525.Az

"Azərbaycan qadını"nın xüsusi layihəsi: "Qadın. Zaman. Məkan" sərgisi


 

"Azərbaycan qadını"nın xüsusi layihəsi: "Qadın. Zaman. Məkan" sərgisi <b style="color:red"></b>

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda istedadlı rəssam Rəşad Nuriyevin "Qadın. Zaman. Məkan" adlı fərdi sərgisi açılıb. Sərgi Fatma xanım Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan "Azərbaycan qadını" jurnalının xüsusi layihəsi əsasında reallaşdırılır. AzərTAc-ın xəbərinə görə, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rəşad Nuriyevin özünəməxsus yaradıcılıq üslubundan söz açıb: "Rəşad Nuriyevin yaradıcılığı kifayət qədər əhatəli və rəngarəngdir. Onun tabloları daim göz oxşayır. Burada rənglərin ahəngdarlığı xüsusən diqqəti cəlb edir. Abşeron torpağına və eləcə də rəssamın özünün təbiətinə xas işıq və nur bu əsərlərdə kifayət qədərdir. Rəssamın yaradıcılığının baş qəhrəmanı qadındır. Bu qadınlar bir tərəfdən çox cazibədardırlar, digər tərəfdən isə qeyri-adi olub real həyatdan çox uzaqdırlar. Bu qadınların hər biri nələrisə anladan simvollardır. Bununla belə, həmin simvollar, eyni zamanda gerçək həyatın izlərini daşıyır".

Fərhad Xəlilov daim yaradıcılıq axtarışında olan rəssama gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Xalq rəssamları Tofiq Ağababayev və Səlhab Məmmədov istedadlı rəssamın yaradıcılığı barədə fikirlərini bölüşüblər: "Qədim etiqadlara uyğun olaraq rəssam hər bir qadının mayasının torpaqdan, havadan, sudan və oddan yoğrulduğuna inanır. Odur ki, çəkdiyi rəsmlərdəki qadınların da hər birini təbiət aləminin həmin dörd elementi ilə simvolik bağlılıqda əks etdirir. Onun tablolarına baxanda bir daha anlayırsan ki, qadının varlığını, mahiyyətindəki sirri təşkil edən bu dörd ünsürdən başqa həmişə gizli qalan hansısa beşinci element də var".

Azərbaycanın istedadlı gənclərinin əsərlərinin dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş olunduğunu diqqətə çatdıran çıxışçılar bu sahədə gənc rəssam Məryəm Ələkbərlinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Rəşad Nuriyev sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Təqdim olunan əsərlərdə rəssam qədim dövrlərdən bəri yaşamaqda olan qadın obrazlarına yeni həyat verib canlandıraraq, onları yenidən bizə qaytarır. Vaxtilə qadınların gündəlik həyatlarında mühüm yer tutmuş çətirlər, şlyapalar, fal kartları isə bu obrazları daha dolğun və cazibədar edir. Qadın özü də bir sirr dağarcığı olaraq burada dünyanın və şübhəsiz, ilk növbədə, taleyinin sirrini və mahiyyəti dərk etməyə can atmaqdadır. Bu qadın obrazları konkret bir məkanda təsvir edilsələr də, əslində onlar məkanın hüdudlarını aşıb zamanın fövqünə yüksəlməyə qadirdirlər.

Sərgi yanvarın 17-dək davam edəcək. 

 





09.01.2015    çap et  çap et