525.Az

Rusiya-Azərbaycan münasibətləri: Dağlıq Qarabağ münaqişəsi yeni müstəvidə


 

POLİTOLOQ MÜBARİZ ƏHMƏDOĞLU: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİ PROSESİ RUSİYA-AZƏRBAYCAN MÜSTƏVİSİNƏ KEÇİB”

Rusiya-Azərbaycan münasibətləri: <b style="color:red">Dağlıq Qarabağ münaqişəsi yeni müstəvidə </b>

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proseslərin dondurulmuş vəziyyətdə qalması birinci növbədə rəsmi Bakını narahat edən məsələdir.

Ermənistan status-kvonun qorunub saxlanılması, aparılan danışıqların Azərbaycanın xeyrinə heç bir nəticə verməməsi üçün əlindən gələni edir. Vaxtaşırı olaraq təmas xəttində atəşkəsin pozulması, erməni diversiya qruplarının təxribat cəhdləri, bəzi xarici dairələrin sərsəm bəyanatları, münaqişə yerinə Azərbaycanın icazəsi olmadan daxil olmaları, qondarma rejimlə danışıqlara getmələri və əksinə olaraq Azərbaycana qarşı təzyiqləri artırmaları vəziyyəti gərginləşdirməklə yanaşı rəsmi Bakının səbr kasasını daşırmaq üzrədir.

Keçən ilin axırları və bu ilin əvvələrində yaranan daha böyük insidentlər – “kiçik müharibələr” zamanı Silahlı Qüvvələrimiz düşmənə qarşı gücünü kifayət qədər göstərə bilib. Azərbaycan ordusu hər an müharibəyə hazır vəziyyətdədir. Bu isə dünya ictimaiyyətini narahat edən məsələlərdəndir. Xüsusilə dünyanın ermənipərəst və islamofob qüvvələri müharibənin acı nəticələrini bahənə gətirərək dünyada sülhün bərqərar olması üçün hərb yolunun qəti şəkildə əleyhinə olduğunu bildirir. Son olaraq, ATƏT-in Minsk qrupunun amerkalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağa çağırıb. Həmsədr həmçinin deyib ki, sülh sazişinin əldə olunması istiqamətində danışıqların aparılması və qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədlərində insidentlərin baş vermə ehtimalını azaldacaq tədbirlərin görülməsi gərginliyin azalmasına səbəb olacaq: “Biz tərəfləri bu cür təklifləri ciddi şəkildə nəzərə almağa çağırırıq”. 

Lakin Ermənistanın danışıqlara sadiq qalmaması, hər vəchlə kompramisin əldə olunmasına mane olması, bunun müqabilində dünyanın aparıcı dövlətlərinin İrəvana qarşı təzyiq alətlərindən istifadə etmək əvəzinə onların nazı ilə oynaması vəziyyəti çıxılmaz həddə gətirib çıxarıb. Halbuki BMT Təhlükəsizlik Şurasının imzaladığı 4 qətnamə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir. 

Politoloq Qabil Hüseynli hesab edir ki, bu il Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar yenidən canlana bilər. O bildirib ki, danışıqlar prosesində irəliləyişlər əldə etmək isə çətin olacaq: “Çünki Ermənistan sülh danışıqları istiqamətində Rusiyanın dəstəyindən istifadə edərək qeyri-konstruktivlik nümayiş etdirir və faktiki olaraq danışıqlar prosesini pozur və bir-birinin ardınca müzakirələrin mahiyyətinə uyğun olmayan təkliflər irəli sürür. Buna nümunə olaraq Ermənistanın danışıqlar prosesinə qondarma “Dağlıq Qarabağ Respublikası”nı qatmaq məsələni ortaya atmasına gətirmək olar. Həmçinin aparılan müzakirələrdə separatçı rejimin də iştirakının vacibliyini vurğulayır. Ən xoşagəlməz cəhət isə odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu təklifini dəstəkləyirlər. Guya məsələdə maraqlı tərəf kimi qondarma “Dağlıq Qarabağ Respublikasının” da müzakirələrdə iştirakı məsələnin həllinə təkan verə bilər. Azərbaycan tərəfi isə Böyük Sülh Sazişinin imzalanmasını istəyir. Ona görə ki, bu sazişin şərtləri müxtəlif razılaşdırılmalarla sonradan doldurula bilər. Yəni, sülh sazişi mərhələli sürətdə həyata keçirilə bilər. Bu müqavilə imzalanandan sonra proses dönülməz xətt üzrə inkişaf edəcək”. 

Fransa prezidenti Ollandın da Azərbaycanın bu təklifini müdafiə etdiyini və tərəfləri Böyük Sülh Sazişini imzalamağa çağırdığını xatırladan politoloq Ermənistan bu sənədi imzalamaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, rəsmi İrəvanın yeganə bəyanatı bu olub ki, Böyük Sülh Sazişinin imzalanması Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirilməsindən başlanmalıdır: “Yəni, Sarkisyan rejimi istənilən müqavilədə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini və separatçıların müzakirələrdə iştirakı məsələlərini ortaya atmaqla danışıqların mahiyyətini pozurlar. Nəticədə də heç bir irəliləyiş əldə olunmur. İndidən isə ictimai rəydə müharibəni ehtimalını formalaşdırırlar. Səbəbkar kimi isə Azərbaycanı günahlandırmağa çalışırlar”. 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə 2015-ci ilin perspektivində proseslərə təsir edəcək çox vacib məqamların olduğunu bildirib. O bildirib ki, əslində Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılması Ermənistanı bir dövlət kimi məhvə gətirib çıxarır: “Bu gün Ermənistan psixoloji baryeri aşa, xəstə təxəyyüldən azad ola bilmir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına mane olan amillər hal-hazırda Ermənistanın əleyhinə işləyir. Ermənistanın sərhədlərini artıq Rusiya qoruyacaq. Qərar qəbul olunub və bu proses il ərzində tam başa çatacaq”. 

Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasından danışan politoloqun fikirlərinə görə, bu o deməkdir ki, rəsmi İrəvanın bundan sonra müstəqil siyasəti də olmayacaq: “Bu dövlətin xarici siyasət xəttini Rusiya idarə edəcək. Yəni, faktiki Ermənistan bir dövlət olaraq sıradan çıxır. Bunlar hamısı Dağlıq Qarabağ münaqişəsinin vaxtında tənzimlənməməsi ilə bağlıdır. Belə başa düşürəm ki, 2015-ci ildə sadaladığım bütün bu proseslər tamamilə başa çatacaq. Ermənistan hətta bu dəqiqə Dağlıq Qarabağı Azərbaycana qaytarmaq istəsə yenə bunu bacara bilməyəcək. Çünki bu ölkə artıq nə söz sahibi, nə də müstəqil dövlətdir. Çox vacib məsələdir ki, artıq bu il bizim üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək istiqamətində konkret ünvan müəyyənləşib. Biz bundan sonra Rusiyaya üzümüzü tutacağıq ki, Dağlıq Qarabağı geri qaytarsın. Rusiya artıq bu məsələdən yayına bilməyəcək. Çünki Moskvanın Ermənistan üzərində söz sahibi olması öz təsdiqini tapıb. Yəni, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi Rusiya-Azərbaycan müstəvisinə keçib. Ermənistanın isə münaqişənin tənzimlənməsində tərəf kimi iştirakı məsələsi qüvvədən düşəcək. Hazırkı Rusiya-Azərbaycan münasibətlərində mən optimist yanaşıram. Çünki son illərin prosesləri bu iki ölkəni müttəfiq edib. Hətta bəzi məsələlər istiqamətində Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Ona görə də, hesab edirəm ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Rusiyanın aktivliyi artacaq. Bu bizim xeyrimizədir”. 

Ceyhun ABASOV

 





10.01.2015    çap et  çap et