükdə ordu sistemi, iqtidarın ən yaxın mütəffiq qurumu kimi çıxış etməkdə davam edir. Media strukturları, xarici dairələr, o cümlədən, düşmən qüvvələr də Azərbaycan ordusundan  narazı qüvvələri öz tərəflərinə çəkərək onları dövlət əleyhinə yönəldə bilmirlər.

Ona görə də zənn edirəm ki, 2015-ci ilin ümumi həyatında əsas məsələ əhali ilə daha fəal işləri öndə saxlamaqdır. Həmçinin, məlum hökumət fəaliyyətindən qaynaqlanan problemləri minimuma endirməkdir, eləcə də1, siyasi qüvvələrlə fəal danışıqlara və müxtəlif məsələlər ərtafında konsensus tapmağa çalışmaqdır. Belə olacağı təqdirdə hesab edirəm ki, Azərbaycanın hər hansı bir qeyri-sabitliyin ixracı mümkün olmayacaq.

Kamil HƏMZƏOĞLU                

 





09.01.2015    çap et  çap et