Ötən həftə sonu türk dünyası üçün daha bir mühüm və tarixi hadisə baş verdi. Türkmənbaşı şəhərində üç türk dövləti lideri – Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bir araya gəldilər. Üç liderin sammiti türkdilli dövlətlərin daha da yaxınlaşmasında, inteqrasiyasında, əməkdaşlıq imkanlarının genişlənməsində yeni bir mərhələ oldu. İlk dəfə keçirilən bu Zirvədə səsləndirilən bəyanatlar, imzalanan sənədlər yeni formatın əhəmiyyətini nümayiş etdirdi.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əsas prioritetlərdən birini təşkil edir. Nəzərə alsaq ki, Mərkəzi Asiya ölkələrinin əksəriyyəti türkdilli dövlətlərdir, deməli, bu region ilə əməkdaşlığın dərinləşməsi həm də türk dünyasının daha sıx inteqrasiyası, ən müxtəlif sahələrdə əlaqələrin artması deməkdir. Bu gün əminliklə söyləmək olar ki, türk dövlətləri heç vaxt olmadığı qədər yaxınlaşıblar və təbii ki, bu istiqamətdə səylər davam etdirilir. Azərbaycanın qeyd edilən məsələdə rolu, töhfələri əvəzsidir. Qarşılıqlı səfərlər, sammitlər türk dünyasının həmrəyliyini daha da gücləndirir.
Bundan əvvəl Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə oldu və azad olunmuş əraziləri - Füzuli və Şuşa şəhərlərini ziyarət etdi. Azərbaycan lideri ilə görüşdə Berdiməhəmmədov bildirdi ki, “ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”.
İki ölkənin əməkdaşlıq potensialı hazırda olduqca genişdir. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə ticarət dövriyyəsi 383,7 milyon ABŞ dollarına çatıb ki, bunun da 80,2 milyon dolları Azərbaycan məhsullarının Türkmənistana ixracının, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının Azərbaycana idxalının payına düşüb. Bu ilin yanvar-iyul aylarında ticarət əməliyyatlarının həcmi 154 milyon dollar təşkil edib. Müqayisə üçün bildirək ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar olub.
Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərbi birləşdirən əlaqəyə çevrilir. Bu prosesdə Xəzər dənizi xüsusi rol oynayır. Son illər Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artıb.
Özbəkistanla ticarət dövriyyəsində də davamlı artım qeydə alınır. İki ölkə maşınqayırma, tekstil sənayesi, kənd təsərrüfatı, energetika sahələrində fəal əməkdaşlıq edirlər. Həmçinin Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlərdir. Son illər iki ölkə arasında münasibətlər davamlı inkişaf edir.
Türk dövlətləri Qarabağın dirçəldilməsinə də öz töhfələrini verirlər. Səfər zamanı yaddaqalan məqamlardan biri də Türkmənistanın Füzulidə məscid inşası ilə bağlı qərarı oldu. Bundan əvvəl isə Özbəkistan Füzulidə məktəb tikib, Xankəndidə tikiş fabriki layihəsini həyata keçirib. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması isə tarixi bağlara malik iki xalqın mədəni, mənəvi yaxınlaşmasında bir addım olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli Zirvəni qiymətləndirərəkən deyib: “Biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq”.
Dövlət başçısı Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürünü bildirib: “Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik”.
Özbəkistanla əlaqələrə toxunan dövlət başçısı 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”yə diqqət çəkib: “Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik. Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik”.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Üç ölkənin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Görüş zamanı liderlər bütün bunları, o cümlədən, Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini geniş müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq: “Energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, liderlər görüş zamanı Birgə Bəyanat qəbul ediblər, eyni zamanda, bir sıra sənədlər imzalanıb. Bütün bunlar təbii ki, üç ölkə arasında, strateji münasibətləri daha da gücləndirəcək, həmçinin Türk dünyasının həmrəyliyini, əməkdaşlığını dərinləşdirəcək.
çap et